Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirərək deyib: Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”.
Təhsili gələcəyin, inkişafın yolu kimi müəyyənləşdirən ölkə Prezidenti deyib: “Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət, qayğı göstərilir. Çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir”. Naxçıvan Muxtar Respublikasında da bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmış, yeni texnologiyaların tədrisdə tətbiqinə başlanmışdır. Son 20 ildə muxtar respublikada 45 min şagird yerlik 148 yeni məktəb binası, həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün yeni binalar istifadəyə verilmiş, 2 universitet şəhərciyi salınmışdır. Muxtar respublikanın təhsil müəssisələrində yeni texnologiyaların tətbiqinə başlanmış, internetə çıxışı olan 800-dən artıq elektron lövhə, 7200-ə yaxın kompüter quraşdırılmış, distant təhsil tətbiq olunmuş, zəngin fonda malik kitabxanalar, fənn kabinələri və laboratoriyalar istifadəyə verilmişdir. Eyni zamanda təhsil müəssisələrinin bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunması, məktəb-muzey əlaqələrinin gücləndirilməsi, nümunəvi dərslərin tədrisi gənclərin biliklərə hərtərəfli yiyələnməsinə geniş imkanlar açmışdır.
Ali Məclisin Sədri deyib: Gənclərin təhsili ilə yanaşı, sosial müdafiəsi və məşğulluqlarının təmin olunması da diqqət mərkəzindədir. Ali və orta ixtisas məktəblərində müvafiq ixtisasların aid təşkilatlara hamiliyə verilməsi, tədrisin təcrübə sahələrinə yaxınlaşdırılması kadr hazırlığında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə müşahidə olunur. Sevindirici haldır ki, təhsilə göstərilən qayğı, yaradılan şərait öz bəhrəsini verir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanılır. 2019-2020-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 275-i imtahanlarda 500-700 arası bal toplamışdır.
Ali Məclisin Sədri deyıb: Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır. Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız.
“Təhsilin məqsədi həm də yüksək mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”, – deyən Ali Məclisin Sədri bildirib ki, o gənc əsl vətənpərvərdir ki, özünü dövləti və xalqı üçün layiqli vətəndaş kimi hazırlaya bilir. Ona görə də milli dəyərlərimizi, tariximizi dərindən öyrənməli, dövlət müstəqilliyimizin qədrini bilməli, ölkəmiz və xalqımız üçün çalışmalısınız.
Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulayıb, çıxışını ümummilli lider Heydər Əliyevin “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə gəncliyə verdiyi tövsiyələrlə tamamlayıb: “Gərək gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin… Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Çünki Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, 2019-2020-ci tədris ilində 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə 30 innovativ dərnək yaradılıb. Hazırda 6 məktəb binasının, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması muxtar respublikada şagirdlərin daha bilikli formalaşmasına böyük töhfə verəcəkdir.
Qeyd olunub ki, məktəblərdə tədrisin müasirləşdirilməsi, innovativ tədris metodlarının tətbiqi diqqətdə saxlanılır. Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanan gənc kadrlardan 165-i müəllim, 101-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunub, 1500-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb edilib, 84 müəllim diaqnostik qiymətləndirmədən keçib. Ötən tədris ilindən ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”nin tədrisinə başlanılıb. Bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və idman sahəsində fərqlənən şagirdlərin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunub.
Rəhman Məmmədov deyib ki, 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2911 məzun bitirib, onlardan 2503-ü, yaxud 86 faizi ali məktəblərə, 260-ı, yaxud 9 faizi orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Naxçıvan Qızlar Liseyinə qəbul üçün 230, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə 352 şagird sənəd verib, imtahanın nəticələrinə əsasən liseylərin hər birinə 60 şagird qəbul olub. Bununla yanaşı, məzunlardan 61-i xüsusi təyinatlı ali məktəblərə, 98-i isə Naxçıvan Tibb Kollecinin “Hərbi feldşer” ixtisasına sənəd verib. Məzunların buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artıb. Muxtar respublika üzrə 275 abituriyent 500-dən yuxarı bal toplayıb ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Yüksək bal toplayan abituriyentlərin 68-i Naxçıvan şəhər, 45-i Şərur, 40-ı Babək, 28-i Ordubad, 22-si Culfa, 5-i Kəngərli, 25-i Şahbuz, 2-si Sədərək rayonunun, 40-ı isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır. Ali məktəblərə qəbulda muxtar respublikanın 110 məktəbinin məzunları 500-700 arası nəticə göstərib. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2019-2020-ci tədris ilində məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 34-ü fərqlənmə attestatına layiq görülüb.
Valideyn Aynur Əliyeva çıxış edərək deyib: “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün şəhər, qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Həyata keçirilən bu tədbirlər içərisində təhsil sahəsi xüsusi diqqət və qayğı əhatəsindədir. Aparılan təhsil quruculuğu sayəsində məktəblərin infrastrukturu yenilənib, tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılıb. Yaradılan şərait övladlarımızın daha yaxşı təhsil almasını, milli dəyərlərə hörmətlə yanaşan, vətənpərvər və sağlam gənclər kimi formalaşmasını təmin edir. Müəllimi olduğum Naxçıvan şəhər 7 nömrəli tam orta məktəb 2006-cı ildə yenidən qurulub, kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təchiz olunub, şagirdlərin dəqiq elmlərə dərindən yiyələnməsi üçün laboratoriya və fənn kabinələri yaradılıb, müasir tədrisin tələblərinə uyğun infrastruktur qurulub. Bütün bunlar məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə geniş imkanlar yaradıb. 2019-2020-ci tədris ilində məktəbi bitirən şagirdlərdən 1-i “Qızıl”, 1-i “Gümüş” nişana layiq görülüb, 1-i fərqlənmə attestatı alıb. Məzunlardan 26-ı ali təhsil müəssisələrinə qəbul olub. Onlardan da 4-ü 600-dən yuxarı olmaqla, ümumilikdə 9-u 500-700 arasında bal toplayıb, 2 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Bu gün mən ikiqat sevinc hissi keçirirəm. Çünki iki övladım muxtar respublikada yaradılan müasir təhsil şəraitindən səmərəli istifadə edərək imtahanlarda 600-dən yuxarı nəticə göstərib. Qızım Laləzər Əliyeva məktəbi “Gümüş” nişanla bitirərək qəbul imtahanlarında 632, oğlum Ruslan Əliyev isə 618 bal toplayıb. Valideyn üçün bundan böyük xoşbəxtlik, bundan böyük sevinc ola bilməz”. Aynur Əliyeva yaradılan təhsil şəraitinə görə müəllim və valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Qəbul imtahanlarında 692 bal toplayan İlham Hüseynquliyev muxtar respublikada təhsilə göstərilən qayğıya görə yüksək nəticə göstərən məzunlar adından minnətdarlıq edərək deyib: “Vətəninin, xalqının tərəqqisi üçün əzmkarlıqla fəaliyyət göstərən rəhbərlə görüş hər bir gəncin arzusudur. Bu gün biz gənclər sevinirik ki, ən böyük arzumuza çatmışıq və Ali Məclisin Sədri ilə görüşürük. Təhsilimi başa vurduğum Heydər Əliyev adına tam orta məktəb də qayğı ilə əhatə olunub, bütün zəruri tədris avadanlıqları, zəngin kitabxana fondu və müasir informasiya texnologiyaları ilə təchiz edilib. Göstərilən qayğının nəticəsidir ki, hər il məktəbimizin məzunları qəbul imtahanlarında uğurlu nəticələr əldə edir. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun “Qızıl” və “Gümüş” nişanlara layiq görülüb. Mən də “Qızıl” nişan alanlar sırasındayam. Digər yoldaşlarım kimi məsuliyyətimi başa düşüb, buraxılış və qəbul imtahanında, ümumilikdə, 692 bal toplayaraq ali təhsil müəssisəsinə qəbul olmaq hüququ qazanmışam. Bu gün muxtar respublikada təhsil alan hər bir şagird bilikli olmaqla yanaşı, Vətənini sevən, milli dəyərlərə sadiq Azərbaycan vətəndaşı kimi formalaşır. Elə buna görə də harada oxumağımızdan, harada yaşamağımızdan asılı olmayaraq Ümummilli Liderimizin irsinin və əməllərinin davamçıları olacağıq”.
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.
Qəbul imtahanlarında 603 bal toplayan Asiman Musayeva minnətdarlıq edərək deyib: “Hər il yüksək bal toplayan tələbələrlə Ali Məclis Sədrinin görüşü məni daha da ruhlandırırdı. Qarşıma məqsəd qoymuşdum ki, yüksək bal toplayıb belə görüşdə iştirak edim. Çox xoşbəxtəm ki, buna müvəffəq ola bildim. Çalışacağam ki, ali təhsilimi də uğurla başa vurub muxtar respublikamızın inkişafına öz töhfəmi verim”.
Ali Məclisin Sədri bir daha məzunlara uğurlar arzulayıb, xatirə şəkli çəkdirilib.