Noyabrın 21-dəTürkeşdə yeni kənd mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, mədəniyyət evi, həmçinin Yeni Azərbaycan Partiyası Türkeş kənd ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılmış və lazımi invertarlarla təchiz edilmişdir. Kənd kitabxanasında 4075 kitab vardır.
Yeni Azərbaycan Partiyası Türkeş kənd ərazi ilk təşkilatının sədri Elminə Məmmədova demişdir: “Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümüdür. Fəxr edirik ki, ölkəmizdə, muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsidir. Türkeş kəndində aparılan geniş quruculuq işlərini də Yeni Azərbaycan Partiyası həyata keçirmişdir. Türkeş kənd ərazi ilk təşkilatının 38 üzvü vardır ki, onlardan 10-u gənc, 11-i isə qadındır. Biz gənclər söz veririk ki, partiyamızın ətrafında birləşərək göstərilən etimadı layiqincə doğruldacağıq”.
Türkeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vidadi Həmzəyev kənddə yaşayış üçün bütün tədbirlərin həyata keçirildiyini və məskunlaşmanın artdığını bildirmiş, aparılan kompleks quruculuq işlərinə görə minnətdarlıq etmişdir.
Rabitə evindəki yeni nəsil ATS Türkeş kəndində 41 abonentə xidmət edir. Yeni yaradılmış poçt bölməsində də lazımi şərait vardır.
Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılmışdır. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilmişdir.
Tibb bacısı Şövkət Əliyeva minnətdarlıq edərək demişdir: “30 ildən artıqdır ki, bu sahədə çalışıram. Lakin bugünkü şəraitimiz heç vaxt olmayıb. Müasir məntəqənin qurulması insanlara qayğının ifadəsidir”.
Ali Məclisin Sədri kənddə hamilə qadınlara patronaj xidmətinin göstərilməsi, uşaqlara peyvəndlərin vaxtında vurulması və səhiyyə maarifinə diqqətin artırılması barədə tapşırıqlar vermişdir.