Vənənd kəndində xidmət mərkəzi də istifadəyə verilib.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, mərkəzin fəaliyyəti ilə maraqlanıb. Bildirilib ki, xidmət mərkəzində gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşir. Mərkəzdə 9 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri Vənənd kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi muxtar respublikamızda da quruculuq işləri aparılır, kəndlər abadlaşır, yollar çəkilir, yeni məktəblər tikilir, su-kanalizasiya sistemləri qurulur. İnsanların rahat yaşaması, təsərrüfatların inkişafı, əhalinin məskunlaşması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Həyata keçirilən tədbirlər Vənənd kəndinin timsalında aydın görünür. Bu gün Azərbaycanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik, inkişaf və dövlət-xalq birliyi mövcuddur. Ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir ki, sabitlik və inkişaf Azərbaycanın həyat tərzinə çevrilib. Muxtar respublikada da inkişaf təmin olunmuşdur. Bu gün Vənənd kənd xidmət mərkəzində satılan məhsulların 90 faizi yerli istehsaldır. Muxtar respublikamızda 2019-cu ildə elan olunmuş “Ailə təsərrüfatları ili”nə Vənənd kəndi xüsusi töhfə vermiş, təsərrüfatlar inkişaf etmişdir.
Ali Məclisin Sədri bütün bunlara görə kənd sakinlərinə təşəkkürünü bildirərək deyib: Vənənd muxtar respublikamızın böyük kəndlərindəndir. Kənddə aparılan quruculuq işləri həcminə görə bir rayonda görülən işlərə bərabərdir. Artıq kənddə bütün sahələr üzrə müasir iş şəraiti yaradılıb. Yaxşı iş şəraiti olan yerdə isə yüksək əhval-ruhiyyə, dövlətə və sabaha inam olur. Bir sözlə, Vənənd müasir Azərbaycan kəndinin nümunəsidir. Ona görə də yaradılanlar qorunmalı və onlardan səmərəli istifadə olunmalıdır.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, sakinlərə yeni ildə rahat və firavan həyat arzulayıb.
Kənd ağsaqqalı Cəmil Məmmədov sakinlər adından minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Vənənd kəndində görülən işlər Ali Məclis Sədrinin qayğısı nəticəsində həyata keçirilib. Bu gün gözəl şəraiti olan məktəb binası, musiqi məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Kənd və xidmət mərkəzləri sakinlərin gündəlik qayğısına hesablanıb. Kənd yolları yenidən qurulub, asfalt örtük salınıb. Kəndin rabitə xətləri yenilənib. Tarix boyu Vənənd kəndində bu cür şərait olmayıb. Quruculuq işlərindən sonra Vənənd kəndi qəsəbə görkəmi alıb. Kəndin bugünkü siması, yaradılan şərait vaxtilə buradan köçüb gedənlərin qayıtmasına səbəb olub. Kənddəki ailə təsərrüfatları genişləndirilib, istehsal olunan məhsulların satışına şərait yaradılıb. Bütün bunlar dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının nəticəsidir.
Cəmil Məmmədov sakinlər adından Ali Məclisin Sədrini qarşıdan gələn 60 illik yubileyi münasibətilə təbrik edib.
***
Kənddə quruculuq işləri aparılarkən 800 metr fiber-optik, 530 metr yeraltı, 1920 metr hava rabitə xətti çəkilib, 55 yeni elektrik dayağı basdırılıb, 8100 metr elektrik xətti çəkilib, 4 transformator yarımstansiyası yenidən qurulub. Həmçinin 700 metr polietilen borularla qaz xətti çəkilib, 7210 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Vənənddə içməli su təminatı da yaxşılaşdırılıb, 2088 metr uzunluğunda plastik borularla içməli su xətti çəkilib, 180 çıxışı olan 15 supaylayıcı qoyulub.