Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçınla görüşmüşdür.
Ali Məclisin Sədri yeni vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik etmiş, Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. İkinci Qarabağ müharibəsinin qazanılmasında Türkiyənin tutduğu ədalətli mövqedən və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirmiş, əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulamışdır.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın səmimi qəbula görə minnətdarlıq etmiş, dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu bildirmişdir. Zəkəriyə Yalçın bu gün ölkə Prezidentləri tərəfindən qardaşlıq münasibətlərinin daha da inkişaf etdirildiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsində səylərini artıracağını qeyd etmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.