Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərinin tələbə və şagirdlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edərək deyib: Təhsil hər bir ölkə üçün strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz!”. Elm və təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Dünya dövlətlərinin inkişafla bağlı müasir çağırışları, ilk növbədə təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə əlaqəlidir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan etmişdir.
Qeyd olunub ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı və bu sahədə həyata keçirilən islahatlar innovativ inkişafa və güclü iqtisadi potensiala əsaslanır. İqtisadiyyatın dinamik inkişaf səviyyəsi muxtar respublikada genişmiqyaslı layihələri reallaşdırmağa, o cümlədən təhsil infrastrukturunu yeniləşdirməyə tam imkan verir. Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillər təhsil prosesinin inkişaf etdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasıdır. Son illərdə muxtar respublikada tikilən və yenidən qurulan 200-dən çox təhsil müəssisəsi ən müasir standartlar səviyyəsində şagirdlərin, müəllimlərin istifadəsindədir. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda, yüksək intellektli kadr potensialının hazırlanmasına şərait yaradır. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olmuşdur.
Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: Bu il Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini 2917 məzun bitirmiş, məktəblərə 5272 şagird qəbul edilmişdir. Hər bir məktəbin təhsilin inkişafı və kadr hazırlığı işində öz töhfəsi və əməyi vardır. 5 nömrəli tam orta məktəb də bu inkişafın bir hissəsi olmaqla yüksək təhsil nəticələri ilə fərqlənir. Belə ki, 2018-2019-cu tədris ilində məktəbin 64 məzunundan 50-i ali təhsil müəssisələrinə qəbul olmuş, onlardan 12-i 500-700 intervalında bal toplamışdır.
“Muxtar respublikamızda müəllimlərin fəaliyyətinin stimullaşdırılması üçün onların əməyinin qiymətləndirilməsi, sosial həyat şəraitinin yaxşılaşdırılması təhsilin inkişafına kompleks yanaşmanın təzahürüdür”, – deyən Ali Məclisin Sədri bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edir. Gənclərə verilən dəstək davamlı və dayanıqlı inkişafa və gələcəyə qoyulan sərmayədir. Zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malik muxtar respublikamızda bu ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla inkişaf etdirilməlidir. Yaradılmış şərait və dövlət qayğısı bilikli, vətənpərvər, milli düşüncəyə malik gənclərin hazırlanmasına xidmət etməlidir.
Ali Məclisin Sədri deyib: Təhsildə informasiya texnologiyalarının tətbiqi genişləndirilməli, tədrisin distant istifadə imkanları artırılmalı, elektron dərsliklərin, təhsil portallarının yaradılması işi diqqətdə saxlanılmalıdır. Təhsilin əsas məqsədi gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətməkdir. Düzgün qərarlar qəbul etməklə gənclər şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilir. Bilik Günündə Naxçıvan şəhərində yeni məktəb binasının istifadəyə verilməsi və yaradılan şərait təhsil sahəsində həyata keçirilən tədbirlərin davamlı olmasının və inkişafının göstəricisidir.
Ali Məclisin Sədri yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıb, muxtar respublikanın bütün şagird, kursant və tələbələrini, müəllim və valideynləri yeni dərs ili münasibətilə bir daha təbrik edib.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənova çıxış edərək deyib ki, muxtar respublikada şagirdlər hərtərəfli təhsil alır, milli dəyərlərimizə, adət-ənənələrimizə sahib, yüksək biliyə malik vətənpərvər gənclər kimi yetişirlər. Bu gün Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb də müasir maddi-texniki bazaya malik məktəblər sırasına qoşulur. Yaradılan müasir tədris şəraiti təhsilin yüksək səviyyədə təşkilinə geniş imkanlar açır. Ötən 5 ildə məktəbi bitirən məzunlardan 207-si, yaxud 83 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olub, onlardan 53-ü 500-700 arası bal toplayıb. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin kollektivinin əməyi də daim yüksək qiymətləndirilib, müəllimlərdən 2-si “Tərəqqi” medalına, 1-i isə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülüb. Həmçinin sentyabrın 1-dən müəllimlərin aylıq vəzifə maaşlarının əlavə olaraq orta hesabla 20 faiz artırılması təhsil işçilərini fərəhləndirir və daha əzmlə, məsuliyyətlə çalışmağa sövq edir. Esmira Həsənova təhsilə göstərilən diqqətə görə muxtar respublika müəllimləri adından minnətdarlıq edib.
Məktəbin yeddinci sinif şagirdi Zümrüd Zeynallı çıxış edərək deyib ki, bu gün şagirdlər ikiqat sevinc yaşayır. Çünki həm “Bilik günü”nü qeyd edirik, həm də məktəb binamız yenidən tikilərək biz şagirdlərə hədiyyə olunur. Yeni məktəbdə zəngin kitabxana, idman zalı, kompüter otaqları, elektron lövhəli siniflər, laboratoriyaların olması bilikli və vətənpərvər gənclər kimi formalaşmağımıza təsir göstərəcəkdir. Zümrüd Zeynallı müasir təhsil şəraitinə görə şagirdlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, daha yaxşı təhsil alaraq ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq vətəndaş kimi yetişəcəklərini bildirib.
Sonra Zümrüd Zeynallı Ulu Öndərə həsr olunmuş şeiri bədii qiraət edib:
Sən yurduma ən ağır,
çətin zamanda gəldin,
Xalqın oda-alova
düşüb yananda gəldin,
Ümidsizlik zəlitək
qanlar soranda gəldin,
Ulu Öndərim mənim,
Dədə Heydərim mənim!
Parçaladın, dağıtdın
qatı zülməti, sağ ol!
Oyandırdın damarda
yatan qeyrəti, sağ ol!
İşıqlığa çıxartdın
xalqı, milləti, sağ ol!
Ulu Öndərim mənim,
Dədə Heydərim mənim!
Anam Azərbaycanla
qoşadır adın sənin,
Günəş kimi nurlusan-
sönməzdir odun sənin.
Vətən olub həmişə
qolun-qanadın sənin,
Ulu Öndərim mənim,
Dədə Heydərim mənim!
Arzumuz əməlimiz,
diləyimizsən bizim!
Hər an qəlbimizdəsən-
gərəyimizsən bizim!
Sabah eşqiylə coşan
ürəyimizsən bizim,
Ulu Öndərim mənim,
Dədə Heydərim mənim!
Hünərinlə dağıldı
yolumuzdan çən-duman,
Ağ günlərin əlini
sıxıbdı Azərbaycan,
Gözəl, xoşbəxt günlərə
çıxıbdı Azərbaycan,
Ulu Öndərim mənim,
Dədə Heydərim mənim!
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib. Bildirilib ki, 4 mərtəbəli məktəb binası 1140 şagird yerlikdir. Təhsil ocağında 3-ü elektron lövhəli olmaqla 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 2 şahmat otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə 952 şagirdin təhsili ilə 80 müəllim məşğul olur. Bu tədris ilində məktəbin birinci sinfinə 120 şagird qəbul olunub.
Fizika, kimya və biologiya laboratoriyalarında dərs proqramına uyğun təcrübə avadanlıqları qoyulub. Eyni zamanda, fizika və biologiya kabinələri elektron lövhə ilə təmin edilib. Məktəbin şagirdləri dəqiq fənlərə üstünlük verirlər. Son 5 ildə məktəbin məzunlarından 10-u mühəndislik ixtisasını seçib. Eyni zamanda, məktəbin şagirdlərindən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olanlar da vardır.
Ali Məclisin Sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən istifadənin əhəmiyyətini vurğulayıb, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslərin keçirilməsi, şagirdlərə muxtar respublikanın zəngin fauna və florası haqqında məlumatların verilməsi barədə tapşırıqlar verib.
Məktəbin şahmat sinfində lazımi avadanlıqlar qoyulub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən nəşr olunmuş “Pillə-pillə” kitabı bu ildən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində tədris vəsaiti kimi istifadə olunacaqdır.
Məktəbə optik xətt çəkilib və sürətli internetə çıxış təmin edilib. Kompüter otaqlarındakı 63 kompüterin hər biri və 5 elektron lövhə internetə qoşulub, zəngin elektron dərslik bazası yaradılıb. Bu da tədrisdə yeni texnologiyaların imkanlarından geniş istifadə olunmasına, ən əsası isə dərslərin daha yaxşı qavranılmasına imkan verəcəkdir.
Elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən “Ümummilli lider Heydər Əliyevin təhsil strategiyası” interaktiv dərsi izlənilib, 4 mindən artıq şagirdə mövzu ilə bağlı ətraflı məlumat verilib.
Ali Məclisin Sədri interaktiv dərslərlə yanaşı, həm də şagirdlərin muzeylərə ekskursiyalarının təşkili və açıq dərslərin keçirilməsi barədə tapşırıqlar verib.
Məktəbin kitabxanasında 9512 latın qrafikalı dərslik və 2273 bədii ədəbiyyat olmaqla, 11 min 785 kitab vardır. Kitabxanada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan və yubileyləri qeyd olunan ədiblərin əsərlərindən ibarət guşələr yaradılıb. Müasir idman zalında, eləcə də hərbi kabinədə də tədris üçün lazımi şərait vardır.
Məktəbin hərbi rəhbəri Bəxtiyar Həsənov muxtar respublikada gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin təşkilinə və hərbi rəhbərlərin hazırlığına xüsusi diqqət yetirildiyini bildirib, göstərilən qayğıya görə minnətdarlıq edib.
Ali Məclisin Sədri çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə dərslərinə diqqətin artırılması, məktəbdə müxtəlif idman yarışlarının keçirilməsi barədə tapşırıqlar verib.
Sonra məktəbin müəllimləri ilə görüş olub.
Ali Məclisin Sədri deyib: Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb nailiyyətləri ilə seçilən qabaqcıl təhsil ocaqlarındandır. Ali məktəblərə qəbulda muxtar respublikanın orta göstəricisi ölkə üzrə orta göstəricidən, 5 nömrəli məktəbin göstəriciləri də muxtar respublikanın orta göstəricisindən yüksəkdir. Bütün bunlar ölkəmizdə təhsilin inkişafı üçün yaradılan şəraitin, müəllim əməyinə verilən qiymətin, eyni zamanda müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Təhsil sahəsində qazanılan uğurlar ölkəmizin gələcəyinə xidmət edir. Dövlətimiz tərəfindən müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Məktəb müasir tədrisin tələbləri səviyyəsindədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, şagirdlər çalışqan, müəllimlər isə tələbkar olmalı, dərslər qavrama yolu ilə öyrədilməli, nailiyyətlər daha da artırılmalıdır. Hər bir müəllimin əsas vəzifəsi vətənpərvər və təhsilli gənclər hazırlamaqdan ibarətdir. Çünki sağlam gənclik ölkəmizin gələcəyidir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib.
Məktəbin müəllimi Samirə Məmmədova deyib: Məktəbimizdə yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almasına böyük imkanlar açmaqla yanaşı, həm də müəllimləri daha yaxşı işləməyə ruhlandırır. Bu gün muxtar respublikada təhsilə böyük qayğı göstərilir. Gənclərin işlə təminatı diqqətdə saxlanılır. Gənc müəllimlərin müsabiqə yolu ilə məktəblərə qəbul olunması da bu sahədə görülən işlərin davamıdır. Samirə Məmmədova muxtar respublika müəllimləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaqlarını bildirib.
Məktəb binasının həyəti də abadlaşdırılıb, yaşıllıqlar salınıb, açıq idman qurğuları quraşdırılıb.