Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılıb. Bu dövrdə muxtar respublika da hərtərəfli inkişaf edib, ümumi daxili məhsul 16 dəfə, sənaye məhsulu 56 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 15 dəfə, əhali gəlirləri 10 dəfə artıb. Artıq başa çatmaqda olan 2021-ci il də muxtar respublikada quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir.
Dekabrın 23-də Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Vələver kənd məktəbi müasir tələblər səviyyəsindədir
Dekabrın 23-də Vələver kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan 198 şagird yerlik məktəbdə 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 4557 kitab vardır.
STEAM kabinəsi STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “3D printerdə hazırlanmış avtomobil park sistemi”, “Sosial məsafəni təyin edən robot gözətçisi” və “Xətt izləyən robot” layihələrini təqdim ediblər.
Müəllim Rəksanə Tarverdiyeva yaradılan şəraitə görə minnətdarlıq edib.
Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan xalçaları” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
Məktəbin kimya, biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təmin olunub. Əyani vəsaitlər şagirdlərin bu fənlər üzrə biliklərini praktik olaraq daha da artırmalarına şərait yaradacaqdır.
Məktəbdə hərbi hazırlıq fənninin yüksək səviyyədə tədris olunması gənclərin hərbi-vətənpərlik ruhunda böyüməsində, onların hərb sənətinə olan maraqlarının artırılmasında başlıca amillərdəndir. İstifadəyə verilən hərbi kabinə bu mənada mühüm əhəmiyyət daşıyır. Hərbi kabinəyə baxış zamanı bildirilib ki, son 3 ildə məktəbin 3 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Onlardan 1-i Azərbaycan Ali Hərbi Məktəbin I kursunda təhsilini davam etdirir. Məktəbin hərbi müəllimi Ziyad Əhmədov ötən il Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi zabit hazırlığı kursunda iştirak edib və leytenant rütbəsi alıb.
İdman zalının müasir şəkildə qurulması, həyətdə açıq idman qurğularının qoyulması şagirdlərin fiziki hazırlığının yüksəldilməsində mühüm rol oynayacaqdır. Məktəbdə Voleybol və Tennis İdman klubları yaradılıb.
Bütün lazımi əyani vasitələrlə təchiz olunan şahmat sinfi şagirdlərin bu idman növünə olan marağını daha da artıracaq, onların əqli inkişafına xidmət edəcəkdir.
Müəllim Xəyalə Həsənova minnətdarlıq edərək deyib: “Müasir tələblərə cavab verən məktəbdə fəaliyyət göstərməyimiz çoxdankı arzumuz idi. Artıq arzumuz reallığa çevrilib. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, şahmata idman növünə də diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, muxtar respublika şahmatçıları beynəlxalq yarışlarda iştirak edir, reytinqlərini yüksəldirlər. Bu gün məktəbdə şahmatın tədrisi üçün hər cür şərait yaradılıb. Çalışacağıq ki, yaradılan şəraitə cavab olaraq güclü şahmatçılar yetişdirək”.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bu il 8 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, hazırda 5 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Muxtar respublikada müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub. Müəllimlərin maddi rifah halının yüksəldilməsi də diqqətdə saxlanılır. Bu tədbirlərin davamı kimi 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılıb müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Aparılan təhsil quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Vələver kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.
Məktəbin gənc müəllimi Səma Heydərli minnətdarlıq edərək deyib: “Vələver kənd tam orta məktəbi ən müasir tədris vəsaitləri ilə təmin olunub. Burada şagird və müəllimlər üçün yaradılan şərait heç də şəhər məktəblərindən geri qalmır. Bütün bunlar isə Ali Məclis Sədrinin muxtar respublikada həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsi, muxtar respublika sakinlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müəllimlər də bu qayğını daim hiss edirlər. Öz fəaliyyəti ilə seçilən müəllimlər təltif edilir, əməkhaqları artırılır. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə 2022-ci ilin yanvarın 1-dən isə əlavə olaraq əməkhaqlarımız 20 faiz artırılıb. Bu isə müəllimləri ruhlandırır, daha yaxşı işləməyə sövq edir”. Səma Heydərli qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün təhsil sahəsində həyata keçirilən tədbirlər Azərbaycanı bu sahədə inkişaf etmiş ölkələr sırasına çıxarıb. Müdriklər deyirlər ki, əgər planınız 1 illikdirsə buğda əkin, on illikdirsə ağac əkin, 100 illikdirsə məktəb tikin. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin gələcəyini təmin etmək üçün isə gənclər hərtərəfli hazırlanmalıdır. Gənclərin gələcəyə hazırlanması isə təhsil ocaqlarından başlayır. Bu gün Vələver kənd tam orta məktəbində yaradılan şərait imkan verir ki, ölkəmizin gələcəyi olan gənclər lazımi səviyyədə yetişdirilsin və məktəbi bitirən hər bir gənc bir peşəyə yönləndirilsin. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəbdə dərslər şagirdlərə əzbərləmə yolu ilə deyil, qavrama üsulu ilə öyrədiləcəkdir.
“Məktəb həm dövlətin, həm də cəmiyyətin işidir”, – deyən Ali Məclisin Sədri bildirib ki, dövlət məktəbdə şərait yaradır, ancaq məktəbdəki nailiyyətlər, tədrisin səviyyəsi ailə və məktəbin üzərinə düşən vəzifədir. Ailələrlə sıx əlaqə qurulmalı, hər bir şagirdlə iş aparılmalı, onlar bacarığına və marağına uyğun ixtisaslara yönəldilməlidir. Son 5 ildə məktəbin nailiyyətləri muxtar respublikanın orta göstəricisinə yaxındır. Ancaq yaradılan bugünkü şərait təhsil ocağında kəmiyyətlə bərabər, keyfiyyət amilini də yüksəldəcək, nailiyyətlər artacaqdır. Nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə işgüzar və peşəsinə hörmət edən kollektiv formalaşıb.
Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkürünü bildirib, tədrisdə uğurlar arzulayıb.
Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.
Ali Məclisin Sədri qurulanların qorunması, nizam-intizama və tədrisdə keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.