Ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarmış, yaşayış məntəqələri müasirliyə qovuşmuşdur. Bütün sahələrdə əldə olunan dinamik inkişaf kəndləri də əhatə etmiş, geniş quruculuq işləri aparılmış, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır… Bu da dinamik inkişafın təzahürüdür”.
Göynük kənd məktəbində hərtərəfli tədris şəraiti yaradılıb
Noyabrın 22-də Göynük kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan məktəbdə 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, 1 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 1014 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmışdır. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Hərəkətlə aktivləşdirilmiş LED pilləkən işıqları” və “Yağışdan qorunmaq üçün avtomatik avtobus dayanacağı” layihələrini təqdim etmişlər.
Müəllim Günay Babayeva demişdir: “Məktəbdə STEAM kabinəsinin yaradılması şagirdlərin yeni texnologiyaların, elmin texniki sahələrinin öyrənilməsinə geniş imkanlar açacaqdır. Şagirdlərimizin hərtərəfli yetişməsinə və inkişafına göstərilən qayğıya, tədrisdə yeni təlim üsullarının tətbiqi üçün yaradılan şəraitə görə minnətdarlığımızı bildiririk”.
Məktəbdə internetə çıxışı olan 12 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Dövlət Bayrağı Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Azərbaycan Respublikasının dövlət rəmzləri” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.
Məktəbin kimya-biologiya və fizika laboratoriyalarının müasir avadanlıqlarla təchizi və elmi yeniliklərə uyğun quruluması şagirdlərin dərsləri daha yaxşı mənimsəmələrinə şərait yaradacaq. Dünya standartlarına cavab verən əyani vasitələrlə təminat şagirdlərin bu sahədə biliklərini daha da möhkəmləndirəcəkdir.
Göynük kənd tam orta məktəbinin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də lazımi şərait yaradılmış, hərbi kabinə çağırışaqədərki hərbi hazırlıq dərslərinə uyğun məlumat stendləri ilə təchiz edilmişdir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən Fəaliyyət Proqramına uyğun olaraq muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Cari ilin ötən dövründə 6 məktəb yenidən qurularaq istifadəyə verilmişdir. Təhsil müəssisələrinin elektron lövhə və müasir kompüterlərlə təchizatı da diqqətdə saxlanılır. Təkcə bu ilin ötən dövründə ümumtəhsil məktəblərinə 30 elektron lövhə, 184 kompüter verilmişdir. Hazırda ümumtəhsil məktəblərində 5700-dən çox kompüter, 650-dən çox elektron lövhə quraşdırılmışdır ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə, innovativ təlim metdolarının tətbiqinə öz töhfəsini verməkdədir. Göynük kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılmış, müasir tədris şəraiti yaradılmışdır. 2020-2021-ci tədris ili üzrə muxtar respublikada 33 məktəb ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 100 faizlik nəticə göstərmişdir ki, onlardan da biri Göynük kənd tam orta məktəbidir. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.
Məktəbin gənc müəllimi Zivər Hacıyeva minnətdarlıq edərək demişdir: “Ali Məclis Sədrinin qayğısı ilə Göynük kəndi də müasir kəndlər sırasına qoşulur. Kənddə aparılan quruculuq ünvanlarından biri də Göynük kənd tam orta məktəbidir. Məktəbimizdə müasir laboratoriya və fənn kabinələri yaradılmış, təhsil ocağımız elektron lövhə və kompüterlərlə təchiz edilmişdir. Artıq şagirdlərimiz ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Muxtar respublikada gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların işlə təminatı üçün də gözəl şərait yaradılmışdır. Mən də yaradılan şəraitdən bəhrələnmişəm. Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə göstərərək Naxçıvan şəhərində yaşamağıma baxmayaraq, Göynük kənd tam orta məktəbində tarix müəllimi kimi çalışıram. Mənimlə bərabər, 3 gənc kadr da müsabiqədə yüksək nəticə əldə edərək Göynük kənd tam orta məktəbində fəaliyyətə başlamışdır. Məktəbimizdə yaradılan müasir təhsil şəraiti müəllimlərin qarşısına böyük məsuliyyət qoyur. Bundan sonra da tədrisin yüksək səviyyədə təşkilində əzm və səylə çalışacağıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kənd tam orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün müasir tədrisin tələblərinə cavab verən məktəb binası kollektivin istifadəsinə verilir. Məktəb hər bir ölkənin gələcəyinə xidmət edir. Məktəbdə yaxşı tədris şəraiti varsa, gənclər təhsilli və vətənpərvər böyüyürsə, o ölkənin gələcəyi də etibarlı olur. Ona görə də ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə təhsilə böyük diqqət və qayğı göstərmişdir. Əgər Sovetlər Birliyi dönəmində ümummilli liderimizin qayğısı ilə gənclər seçilib keçmiş ittifaqın ən yaxşı ali məktəblərinə təhsil almağa göndərilirdisə, müstəqillik dövründə isə gənclərimiz xarici ölkələrin aparıcı ali məktəblərində təhsil alırlar. Çünki bu gün də ölkəmizdə ulu öndərin siyasəti uğurla davam etdirilir.
“Ümummilli liderimizin təşəbbüsü ilə Sovetlər Birliyi dövründə təhsil alan gənclər müstəqillik illərində ölkəmizin əsas kadr potensialını təşkil edirdisə, bu gün ölkəmizdə və xaricdə təhsil almış gənclər dövlət quruculuğunda fəal iştirak edirlər”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, dövlətimiz məktəb işinə diqqət və qayğı göstərir, müəllim əməyinə yüksək qiymət verir. Hər il gənclərimiz Prezident təqaüdünə layiq görülür, müəllimlər təltif olunurlar. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılır. Bu gün ucqar dağ kəndi olmasına baxmayaraq, Göynük kəndində müəllimlər yüksək əməkhaqqı alır. Eyni zamanda Göynük məktəbindəki şərait mərkəzdəki məktəblərdən fərqlənmir. Ona görə də gənclər mərkəzdə yaşamalarına baxmayaraq, kənd məktəblərini seçir, burada fəaliyyət göstərirlər. Məktəb bütün fənlər üzrə müəllimlərlə təmin olunmuşdur. Bu da imkan verir ki, nailiyyətlər artsın. Təhsil ocağının son 5 ildəki nailiyyətləri muxtar respublikanın orta göstəricisindən yüksəkdir.
Ali Məclisin Sədri nailiyyətlərə görə kollektivə təşəkkür etmiş və tədrisdə uğurlar arzulamışdır.
Binanın həyətində bufet və qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, gül kolları və ağaclar əkilmişdir.