Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.
Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak etmişlər.

Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi.

Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti