Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.
Naxçıvan Muxtar Respublikasında ekologiyanın zənginləşdirilməsi diqqətdə saxlanılır. Aparılan tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilir, yeni meyvə bağları salınır.
Noyabrın 23-də muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.