İyulun 21-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Cari məsələ

Sessiyada gündəlikdə duran birinci məsələ ilə bağlı çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev deyib ki, aqrar sahədə həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin edib, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəyə verilib. Ali Məclis Sədrinin 17 fevral 2020-ci il tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib, Babək Rayon Baytarlıq İdarəsi və laboratoriyaları üçün yeni bina tikilib, 23 süni mayalanma məntəqəsi lazımi avadanlıqlar, yedəkli motosikletlərlə təmin olunub. Yeni yaradılan Süni Mayalanma Mərkəzi baytarlıq məntəqələrini yüksək məhsuldarlığı olan törədici toxumla təmin edəcək. Muxtar respublikada cari ilin məhsulu üçün 36 min 879 hektar sahədə taxıl əkini aparılıb. Artıq 35 min hektardan artıq sahədə biçin aparılıb. Bu il tədarük məntəqələri məhsul istehsalçılarından buğdanın hər kiloqramını 38, arpanın hər kiloqramını 35, qarğıdalının isə hər kiloqramını 40 qəpikdən qəbul edir. Hesabat dövründə kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və kredit təşkilatları tərəfindən 5 milyon 598 min 400 manat kredit verilib, məhsul istehsalçıları 9 min 8 ton mineral gübrə ilə təmin olunub, 177 yeni kənd təsərrüfatı texnikası alınıb, torpaq mülkiyyətçiləri tərəfindən 2 min ton kartof toxumu və tələb olunan miqdarda gübrə, dərman preparatları gömrük rüsumları ödənilmədən idxal olunub. Arıçılığın inkişafı da davam etdirilib, Dövlət Proqramının uğurlu icrası nəticəsində arı ailələrinin sayı 98 min 400-ə çatdırılıb. Yaz iməciliklərində muxtar respublika ərazisində 282 hektar sahədə yaşıllaşdırma, meşəsalma, meşəbərpa, toxumla əkin, 71 hektar sahədə isə bərpa əkini aparılıb. Hazırda muxtar respublikada 5 min 157 hektar meyvə bağları mövcuddur ki, bunun da 4 min 600 hektarı bar verən bağlardır. Tingçilik kompleksi və İqlim otağında ötən dövrdə 19 min 450 ədəd müxtəlif növ ağac, gül, bəzək bitkiləri yetişdirilib. Torpaqların su təminatı da diqqətdə saxlanılıb, 1070 hektar sahədə qapalı suvarma şəbəkəsinin və 400 hektarı suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilib. 2020-ci ilin ötən dövründə muxtar respublikada diri çəkidə 12 min 669 ton ət, 50 min 225 ton süd, 859 tondan artıq yun, 55 milyon 296 min ədəd yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,5, süd istehsalı 1,6, yun istehsalı 1,3, yumurta istehsalı isə 2,3 faiz artıb. 2020-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 139 milyon 887 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Kənd təsərrüfatının dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərib, nəticədə bu ilin 6 ayında muxtar respublika üzrə 40 milyon 629 min 800 Amerika Birləşmiş Ştatları dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, muxtar respublikada bu ilin birinci yarısında iqtisadi fəaliyyətin müxtəlif sahələrində 12-si özəl investisiyalı olmaqla, 81 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yeni yaradılan sahələrdə 352 iş yeri açılıb. Hazırda müxtəlif xidmətlər üzrə 38 sahənin yaradılması davam etdirilir. Cari ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 62 layihənin maliyyələşdirilməsinə 7 milyon 42 min manatdan çox güzəştli kredit ayrılıb ki, bunun da 6 milyon 236 min manatı sənayenin, 806 min 500 manatı kənd təsərrüfatının payına düşüb. Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi daim diqqətdə saxlanılıb, xüsusi fəaliyyət növləri üzrə 748 lisenziya, dəyəri 652 min 200 manat olan layihəyə təsdiqedici sənəd verilib. Həmçinin ixracın təşviqi və sənaye məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində yerli ixracatçılara 11 ixrac əməliyyatı üzrə 21 min 150 manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib. Ötən dövrdə 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, tutumu 2700 ton olan 2 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Muxtar respublikada istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 11 ölkəyə ixrac olunub. Ənənəvi ixrac bazarları ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən şirkətlər tərəfindən Oman Sultanlığı, Belçika Krallığı kimi ölkələrə də məhsul ixrac edilib, ərzaq məhsulları nüfuzlu beynəlxalq qida sərgilərində nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək deyib ki, 2020-ci ilin birinci yarımilində muxtar respublikada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 61 milyon 966 min 400 manat həcmində inşaat işləri yerinə yetirilib ki, bunun da 57 milyon 559 min manatını və ya 92,9 faizini tikinti-quraşdırma işləri təşkil edib. Bu ilin ötən dövründə 2 məktəb binası, 1 musiqi məktəbi, 2 səhiyyə müəssisəsi, 2 kənd mərkəzi, 3 xidmət mərkəzi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Dəstəsi üçün kompleks, Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası, Badamlı zavodu, Culfa şəhərində Rabitə Evi istifadəyə verilib. Naxçıvan şəhərində 7 mərtəbəli 6 mənzilli yaşayış binasının tikintisi və 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb. Hazırda Naxçıvan şəhərində 44 mənzilli, Şərur şəhərində 40 mənzilli, Ordubad şəhərində 28 mənzilli, Culfa şəhərində 18 mənzilli, Şahbuz rayon “N” saylı hərbi hissədə 44 mənzilli və Şahbuz şəhərində 40 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir. Ötən dövrdə Naxçıvan şəhər Buzxanası, Ordubad rayon Dar kəndində Su dəyirmanı, Yusif Kuseyir oğlu türbəsi, Şahtaxtı hamamı bərpa olunub, Naxçıvan şəhərində “Sahil Parkı” istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində məscidin, Şərur rayonunda Mədəniyyət Sarayının, Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının, Babək şəhərində bazarın, Şahbuz rayonunun Ağbulaq kəndində Xizək Mərkəzinin, Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir. Muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülüb, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunun Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd-Darkənd avtomobil yollarının, Culfa şəhərində avtomobil yolunun yenidən qurulması başa çatdırılıb. Tikintisi həyata keçirilən obyektlərin maya dəyərinin aşağı salınması, yerli istehsal materiallarından istifadəyə üstünlük verilməsi, tikintidə təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri Vasif Talıbovun

M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!

2020-ci ilin birinci yarısında ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqət əsas inkişaf göstəriciləri üzrə müsbət dinamikanın qorunub saxlanılmasına səbəb olmuşdur. Sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmiş, qarşıya qoyulan vəzifələrin icrası diqqətdə saxlanılmışdır. Əhali rifahının yaxşılaşdırılması, xüsusilə insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülmüşdür.

2020-ci ilin ikinci yarısında da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır.

Maliyyə Nazirliyi etibarlı maliyyə nəzarəti sistemi formalaşdırmaqla büdcə xərclərinin icrasına nəzarəti gücləndirməlidir.

Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti tədiyyə növləri üzrə vergi və rüsumların vaxtında toplanaraq büdcəyə köçürülməsinə nəzarəti artırmalı, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməlidir.

Dövlət Vergi Xidməti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birgə muxtar respublikada nağdsız ödəniş dövriyyəsinin artırılması məqsədilə tədbirlər görməli, kreditlərin təyinatı üzrə istifadəsinə diqqət artırılmalıdır.

Muxtar respublikanın ixrac potensialının artırılması və ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2020-ci il “İxrac ili” elan edilmişdir. İqtisadiyyat Nazirliyi ixracyönümlü istehsalın aparılması məqsədilə sahibkarlara güzəştli maliyyə dəstəyinin göstərilməsini, yeni müəssisələrin yaradılması və ixracın təşviqi ilə bağlı tədbirləri davam etdirməli, pandemiya dövründə ixrac bazarlarında baş verən tendensiyalar təhlil edilməli, yeni ixrac bazarlarının əldə olunması istiqamətində iş aparılmalıdır.

İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə muxtar respublikada tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarını ixraca yönəltməli, Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti istehlak bazarının tələbinə uyğun rəqabətqabiliyyətli məhsul istehsalını təmin etməli, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməlidir.

Kənd təsərrüfatı muxtar respublikanın iqtisadiyyatında xüsusi rola malikdir. Bu ilin məhsulu üçün muxtar respublikada 63 min hektardan artıq sahədə əkin aparılmışdır. Hazırda kənd təsərrüfatı məhsullarının yığımı aparılır. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, şəhər və rayon icra hakimiyyətləri kənd təsərrüfatı məhsullarının yığımının vaxtında başa çatdırılması üçün tədbirlər görməli, yarmarkaların təşkili, soyuducu anbarlara məhsul qəbulu davam etdirilməli və ehtiyatlar yaradılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, şəhər və rayon icra hakimiyyətləri əkinəyararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti gücləndirməli, torpaqların elektron uçotu və xəritələşdirilməsi işi vaxtında başa çatdırılmalıdır.

Dövlət Sığorta Xidməti muxtar respublikada sığorta işini təkmilləşdirməli, maarifləndirmə işlərinə diqqəti artırmalı, könüllü sığortanın tətbiqini və səyyar xidmətin əhatə dairəsini genişləndirməli, aqrar sektorda sığorta işinə marağın artırılması üçün lazımi tədbirlər həyata keçirilməlidir.

Əkin sahələrinin su ilə təminatı ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas meyar sayılır. Son illər muxtar respublikada mütərəqqi suvarma sistemlərinin tikilib istifadəyə verilməsi, anbarlarda kifayət qədər su ehtiyatının yaradılması əkin sahələrinin su təminatını yaxşılaşdırmışdır. Dövlət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünün mütəşəkkil keçirilməsini təmin etməli, suvarma suyunun bölgüsünə və ondan səmərəli istifadə olunmasına, torpaqların şoranlaşmasına və eroziyasının qarşısının alınmasına nəzarəti gücləndirməli, qapalı suvarma şəbəkələrinin qurulması payız əkin mövsümünə qədər başa çatdırılmalıdır.

Dövlət Statistika Komitəsi dövlət proqramının icrasını nəzarətdə saxlamalı, statistik məlumatlar vaxtında hazırlanmalı, müqayisəli və təhlilli materiallar işlənərək mətbuatda ictimailəşdirilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yay mövsümündə yaşıllıqların və meşə fondlarının mühafizəsinə nəzarəti gücləndirməli, ekoloji tarazlığın qorunması ilə bağlı yoxlama-reydləri və maarifləndirici görüşləri davam etdirməli, muxtar respublikanın su mühitinin və onun tərkibinin müəyyənləşdirilməsinə diqqəti artırmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Naxçıvan Yaşıllaşdırma Xidməti ilə birlikdə payız yaşıllaşdırma mövsümünə hazırlıq görməli, muxtar respublikada ağac və bitki tələbatının yerli istehsal hesabına ödənilməsi üçün “İqlim otağı”nın və tingçilik təsərrüfatlarının imkanlarından geniş istifadə olunmalıdır.

Bu gün baytarlıq təbabətinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, muxtar respublikada epizootik vəziyyət sabitdir. Dövlət Baytarlıq Xidməti bundan sonra da epizootik vəziyyəti nəzarətdə saxlamalı, süni mayalanma işi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət artırılmalıdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tələbata uyğun müxtəlif təyinatlı müasir texnika və texnoloji avadanlıqların, suvarma sistemlərinin və arıçılıq ləvazimatlarının, eləcə də gübrələrin alınıb gətirilməsini təmin etməli, yeni alınmış texnikalar əsasən bu sahədə təcrübəsi olan şəxslərə verilməli və onlardan səmərəli istifadəyə nəzarət olunmalıdır.

Muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirlərinin miqyası ildən-ilə genişlənir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cari ilin ikinci yarısında da ayrılmış vəsaitdən səmərəli və düzgün istifadə etməli, tikinti işlərinin keyfiyyətlə aparılması təmin olunmalıdır.

Bu gün muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verilir. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranmışdır. Cari ilin ilk 6 ayında ümumi enerji tələbatının 70 faizdən çoxu bərpa olunan enerji mənbələrinin payına düşmüşdür. Dövlət Energetika Xidməti bundan sonra da əhalinin keyfiyyətli enerji ilə təminatını və mütəxəssis hazırlığını diqqətdə saxlamalı, Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilməlidir.

“Naxçıvanqaz” İstismar Xidməti təbii qazın keyfiyyətlə ötürülməsini və yeni mənzillərin qazlaşdırılmasını diqqətdə saxlamalı, istismar olunan avadanlıqlara mövsümə uyğun texniki qulluq göstərilməlidir.

Muxtar respublikada müasir yol infrastrukturunun, həmçinin nəqliyyat xidmətinin günün tələbləri səviyyəsində qurulması hər il diqqətdə saxlanılır. Magistral və kənd yolları yenidən qurulur, əhali keyfiyyətli sərnişindaşıma xidməti ilə təmin olunur. Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisi işlərinin keyfiyyətlə həyata keçirilməsinə diqqəti artırmalı, Dövlət Nəqliyyat Xidməti tərəfindən ictimai nəqliyyatda xidmətin səviyyəsi yüksəldilməli, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi yeni texnologiyaları tətbiq etməklə rabitə və internet xidmətlərinin keyfiyyətini yüksəltməli, maddi-texniki baza gücləndirilməli, ixtisaslı kadr hazırlığı davam etdirilməlidir.

Təhsil Nazirliyi növbəti tədris ilinə hazırlığı davam etdirməli, elektron və distant təhsil imkanları təkmilləşdirilməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi naxçıvanşünaslığın tədqiqi ilə bağlı elmi araşdırmaları davam etdirməli, elmi yeniliklərin və innovativ layihələrin istehsalatda tətbiqini həyata keçirməli, Ali Məclisin Sədri yanında Elmin İnkişafı Fondu ilə birgə “Elm festivalı”nın yüksək səviyyədə təşkilini təmin etməlidir. Bölmə Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirməli, tanınmış elmi qurumlarla əlaqələri genişləndirməlidir.

Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri xarici tələbə qəbulunu və qeydiyyatını mövcud vəziyyətə uyğun aparmalı, təhsildə elmi yeniliklər və innovasiyalar tətbiq edilməlidir.

Səhiyyə Nazirliyi tibbi xidmətlərin səviyyəsini yüksəltməli, pandemiya şəraitində əhalinin sağlamlığının qorunması sahəsində müəyyənləşdirilən tədbirlər ardıcıl şəkildə icra olunmalı, dezinfeksiya işləri aparılmalıdır. Səhiyyə müəssisələrinin tələbatına uyğun tibbi ləvazimatlar alınmalı, dərman ehtiyatı yaradılmalı, yoluxucu xəstəliklərə qarşı tədbirlər davam etdirməlidir.

Mədəniyyət Nazirliyi onlayn tamaşaları, muzeylərdən ekskursiyaları davam etdirməli, mədəni irsimizin və milli dəyərlərimizin təbliği gücləndirilməli, nazirlik tabeliyində olan müəssisələrin fəaliyyətini günün tələbləri səviyyəsində qurmalı, uşaq-musiqi məktəbləri növbəti tədris ilinə hazırlanmalıdır.

Gənclər və İdman Nazirliyi “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işləri davam etdirməli, gənclərlə işə diqqəti artırmalıdır. Nazirlik idman federasiyaları ilə əlaqələri gücləndirməli, açıq hava şəraitində müvafiq idman növləri üzrə muxtar respublika birincilikləri keçirilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını davam etdirməli, özünəməşğulluq tədbirlərini genişləndirməlidir. Nazirlik sosial qayğıya ehtiyacı olanlara və tənha ahıllara xidmət işini diqqətdə saxlamalı, sosial könüllülərin imkanlarından geniş istifadə olunmalıdır.

Muxtar respublikanın malik olduğu ekoloji mühit, zəngin mədəni irs, təbii müalicə mərkəzləri burada turizmin müxtəlif sahələrinin inkişafına əlverişli şərait yaradır. Turizm Departamenti “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələri yerinə yetirməli, daxili turizmin inkişafı istiqamətində işlər görülməli, turlar təşkil edilməli, Naxçıvanla bağlı internet saytında və sosial mediada geniş təbliğat işi aparılmalıdır.

Gənclər Fondu müxtəlif layihələr çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması və intellektual inkişafı sahəsində tədbirlər görməli, muxtar respublikada könüllülük fəaliyyətini geniş təşviq etməli, Naxçıvan könüllüləri barədə elektron informasiya sistemi və məlumat bankı yaratmalıdır.

Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən pensiya təyinatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalı, əmək fəaliyyətinə yeni başlayan işçilər fərdi uçot sistemində qeydiyyata alınmalı və sosial sığorta şəhadətnamələri ilə təmin olunmalı, elektron xidmətlərin əhatə dairəsi genişləndirilməlidir.

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına hesablanmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə müəssisələri ilə qarşılıqlı fəaliyyətini davam etdirməli, icbari sığorta ilə bağlı mərkəzləşmiş məlumat bazasını və vahid elektron idarəetmə sistemini təkmilləşdirməlidir.

Yaradıcılıq birlikləri fəaliyyətlərini müasir tələblər səviyyəsində qurmalı, muxtar respublikanın quruculuq və inkişaf salnaməsinə öz yaradıcı töhfələrini verməlidirlər.

Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən islahatlar bütün yaşayış məntəqələrini əhatə etmiş, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir infrastruktur yaradılmışdır. Şəhər və rayon icra hakimiyyətləri bu imkanlardan səmərəli istifadə etməli, vətəndaşlarla iş gücləndirilməli, müraciətlərə vaxtında baxılmalı və müvafiq köməklik göstərilməli, abadlıq-təmizlik işlərinə nəzarət olunmalıdır.

İqtisadi inkişafın davamlı xarakter alması, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə olmasını təmin etmişdir. Hüquq-mühafizə orqanları bundan sonra da ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalı, maarifləndirmə-profilaktika tədbirləri davam etdirilməlidir.

Ordu, birləşmə və hərbi hissələrdə döyüş hazırlığının artırılması, ehtiyatların qorunub saxlanması, şəxsi heyətin sağlamlığının qorunması diqqətdə saxlanılmalı, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının birgə və qarşılıqlı fəaliyyəti davam etdirilməlidir.

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyinin təmin edilməsi, xüsusilə taxıl sahələrinin biçindən sonra yandırılmaması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirməli, yaşayış məntəqələrində qrafik əsasında dezinfeksiya işləri aparılmalıdır.

Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasını və Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətini diqqətdə saxlamalı, aidiyyəti qurumlarla birgə bələdiyyələr tərəfindən torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyə əməl edilməsinə nəzarət etməlidir.

Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması istiqamətində tədbirlərini davam etdirməli, xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əlaqələri gücləndirməlidir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyini təmin etməli, kadr hazırlığı üzrə kursların təşkilini və test bankının yenilənməsini diqqətdə saxlamalıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışı qanunvericiliyə uyğun təşkil etməli, hərbi vəzifəlilərin qeydiyyat-uçot məsələlərinə diqqətlə yanaşmalıdır.

Muxtar respublikanın kütləvi informasiya vasitələrində informasiya-məlumatlandırma işinin keyfiyyəti artırılmalı, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz, adət-ənənələrimiz və Naxçıvanın müasir inkişafı geniş təbliğ olunmalıdır.

Hörmətli sessiya iştirakçıları!

Ulu Öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi imkan verəcəkdir ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası 2020-ci ili də bütün sahələrdə uğurlu nailiyyətlərlə başa vursun. Məqsədimiz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirməkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı Ulu Öndərin fikirləri ilə tamamlayıram: “Hamı üçün bir istiqamət olmalıdır: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, Azərbaycan Respublikasında siyasi sabitlik yaratmaq və Azərbaycan Respublikası vətəndaşlarının rahat yaşaması üçün şərait yaratmaq”.

Sağ olun!

Sessiyada cari məsələyə – Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılmasına da baxılıb. Ali Məclisin Sədri deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib. Bütün bunlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması ilə bağlı qərar layihəsi hazırlayıb.

Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulayıb.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası öz işini başa çatdırıb.