Yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Yeni texnikalardan istifadə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, ekoloji-sanitar mədəniyyətin formalaşmasına da böyük təsir göstərir.
Noyabrın 19-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 16 traktor və qoşqusu, eləcə də 2 “NAZ Lifan – 330” markalı avtomobil təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov demişdir ki, muxtar respublikada kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır. Müasir üslubda tikilən kənd mərkəzlərində bələdiyyələr üçün müasir iş şəraiti yaradılır, fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurmaları üçün lazımi infrastruktur formalaşdırılır. Ali Məclis Sədrinin tapşırığı ilə 2017-ci ildən başlayaraq bələdiyyələr digər fəaliyyət növləri ilə yanaşı, kommunal xidmətlərin də həyata keçirilməsinə başlamışlar. Bələdiyyələr öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, daim dezinfeksiya tədbirlərinin vaxtında keçirilməsi muxtar respublikada epidemioloji vəziyyətə də təsir göstərmişdir. Bu gün bələdiyyə üzvləri ilə yanaşı, muxtar respublika bələdiyyələrində 240-dan artıq əmək müqaviləsi ilə işçi işə cəlb olunmuşdur ki, onlardan 66-sı avtonəqliyyat vasitələrinin sürücüləridir. Kommunal təyinatlı texnikaların verilməsi bələdiyyələrin işinin yaxşılaşdırılması ilə bərabər, əhaliyə göstərilən xidmətin də keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Səbuhi Məmmədov muxtar respublika bələdiyyələri və sakinlər adından yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. O Qanunun müvafiq maddəsində göstərilir ki, bələdiyyələrin bir vəzifəsi də bələdiyyə ərazilərinin abadlaşdırılması, bələdiyyə ərazilərində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi, eyni zamanda ətraf mühitin çirklənməsinin qarşısının alınmasından ibarətdir. Bu vəzifələrin yerinə yetirilməsi üçün isə bələdiyyələrin şəraiti, imkanları olmalıdır. Bu gün muxtar respublikada 170 bələdiyyə fəaliyyət göstərir. Onlardan əhalisinin sayı 5 mindən yuxarı olan 5 şəhər, 3 qəsəbə və 7 kənd bələdiyyəsi vardır. Onlar artıq lazımi nəqliyyat vasitələri ilə təmin olunublar. Bu gün alınan 16 texnika da yerləşdiyi ərazi və əhalisinin sayı nəzərə alınaraq bələdiyyələrə verilir. Artıq bu gün muxtar respublikada 60-dan yuxarı bələdiyyənin bu cür imkanları var. Eyni zamanda hər bələdiyyənin qonşu bələdiyyəyə xidmət göstərmək imkanı da vardır.
“Bələdiyyələrin iş şəraiti yaxşılaşdırılır, yeni tikilən kənd mərkəzlərində bələdiyyələr üçün iş otaqları ayrılır”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, müasir iş şəraiti imkan verir ki, bələdiyyələr əhali ilə rahat işləyə bilsin. Bu texnikalar ərazinin abadlaşdırılması, təmizliyi ilə bərabər, yeni iş yerləri deməkdir. Artıq burada 16 mütəxəssis işə cəlb olunacaq, həmçinin müqavilə yolu ilə onlarla şəxs işə götürüləcəkdir. Bir sözlə, bu gün bələdiyyələrin fəaliyyətinin təmin olunması üçün lazımi işlər görülür. Bələdiyyələr də fəaliyyətlərini qanunauyğun olaraq həyata keçirməlidirlər. Bələdiyyələr, sadəcə, yaradılmış formal təşkilat deyil, onlar seçilmiş təşkilatlardır. Ona görə də əhali ilə qarşılıqlı əlaqə qurulmalı, rayon icra hakimiyyətləri bələdiyyələrlə işə üstünlük verməli, işin səmərəliliyi artırılmalıdır. Bələdiyyələr bu gün dövlətin xalq tərəfindən seçilmiş orqanı kimi fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanununa uyğun qurmalıdır.
Ali Məclisin Sədri bələdiyyə sədrlərini yeni texnikaların təqdim olunması münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
Ordubad bələdiyyəsinin sədri Eldar Zeynalov demişdir: “Bələdiyyələrin maddi-texniki bazası gücləndirilmişdir. Ali Məclis Sədrinin bələdiyyələrlə görüşündə verdiyi tapşırıqları rəhbər tutaraq çalışırıq ki, fəaliyyətimizi günün tələbləri səviyyəsində quraq”.
Sonra texnikalara baxış olmuşdur. Məlumat verilmişdir ki, yeni kommunal təyinatlı 16 traktor və qoşqusu Şərur rayonunun Gümüşlü, Kürçülü, Oğlanqala və Dərvişlər, Babək rayonunun Vayxır, Yuxarı Uzunoba və Didivar, Ordubad rayonunun Aşağı Əndəmic və Üstüpü, Culfa rayonunun Əlincə və Kırna, Şahbuz rayonunun Kükü və Külüs, Kəngərli rayonunun Çalxanqala və Böyükdüz, Sədərək rayonunun Qaraağac bələdiyyələrinin istifadəsinə verilir. Yeni texnikalar qeyd olunan yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına şərait yaradacaqdır. Həmçinin Şərur və Ordubad bələdiyyələrinə 2 “NAZ Lifan – 330” markalı minik avtomobili verilmişdir.
Şərur bələdiyyəsinin sədri Orxan Ağayev rayon bələdiyyələri adından göstərilən qayğıya görə minnətdarlıq edərək demişdir: “Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da abadlıq və quruculuq işləri davam etdirilmişdir. Rayonunun mərkəzi küçələrindən ucqar dağ kəndlərinə qədər aparılan abadlıq-quruculuq işləri Şərur şəhərini daha da gözəlləşdirmiş və müasirliyə qovuşdurmuşdur. Söz veririk ki, qurulanları göz bəbəyimiz kimi qoruyub saxlayacaq, verilən xidməti avtomobil və texnikalardan səmərəli istifadə edəcəyik. Bundan sonra da verilmiş tapşırıqların vaxtında icrası üçün səylə çalışacaq, fəaliyyətimizi günün tələblərinə uyğun quracağıq”.
Ali Məclisin Sədri texnikalardan səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.