Naxçıvanda arıçılığın qədim ənənələri vardır. Bu gün də muxtar respublikada arıçılıq inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahəyə marağı artırmış, yeni arıçılıq təsərrüfatları yaranmış, festival ənənəsi formalaşmışdır.
Sentyabrın 26-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları-bal festivalı” keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.
Festival açıq elan edildikdən sonra Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov çıxış edərək deyib ki, Naxçıvanda arıçılıq son 20 ildə geniş surətdə inkişaf etdirilməyə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artıb. Hazırda muxtar respublikada arı ailələrinin sayı 99 mindən çoxdur. Arıçılığın inkişafı, ilk növbədə onun yem bazası ilə əlaqədardır. Muxtar respublikanın florası nektarlı bitkilərlə zəngindir. Belə ki, Azərbaycanda mövcud olan 400 növ balverən bitkinin əksəriyyəti qədim diyarımızda mövcuddur.
Qeyd olunub ki, “Arıçılıq məhsulları – bal festivalı”nda təkcə arıçılıq məhsullarının nümayişi və satışı deyil, eyni zamanda burada təcrübə mübadiləsi həyata keçirilərək damazlıq işinin təşkili, məhsuldarlığın artırılması və xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında arıçılar arasında fikir mübadiləsi aparılır.
Baxış zamanı məlumat verilib ki, festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 289 arıçı tərəfindən 14 tondan artıq süzmə, 2 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılmışdır. Naxçıvan balı öz dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Son illər Naxçıvanda arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi çoxalıb, bu sahəyə dair kitab və dərsliklər nəşr olunub. Balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları yüksək tibbi əhəmiyyətə malikdir.
Naxçıvan Dövlət Universitetinin müəllimləri polenli nektarlı bitkilərin herbariləri, yeni nəsil arı pətəkləri, ana arı südünü almaq üçün vasitə, şansız arı paketi, ana arı sürfəköçürmə aləti və arı südü çərçivəsi haqqında əraflı məlumat veriblər.
Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb.
Arbatan kənd sakini Tahir Ələkbərov deyib ki, arıçı sahibkarların pulsuz dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açmışdır. Festivallarda məhsullarımızı rahat satırıq. Eyni zamanda təsərrüfat adamlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu da məsuliyyətimizi artırır, daha həvəslə işləyirik.
Günnüt kəndindən olan arıçı, 2019-cu ildə keçirilən “Arıçılıq məhsulları-bal festivalı”nın qalibi olan Fikrət Məmmədov minnətdarlıq edərək deyib: “Bu gün arıçılar üçün hər cür şərait yaradılıb. Günnüt kəndinin arıçıları da bu şəraitdən səmərəli istifadə edərək kənd təsərrüfatı üçün əhəmiyyətli olan bu sahəni inkişaf etdirməyə çalışırlar. Göstərilən qayğı sayəsində Naxçıvan balının şöhrəti geri qaytarılıb. Həm zəngin bitki örtüyü, həm də təbii şəraiti Günnüt kəndində də arıçılıq üçün geniş imkanlar açır”.
Arıçılar Birliyinini sədri Etibar Məmmədov, Yuxarı Qışlaq kəndindən olan Əsəd Hacıyev, Çalxanqala kənd sakini Şəmsi Nəcəfov və Xıncab kənd sakini Habil Abbasov, Heydərabad qəsəbə sakini Zakir Zamanov, Əlincə kənd sakini Balabəy Allahverdiyev və Ərəfsə kənd sakini Aqil Qələndərov, Kotam kənd sakini Anar Həsənov və Vənənd kənd sakini Yaqut Babayeva minnətdarlıq edərək deyiblər ki, arıçılığa göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada arıçılıq özünün inkişaf dövrünü yaşayır. Festivalların keçirilməsi həm məhsul satışı, həm də arıçılar arasında təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətlidir. Yaradılan şərait nəticəsində təsərrüfatlarımızda olan arı ailələrinin sayını ikiqat artırmışıq. Bu da təlabatdan artıq bal istehsal etməyimizə və bazara keyfiyyətli məhsul çıxarmağımıza imkan vermişdir.
Festivalda baldan hazırlanan müxtəlif şirniyyatların, eləcə də dulusçuluq, ağacişləmə, tikmə nümunələrinin, ana arı yetişdirmə qutularının, termoplastik və kötük pətəklərin, ana arı təcridedici qurğuların, arıçıların hazırladıqları müxtəlif əl işlərinin də nümayişi və satışı həyata keçirilib.
Babək rayon Gərməçataq kənd sakini Mətləb Quliyev öz təsərrüfatının inkişafından danışaraq deyib ki, indi bazarlarda kənd adamlarının istehsal etdikləri yerli məhsullara üstünlük verilməsi, həm də festivalların keçirilməsi məhsulumuzun daha çox satılması ilə nəticələnir. Beş il bundan əvvəl gündəlik cəmi iki kiloqram bal satırdımsa, hazırda 20-30 kiloqram satıram. Bu da təsərrüfatımı genişləndirməyə imkan verir.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri və Rəqs qrupu festival iştirakçılarına musiqi nörmələri təqdim etdiriblər.
Ali Məclisin Sədri arıçılığın inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, Naxçıvan Dövlət Universitetində dərman bitkilərindən qarışıqların hazırlanması və bitki herbarilərinin çoxaldılması barədə tapşırıqlar verib.
Festival sentyabrın 27-də də davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.
***
Həmin gün Ali Məclisin Sədri “Naxçıvanqala” Tarix – Memarlıq Abidəsində aparılan bərpa işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.