Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsası qoyulmuşdur. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndərin yolu ilə inamla irəliləyir. Bunun nəticəsidir ki, sosial, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində uğurlar qazanılır. Ölkəmizin inkişafında öz sahələri üzrə fərqlənənlərin əməyinin qiymətləndirilməsi də bu tədbirlərin davamıdır.
İyunun 3-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Tərəqqi” medalı, “Rəşadətli əməyə görə” nişanı və Prezident mükafatları təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək demişdir: Təltiflər ölkəmizdə əlamətdar gündə – Milli Qurtuluş Günü ərəfəsində təqdim olunur. Əgər Milli Qurtuluş Günü olmasaydı, ölkəmizdə bugünkü sabitlik, inkişaf və tərəqqi də olmazdı. Ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edir, eyni zamanda çalışdıqları sahələrdə fərqlənənlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilir.
Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri “Tərəqqi” medalını, “Rəşadətli əməyə görə” nişanını və Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim etmişdir.
“Tərəqqi” medalı ilə təltif olunan Yazgül Rzayeva səhiyyə işçiləri adından minnətdarlıq edərək demişdir: “Mən 1976-cı ildən Naxçıvan şəhərində həkim kimi fəaliyyət göstərirəm. Fəaliyyətdə olduğum illərə nəzər saldıqda qarşılaşdığımız çətinlikləri xatırlayıram. Lakin bu gün həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, səhiyyə sahəsində nailiyyətlər qazanılıb, ucqar bölgələrdə belə tibb müəssisələri qurulub, peşəkar tibbi kadrlarla təminat yüksək səviyyədə həyata keçirilib”.
Prezident mükafatçısı Şirzad Abutalıbov minnətdarlıq edərək demişdir: “Qazandığım nailiyyətlər muxtar respublikada olan yaradıcı mühitin nəticəsidir. Ali Məclis Sədrinin hər dəfə mədəniyyət işçiləri ilə görüşməsi bizə stimul verir, yeni nailiyyətlərə ruhlandırır. Eyni zamanda Ali Məclisin Sədri sənət adamlarının qayğıları, o cümlədən səhhəti ilə bağlı məsələləri də diqqətdə saxlayır. Naxçıvan Dövlət Kukla Teatrı bu müddət ərzində çalışıb ki, muxtar respublikamızın inkişaf və tərəqqisinin təbliğatçısına çevrilsin”.
Prezident mükafatçısı Zülfiyyə Zeynalova demişdir: “Mən 1997-ci ildən Naxçıvan teatrında çalışıram. Həmin vaxt fəaliyyət göstərməyim üçün şərait yaradıldı. Yaradılan şəraitin nəticəsidir ki, artıq 25 ildir ki, bu sahədə çalışıram. Bu gün Prezident mükafatına layiq görülürəm. Buna görə ölkə Prezidentinə və Ali Məclisin Sədrinə minnətdarlıq edirəm. Çalışacağam ki, bundan sonra da teatrda maraqlı obrazlarla tamaşaçıların qarşısına çıxım”.
Təltif olunan və Prezident mükafatına layiq görülənlərdən Mehriban İmanova, Abbas Babayev, Zaur Məmmədov, Elmar Həsənov, Elmin Məmmədov, İlahə Əliyeva, Siddiqə Hacıyeva, Sevinc Qasımova, Elvira Rzayeva, Aqib Seyidov da əməklərinə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq etmişlər. Təltif olunanlar bütün sahələrdə əldə edilən nailiyyətlərin uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin nəticəsi olduğunu vurğulamış, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacaqlarına söz vermişlər.