Ümummilli liderimiz Heydər Əliyev deyib: “Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Biz artıq dünyaya qovuşmuşuqsa, dünya birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər”.
Ulu Öndərin ideyaları ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilir, təhsil müəssisələrində xarici dillərin tədrisi və öyrənilməsi diqqətdə saxlanılır.
Fevralın 15-də Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin yeni tədris korpusu istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan tədris korpusunun zirzəmisində 2 linqafon kabinəsi, 6 auditoriya, bufet, qarderob və qazanxana yerləşir. Birinci mərtəbədə 5 auditoriya, tərcümə mərkəzi, tədris-metodiki mərkəz, ingilis dili və metodika, roman-german dilləri kafedraları, alman dili mərkəzi, multimediya otağı, fransız dili mərkəzi vardır. İkinci mərtəbədə 6 auditoriya, 50 yerlik auditorium, kompüter sinfi, xarici ölkə ədəbiyyatı kabinəsi, ingilis dili mərkəzi, ingilis dili və tərcümə kafedrası, dekanlıq, dekan və dekan müavini otaqları, üçüncü mərtəbədə isə 7 auditoriya, sinxron tərcümə, rus, ərəb, fars dilləri mərkəzləri, rus və Şərq dilləri kafedrası, həmçinin 80 yerlik iclas zalı istifadəyə verilib. Fakültədə İngilis dili və metodika, Roman-german dilləri, İngilis dili və tərcümə, Rus və Şərq dilləri kafedraları, xarici ölkə ədəbiyyatı və 2 linqafon kabinəsi, eləcə də “Tədris – metodiki mərkəz”, “Sinxron tərcümə mərkəzi”, “Fransız dili”, “İngilis dili”, “Alman dili”, “Rus dili”, “Ərəb dili”, “Fars dili” mərkəzləri və “Tərcümə mərkəzi” fəaliyyət göstərir.
Xarici dillər fakültəsində İngilis dili müəllimliyi, Fransız dili müəllimliyi, Alman dili müəllimliyi, Rus dili müəllimliyi, Tərcümə (İngilis-Azərbaycan dilləri), Tərcümə (Ərəb-Azərbaycan dilləri), Tərcümə (Fars-Azərbaycan dilləri) olmaqla, 7 ixtisas üzrə 433 tələbə təhsil alır ki, onlardan 6-sı Türkiyə və Banqladeş vətəndaşıdır.
Tədris korpusunda 12 elektron lövhə, 7 proyektor, 112 kompüter quraşdırılıb və sürətli internetə çıxış təmin edilib.
Ali Məclisin sədri “Universitet” televiziyasının ingilis dilində yayımlanan ilk xəbər buraxılışını izləyib.
Alman-german dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti Əsgərova minnətdarlıq edərək deyib: “Muxtar respublikanın məktəblərində, eləcə də Naxçıvan Dövlət Universitetində alman dilinin tədrisi üçün lazımi şərait yaradılıb. Kafedramızın müəllimləri dəfələrlə xarici ölkələrdə treninqlər, seminarlar, ixtisasartırma kursları keçiblər. Onlarla tələbəmiz Almaniya və Fransanın universitetlərində magistr təhsili alaraq ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Yaradılan müasir şərait, texnologiyanın ən son nailiyyətlərinin tədrisdə tətbiqi, internetin əlçatan olması məsuliyyətimizi daha da artırır”.
İngilis dili və metodika kafedrasının baş müəllimi Aidə Cəlilzadə təhsilə və gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlıq edərək deyib: “Mən Naxçıvan Dövlət Universitetinin məzunuyam və qürur duyuram ki, bir vaxtlar tələbəsi olduğum universitetdə bu gün müəllim kimi fəaliyyət göstərirəm. Naxçıvan Dövlət Universiteti də hərtərəfli dövlət qayğısı sayəsində daim inkişafdadır. Bu gün ali təhsil ocağında bir-birinin ardınca istifadəyə verilən tədris binalarının sırasına Xarici dillər fakültəsi də əlavə olunur. Xarici dillərin tədrisi üçün ayrıca binanın müəllim və tələbələrin istifadəsinə verilməsi təhsilə göstərilən dövlət qayğısının təzahürüdür. Yaradılan şərait tədris bazasının gücləndirilməsi ilə yanaşı, yüksək bal toplayan abituriyentlərin gələcəkdə ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinə üstünlük vermələri ilə nəticələnib. Çalışacağıq ki, bundan sonra da tədris müasir tələblər səviyyəsində qurulsun”.
Baxış zamanı bildirilib ki, sinxron tərcümə mərkəzində 6 xarici dil üçün tərcümə xidməti həyata keçiriləcək. 30 istifadəçi üçün nəzərdə tutulan mərkəz imkan verəcək ki, tələbələr dərs zamanı öyrəndikləri nəzəri bilikləri burada praktik şəkildə tətbiq etsinlər.
Sonra Ali Məclisin sədri universitetin professor-müəllim heyəti ilə görüşüb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək deyib ki, bu gün Naxçıvan Dövlət Universiteti ölkəmizin ali məktəbləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə seçilir. Universitetdə inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik olan bütün struktur bölmələr yaradılıb, “Universitet şəhərciyi” salınıb. Hazırda universitetin əyani və qiyabi şöbələrində bakalavr üzrə 5648, magistratura üzrə 360, doktorantura üzrə 138 və rezidentura üzrə 52 tələbə təhsil alır. Yaradılmış imkanların nəticəsidir ki, universitetə əcnəbi tələbə qəbulu ilbəil artmaqdadır. Hazırda Türkiyə, İran, Banqladeş, Nigeriya, Pakistan, Özbəkistan, Rusiya, İraq, Cənubi Koreyadan olan 1029 əcnəbi tələbə universitetdə təhsil alır. Ali təhsil ocağında 444 müəllim çalışır. Müəllimlərin 3-ü AMEA-nın müxbir üzvü, 19-u elmlər doktoru, 161-i isə fəlsəfə doktorudur. 2020-ci il universitetin həyatında yenidənqurma, quruculuq və abadlıq ili kimi qaldı. Belə ki, universitetin Xarici dillər fakültəsi yenidən qurulub, Magistratura Mərkəzinin, Memarlıq və mühəndislik, Təbiətşünaslıq və kənd təsərrüfatı, Konservatoriya, Beynəlxalq münasibətlər və hüquq, Təbiətşünaslıq və Kənd Təsərrüfatı, Pedaqoji fakültələrinin binalarında, Tələbə evində, Sosial Xidmət Mərkəzində, İdman kompleksində, Universitet xəstəxanasında təmir işləri davam etdirilib, maddi texniki təchizat daha da zənginləşdirilib. Universitetdə Beynəlxalq Münasibətlər və Hüquq, Xarici dillər fakültələri yaradılıb, iqtisadiyyat ixtisası üzrə ingilis dilində tədrisə başlanılıb. Ötən il universitet müəllimlərinin 66 elmi əsəri yüksək impakt faktorlu və beynəlxalq nüfuzlu bazalarda nəşr edilib. Bununla yanaşı, universitetin müxtəlif ixtisaslarının bazasında yeni mərkəz, laboratoriya və kabinələr qurulub, “Smart” tələbə kartları layihəsinin ilk mərhələsi uğurla reallaşdırılıb. Ötən il Naxçıvan Dövlət Universitetinin həyatında ən önəmli yenilik isə Texnologiyalar Parkının yaradılması olub. Elbrus İsayev yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib və bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz verib.
Universitetin ingilis dili müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Zübeydə Zeynalova çıxış edərək deyib: “Gənc nəslə qayğının ifadəsidir ki, muxtar respublikada ən müasir maddi-texniki bazaya və zəngin kitabxanalara malik olan, informasiya texnologiyaları və elektron tədris vəsaitləri ilə təchiz edilmiş ali təhsil müəssisələrində yüksək biliklərə yiyələnirik. Təhsil sahəsində aparılan islahatlar diyarımızda gənclərin daha mükəmməl təhsil almalarına hesablanıb. Bu uğurları görən bir Azərbaycan gənci kimi mən də ali təhsil alıb gələcəkdə dövlətimə, xalqıma layiqli xidmət etməyi qarşıma məqsəd qoydum. Orta məktəbi uğurla başa vurub qəbul imtahanlarında 687 bal toplayaraq Naxçıvan Dövlət Universitetinə qəbul olundum və Prezident təqaüdünə layiq görüldüm. Prezident təqaüdünə layiq görülməyim isə məsuliyyətimi daha da artırıb. Ali təhsil almaq üçün ingilis dili müəllimliyi ixtisasını seçməyimə səbəb burada mükəmməl təhsil alaraq müəyyən təcrübə topladıqdan sonra muxtar respublikanın inkişafına öz töhfəmi verməkdir. Xarici dillər fakültəsinin maddi-texniki bazası və təhsil infrastrukturu tələblərə uyğun olaraq zənginləşdirilib”. Zübeydə Zeynalova göstərilən diqqət və qayğıya görə universitet tələbələri adından Ali Məclisin sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin yeni korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan Dövlət Universiteti böyük inkişaf yolu keçmişdir. 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamış, 1972-ci ildə ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə Naxçıvanda Pedaqoji İnstitut yaradılmışdır. 1990-cı ildə institut Naxçıvan Dövlət Universitetinə çevrilmiş, pedaqoji profilli dövlət universiteti kimi fəaliyyətini davam etdirmişdir. Naxçıvan Dövlət Universitetinin əsas inkişafı müstəqillik illərinə təsadüf edir. Həmin illər ərzində universitet səmərəli fəaliyyət göstərmiş, Azərbaycan təhsilində xüsusi yeri olan nailiyyətlər əldə etmiş, pedaqoji profilli universitetdən klassik universitetə çevrilmişdir.
Ali Məclisin sədri deyib: Naxçıvan Dövlət Universiteti Azərbaycanda ilk klassik universitetdir ki, o da zamanın tələbinə görə yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvanın muxtar dövlət statusu təsdiq olunmuşdur. Ona görə də muxtar respublikanın dövlət orqanlarında, eləcə də digər sahələrdə kadrlara ehtiyac yaranmışdı. Həmin dövrdə kadr təminatını həyata keçirmək üçün Naxçıvan Dövlət Universitetinin ixtisasları yetərli deyildi. Yeni ixtisasların yaradılması zərurətə çevrilsə də müəllim çatışmazlığı vardı. Bu gün isə Naxçıvan Dövlət Universitetinin kadrlarının əksəriyyəti universitetin öz məzunlarıdır. Əgər o vaxt universitetdə 9-10 ixtisas fəaliyyət göstərirdisə, bu gün 63 ixtisas üzrə bakalavr, 76 ixtisas üzrə isə magistratura təhsili verilir. O dövrdə universitetdə oxuyan bütün tələbələrin sayı 1200-ə çatmırdısa, bu gün təkcə mindən artıq xarici tələbə təhsil alır. Bütün bunlar böyük zəhmət hesabına reallaşıb. Bu nailiyyətlərin qazanılmasında Naxçıvan Dövlət Universitetinin kollektivinin xüsusi payı vardır.
Ali Məclisin sədri qazanılan nailiyyətlərdə əməyi olanlara təşəkkür edərək deyib: Vaxtilə Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri içərisində axırdan 2-ci yerdə idisə, bu gün universitet ölkə universitetləri arasında ilk yerlərdədir. Universitetin məzunları həm dövlət quruculuğunda, həm də ölkəmizin müdafiəsində, təhlükəsizliyində, iqtisadiyyatının inkişafında, bir sözlə, bütün sahələrdə fəaliyyət göstərirlər. Klassik universitetin yaradılmasının əsas səbəblərindən biri də muxtar respublikanın tələbatını ödəməklə yanaşı, eyni zamanda, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Hazırda Naxçıvan Dövlət Universitetinin dünyanın 100-ə yaxın universiteti ilə əlaqəsi vardır. Bütün bunlar yalnız muxtar respublikanın deyil, bütövlükdə ölkəmizin inkişafına töhfə verir.
“Ali təhsilli gənclər ölkənin gələcək qurucularıdır. Onlar necə yetişdirilərsə, necə təhsil və tərbiyə alarsa, ölkənin gələcəyi də o cür olacaqdır”, – deyən Ali Məclisin sədri bildirib ki, ötən dövrdə universitetdə geniş quruculuq işləri aparılmış, hər fakültə üçün ayrıca tədris korpusları istifadəyə verilmişdir. Vaxtilə bir binada 3, yaxud 4 fakültə yerləşirdi. Lakin bu gün hər fakültənin öz binası vardır. Yeni laboratoriyalar və araşdırma mərkəzləri yaradılıb. Müasir infrastruktur və keyfiyyətli tədris isə yerli tələbələrlə yanaşı, xarici ölkələrdən olan tələbələrin də universitetə marağını artırmışdır. Bu gün Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri içərisində təhsil alan xarici tələbələrin sayına görə irəlidədir.
Ali Məclisin sədri deyib: Universitetdə tədris olunan 63 ixtisasdan 7-si bu gün istifadəyə verilən Xarici dillər fakültəsindədir. Bu ixtisasların yaradılması qarşıda duran məqsəd idi. Lakin müəllim çatışmazlığı var idi. O dövrdə başqa ölkələrdən müəllimlər dəvət olunaraq tədris quruldu. Bu gün artıq Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin müəllimləri yerli mütəxəssislərdir. Ümummilli liderimiz Heydər Əliyev XXI əsr, üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində deyirdi ki, “Yönümüz Şərqə olsa da, yolumuz Qərbə olmalıdır”. Bu o deməkdir ki, biz şərqli olsaq da, qərbə doğru da getməli, Avropa təhsilini mənimsəməliyik. Bunun üçün isə dil bilmək lazımdır. Bu fakültənin yaradılmasında əsas məqsəd gənclərə xarici dillərin öyrədilməsi və onları dünyanın aparıcı universitetlərində təhsil almağa hazırlamaq idi. Bu gün 300-dən çox naxçıvanlı gənc xarici ölkələrdə təhsil alır. Onlar yaxşı mütəxəssis kimi geri dönəcək, biliklərini ölkəmizin inkişafına sərf edəcəklər. Ötən dövrdə Xarici dillər fakültəsinin 1400-dən çox məzunu olmuşdur. Onlar bu gün respublikamızda və xarici ölkələrdə çalışır, ölkəmizin inkişafına töhfələrini verirlər. Fakültədə 12 elektron lövhə, 7 proyektor, internetə qoşulmuş 112 kompüter istifadəyə verilir. Bu da bəzi universitetlərdə tətbiq olunan yeni texnologiyalardan artıqdır.
Ali Məclisin sədri deyib: Naxçıvan Dövlət Universitetinin qısa zaman ərzində keçdiyi yola nəzər saldıq. Bu, zaman baxımından qısa olsa da, görülmüş işlər böyük bir dövrə sığar. Vaxtilə ölkənin çətin bir dövründə muxtar respublikada ilk işlərə Naxçıvan Dövlət Universitetində başlandı. Yeni korpus tikildi, fakültələr yaradıldı, lazımi avadanlıqlarla təmin olundu. Bu gün isə onun bəhrəsini görürük. Muxtar respublikanın kadr təminatında bu universitetin xüsusi rolu vardır. Universitet bundan sonra da fəaliyyətini uğurla davam etdirməlidir. Kollektivin qarşısında duran əsas vəzifə tədrisi düzgün təşkil etməkdən, gənclərə xarici dilləri yaxşı mənimsətməkdən və onları mütəxəssis kimi hazırlamaqdan ibarətdir. Müdriklər deyirlər ki, bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər sal. Bu gün ölkəmizdə gənclər hansı səviyyədə yetişdirilirsə, gələcək də o cür olacaqdır.
Həmin gün Ali Məclisin sədri universitetin rektorluq binasının layihələndirilməsi və “Universitet” televiziyasının muxtar respublika üzrə yayımının təmin olunması barədə tapşırıqlar verib.