Naxçıvan Muxtar Respublikasında etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bu tədbirlərin tərkib hissəsi kimi sərhəd və dağlıq bölgələrdə yerləşən hərbi hissələrdə müasir əsgəri-məişət komplekslərinin tikilməsi xidmətin hərtərəfli təşkilinə imkan verir.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydərəbad qəsəbəsindəki əsgəri yaşayış kompleksində aparılan yenidənqurma işləri ilə maraqlanıb.
Məlumat verilib ki, ötən ildən başlayaraq əsgəri yaşayış kompleksində yenidənqurma işləri aparılıb. Ümumi sahəsi 1890 kvadratmetr olan 3 mərtəbəli binada 10 xidməti otaq, 160 yerlik əsgər yataqxanası, 16 yerlik zabit yataqxanası, 176 yerlik yeməkxana, mətbəx, kafe, idman otağı, taktiki sinif, silah otağı, əşya, ərzaq və silah anbarları, hamam-çamaşırxana və qazanxana vardır. Binanın istilik sistemi yenilənib, döşəmə, qapı və pəncərələr dəyişdirilib, qazanxana, yeməkxana və mətbəx yenidən qurulub.
Şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Sədərək rayonunda olub, döyüş mövqelərinin möhkəmləndirilməsi və ərazinin minalardan təmizlənməsi ilə bağlı tapşırıqlar verib. Verilən tapşırıqların nəticəsi olaraq Sədərək rayonunda 75 hektara yaxın torpaq sahəsi minalardan təmizlənərək əkin dövriyyəsinə qatılıb.
Ali Məclisin Sədri bütün bunların Azərbaycan ordusunun şücaəti nəticəsində mümkün olduğunu bildirib, bu münasibətlə şəxsi heyətə təşəkkür edərək deyib: Torpaq o zaman müqəddəsləşir ki, o həm qorunur, həm də əkilir. “Kitabi-Dədə Qorqud” dastanında da yazılır ki, “Torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz”. Bu gün qürur hissi keçiririk ki, Sədərək rayonunda torpaqlar qorunur və əkilir. Bunlar ordumuzun və yerli strukturların birgə fəaliyyəti nəticəsində mümkün olub. Əsgəri-məişət kompleksində yaradılan şərait də xidməti fəaliyyətin lazımi səviyyədə həyata keçirilməsinə imkan verir. Ona görə də şəxsi heyət xidməti vəzifələrini uğurla yerinə yetirməli, nizamnamənin tələblərinə əməl olunmalıdır.
Ali Məclisin Sədri ərazinin bundan sonra da etibarlı müdafiə olunacağına və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib.
Əsgər Məmməd Vəliyev şəxsi heyət adından minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə əsgəri-yaşayış kompleksi əsaslı şəkildə yenidən qurularaq istifadəmizə verildi. Söz veririk ki, yaradılanları qoruyub saxlayacaq, qarşımıza qoyulan vəzifə və tapşırıqları layiqincə icra edəcəyik. Vətənimiz Azərbaycanın, qədim diyarımız Naxçıvanın müdafiəsini ayıq-sayıq şəkildə təmin edəcəyik.
Sonda şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirilib.
Gətirilən ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.
Ərazidə içməli su anbarı və kanalizasiya çökdürmə qurğusu quraşdırılıb. Binanın həyətində abadlıq işləri aparılıb, işıqlandırma sistemi qurulub, 2 hektara yaxın yaşıllıq salınıb.