1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 75-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olan azərbaycanlıların xatirəsinə ehtiramını bildirib.
Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıblar. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçılardan və könülllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstəriblər.
402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınıb. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən həmyerlilərimiz göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazıblar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”, 29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunublar.
Azərbaycan xalqı faşizmlə mübarizəyə bütün imkanlarını səfərbər edib. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80, mühərrik yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.
“Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır”, – deyən ulu öndər Heydər Əliyev 1941-1945-ci illər veteranlarına daim qayğı göstərib, Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının imtiyazları və statusları bərpa olunub. Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və muxtar respublikada müharibə iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir.
Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını alıb. Ölkə Prezidentinin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının daha bir ifadəsidir. Həmçinin dövlət başçısının 2020-ci il mayın 1-də imzaladığı Sərəncamla 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak edən, faşist işğalçılarına qarşı gizli mübarizə aparan, arxa cəbhədə çalışan və həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət edən şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar.
Naxçıvan Muxtar Respublikasında da müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır. Hər il muxtar respublikada faşizm üzərində qələbə günü qeyd olunur. Müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir, onlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri və mənzillərlə təmin olunurlar.