İyunun 14-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib, fakültənin yaranmasının 20 illiyi qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, universitetin bütün professor-müəllim heyətini və tələbələrini təbrik edərək deyib: Səhiyyənin inkişafı hər bir xalqın gələcəyinə xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahəni diqqətdə saxlamış, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət almışdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Müasir tələblər səviyyəsində qurulmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Şəhər Poliklinikası, Ağciyər və Psixi Xəstəliklər dispanserləri, Duzdağ Fizioterapiya, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzləri, rayonlardakı mərkəzi xəstəxanalar, eləcə də kənd yaşayış məntəqələrində istifadəyə verilən tibb ocaqları muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarmışdır. Hazırda Naxçıvanda 36 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, birlik, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 həkim ambulatoriyası vasitəsilə əhaliyə yaşadıqları yerlərdə hərtərəfli tibbi xidmət göstərilir.
Qeyd olunub ki, müasir səhiyyə infrastrukturunun yaradılması və yeni xəstəxanaların istifadəyə verilməsi muxtar respublikada ixtisaslı tibbi kadrların hazırlanmasını zərurətə çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsi böyük yol keçib, muxtar respublikada ixtisaslı həkim hazırlığının əsası qoyulub. Ötən 20 ildə fakültədə tələbələrin tədrisi üçün lazımi şərait yaradılıb, müasir xəstəxana istifadəyə verilib, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulub. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 474 tələbə təhsil alır ki, onlardan da 122-si xarici ölkə vətəndaşıdır. Bu da onu deməyə əsas verir ki, Tibb fakültəsinin kadr hazırlığı sahəsində beynəlxalq səviyyədə nüfuzu vardır. Yarandığı dövrdə fakültədə yalnız Pediatriya ixtisası üzrə həkim hazırlanırdısa, bu gün Tibbi profilaktika, Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə həkim, eləcə də 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir. Ötən dövrdə fakültəni bitirmiş tələbələrdən bu gün səhiyyə müəssisələrində çalışanlar, ürək və digər cərrahi əməliyyatları uğurla həyata keçirənlər, həmçinin dünyanın bir çox ölkələrində də həkim kimi fəaliyyət göstərənlər var.
Ali Məclisin Sədri həkim hazırlığı sahəsindəki səmərəli fəaliyyətlərinə görə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin professor-müəllim heyətinə təşəkkür edib.
Ali Məclisin Sədri deyib: Səhiyyədə kadr hazırlığından danışarkən Naxçıvan Tibb Kollecinin fəaliyyəti də qeyd olunmalıdır. 2018-ci ildə müasir tədrisin tələblərinə uyğun qurulan kollecdə 8 ixtisas üzrə 700-dən artıq tələbə təhsil alır. Bu da səhiyyə müəssisələrinin orta tibb işçilərinə olan tələbatını ödəyir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”. Həqiqətən də təcrübə göstərir ki, peşəkar həkimlər olmadan səhiyyənin inkişafından və insan sağlamlığından danışmaq mümkün deyil. Həkim peşəsi şərəfli, bu peşəni öyrətmək isə ikiqat məsuliyyətdir. Ona görə də müəllimlər yaradılan müasir infrastrukturdan və maddi-texniki bazadan səmərəli istifadə etməli, tibbi təhsilin məzmunu daim təkmilləşdirilməli, təcrübi dərslərə və yeni təlim üsullarına üstünlük verilməlidir. Tələbələr onlar üçün yaradılmış şəraitdən düzgün istifadə etməli, hərtərəfli təhsil almalı, peşəkar həkim kimi yetişməlidirlər.
“Tibbi təhsilin məqsəd və vəzifələri sadəcə sistemli biliklərin verilməsi ilə məhdudlaşmamalıdır. Çünki həkim hazırlığında yalnız nəzəri biliklər kifayət etmir. Tələbələr muxtar respublikanın səhiyyə müəssisələrində və fakültənin xəstəxanasında təcrübələrə cəlb olunmalı, praktik dərslərə üstünlük verilməli, onlarda peşə vərdişləri formalaşdırılmalıdır”, – deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikanın səhiyyə müəssisələrində, eləcə də Tibb fakültəsində ən son tibbi texnologiyalar və elektron təhsil tətbiq olunur. Bu səbəbdən də gələcəyin həkimləri müasir tibbi avadanlıqlardan istifadə vərdişlərinə də yiyələnməli, müayinə və müalicə prosesində yeni texnologiyaların tətbiqinə nail olmalıdırlar.
Ali Məclisin Sədri deyib: Sabah 15 İyun – Milli Qurtuluş Günüdür. Bu günlə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Ali Məclisin Sədri 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında və gələcək tədrisdə kollektivə uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov çıxış edərək deyib ki, ali təhsil ocağında geniş quruculuq işləri aparılıb, yeni tədris korpusları, elmi kitabxana, konservatoriya, idman kompleksi, tələbə evi, sosial xidmət mərkəzi, qonaq evi, xəstəxana tikilib, müasir tədris şəraiti yaradılıb. Universitetin Tibb fakültəsi üçün yeni tədris kompleksinin istifadəyə verilməsi də aparılan quruculuq işlərinin davamıdır. Bu gün Naxçıvan Dövlət Universitetində 60 ixtisas üzrə bakalavr, 81 ixtisas üzrə magistr, 34 ixtisas üzrə doktorant hazırlığı aparılır. Hazırda universitetin əyani və qiyabi şöbələrində 5622 tələbə və 195 doktorant təhsil alır. Fəaliyyət göstərdiyi dövrdə Tibb fakültəsini 580 məzun bitirib ki, onlardan da 46-sı xarici ölkə vətəndaşıdır. Fakültədə 4 kafedra, 8 kabinə və 5 laboratoriya fəaliyyət göstərir. Tibb fakültəsinin tələbələri dərslərini təkcə tədris binasında deyil, eyni zamanda Naxçıvan Muxtar Respublikasının müxtəlif xəstəxanalarında keçirlər. Saleh Məhərrəmov göstərilən qayğıya görə universitetin professor-müəllim heyəti və tələbələri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Universitet xəstəxanasının baş həkimi Elmar Rzayev çıxış edərək deyib: Mən Tibb fakültəsinin ilk məzunuyam. Tələbəlik illərindən dövlətimizin səhiyyə və təhsilə göstərdiyi qayğını hər addımda hiss edirdik. Universitet xəstəxanası tələbələrdə praktik vərdişlərin formalaşmasına, onların həkimlik sənətinə yiyələnməsinə töhfə verirdi. Bununla yanaşı, hər il muxtar respublika xəstəxanalarında, eləcə də Türkiyə Respublikasında təcrübə keçirdik. Ali Məclis Sədrinin məzun olarkən bizimlə görüşü, verdiyi tövsiyələr gələcək fəaliyyətimizin əsasını təşkil etdi. Universiteti bitirdikdən sonra Azərbaycan Tibb Universitetində aspirantura təhsili alaraq tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüm. Sonra fakültədə elmi-pedaqoji, eyni zamanda, universitet xəstəxanasında həkimlik fəaliyyətinə başladım. Dünyanın 7 ölkəsində kurslarda olmuşam. 2015-ci ildə Universitet xəstəxanası üçün müasir bina istifadəyə verildikdən sonra həmin xəstəxanada baş həkim kimi fəaliyyət göstərirəm. Bununla yanaşı, “Tibbi Klinik fənlər kafedrasında” dosent vəzifəsində çalışıram. Tibb fakültəsinin məzunu kimi bunlar təkcə mənə yox, məzun olan bütün tələbələrə göstərilən rəhbər, atalıq qayğısıdır.
Elmar Razyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə müəllim və tələbələr adından Ali Məclisin Sədrinə təbriklərini çatdırıb, tibbi kadrların hazırlanmasında daha səylə çalışacaqlarına söz verib.
Tibb fakültəsinin “Müalicə işi” ixtisasının tələbəsi Bənövşə Qasımova minnətdarlıq edərək deyib: Muxtar respublikada yaradılan hərtərəfli təhsil infrastrukturundan mən də bəhrələnmişəm. Yaşadığım Kəngərli rayonunun Qarabağlar kəndindəki müasir məktəbdə hərtərəfli təhsil aldıqdan sonra 667 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Müalicə işi” ixtisasına qəbul olundum. Yüksək bal toplayan tələbələrlə görüşdə Ali Məclis Sədrinin gənclərə verdiyi tövsiyələr gələcək həyat yolumuzun müəyyənləşdirilməsində, seçdiyimiz peşə üzrə ixtisaslı kadr kimi yetişməyimizdə mühüm rol oynamışdır. Bir həqiqəti diqqətinizə çatdırmaq istəyirəm. Tibb fakültəsinin tələbələri hər il yay-istehsalat təcrübəsini xarici ölkələrdə müxtəlif xəstəxanalarda keçirlər. Apardığım müşahidələr nəticəsində tam əminliklə deyə bilərəm ki, bu gün muxtar respublika xəstəxanalarındakı şərait, həkimlərin istifadə etdikləri avadanlıqlar həmin xəstəxanalarda yoxdur. Həmçinin muxtar respublikanın bütün səhiyyə müəssisələrinin qapısı tələbələrin üzünə açıqdır. Tədrisi başa vuran tələbələr həmin səhiyyə müəssisələrində işlə təmin olunurlar. Yaşadığım Qarabağlar kəndində müasir həkim ambulatoriyası istifadəyə verilib. Mən də gələcəkdə öz kəndimdə həkim kimi fəaliyyətimi davam etdirmək arzusundayam.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, fakültədə yaradılan tədris şəraiti ilə tanış olub.
Bildirilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada elektron lövhə, proyektor və internetlə təmin edilmiş 20 auditoriya, kitabxana, dekanlıq, kafedralar üçün 8 otaq, rezidentura otağı, 96 yerlik konfrans zalı və texniki otaqlar vardır. Histologiya, anatomiya və mulyaj-simulyasiya kabinələri binanın birinci mərtəbəsində yerləşir. Histologiya kabinəsində 12 mikroskop tələbələrin istifadəsinə verilib. Elektron mikroskoplar daha kiçik ölçülü hissəcikləri təsvir etmək, böyütmək, elektron təsviri görünən təsvirə çevirmək imkanlarına malikdir. Anatomiya kabinəsində elektron lövhə və xüsusi proqram təminatı olan müasir “Vived” anatomiya dəsti quraşdırılıb. Bu da imkan verəcəkdir ki, tələbələr insan anatomiyasını 3D eynəklərdən istifadə etməklə daha detallı və vizual formada öyrənə bilsinlər.
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Kübra Cəfərova minnətdarlıq edərək deyib: Muxtar respublikada əmin-amanlıq və inkişaf vardır. Bütün sahələrdə, o cümlədən təhsildə və səhiyyədə yeniliklər tətbiq olunur. Tibb fakültəsi üçün yaradılan bu şərait də tələbələrin hərtərəfli hazırlanmasına hesablanıb. Bu, gələcəyimizə göstərilən qayğıdır və müəllimlərin, həkimlərin məsuliyyətini artırır. Çalışacağıq ki, etimadı doğruldaq, daha səmərəli fəaliyyət göstərək.
Mulyaj-simulyasiya kabinəsi ilkin tibbi yardım, doğum-ginekoloji, uşaq və neanatoloji simulyatorlarla, eyni zamanda bir sıra patologiyaları əks etdirən mulyajlarla təchiz edilib. Müasir simulyatorlar üzərində şərti müayinə və əməliyyatların aparılması mümkündür. Fakültədə zəngin kitabxana da yaradılıb, 4 min tibbi tədris vəsaiti müəllim və tələbələrin istifadəsinə verilib.
Ali Məclisin Sədri kitabxana fondunun zənginləşdirilməsi, xarici tibbi ədəbiyyatların tərcümə və nəşr olunması barədə tapşırıqlar verib.
Zirzəmidə əczaçılıq, kimya, fiziologiya, stomatoloji texniki və mikrobiologiya laboratoriyaları, fitoterapiya, patologiya, sintetik kadavra və stomatoloji simulyasiya kabinələri yerləşir. Ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində fitoterapiya kabinəsi yaradılıb. Əczaçılıq ixtisası tələbələrinin fitoterapiya kabinəsində və əczaçılıq laboratoriyasında nəzəri biliklərinin möhkəmləndirilməsi üçün hərtərəfli şərait vardır. Burada təcrübələr aparmaq, yeni preparatlar hazırlamaq mümkündür. Süni iqlim mühiti yaradılmış fitoterapiya kabinəsində bitkilər, herbarilər, bitki məhsulları, bitkilərdən alınmış müxtəlif kimyəvi maddələr və hazırlanmış dərman vasitələri saxlanılır.
Ali Məclisin Sədri Əczaçılıq ixtisası tələbələrinin “Nəbatat” bağında və yeni istifadəyə verilən “İqlim otağı”nda təcrübə keçmələrinin, eləcə də muxtar respublikanın dərman bitkilərindən müxtəlif preparatların hazırlanmasında iştiraklarının əhəmiyyətini vurğulayıb, tapşırıq və tövsiyələr verib.
Patoloji anatomiya, mikrobiologiya, fiziologiya, kimya və əczaçılıq laboratoriyaları müasir texnoloji vasitələrlə təmin edilib. Diş simulyasiya kabinəsində praktiki vərdişlər əldə etmək üçün 13 diş simulyatoru-fantom quraşdırılıb. Həmçinin xəstəxana binasında fakültə üçün yeni implantologiya kabinəsi yaradılıb. Diş texniki kabinəsində isə tələbələr müxtəlif diş maketləri üzərində işləmək imkanı əldə edəcəklər.
Stomatologiya ixtisasının müəllimi, stomatoloq-implantoloq Rauf Cəfərov minnətdarlıq edərək deyib: Dövlətimiz həkimlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradır, əməyimizə yüksək qiymət verilir. Ölkə Prezidentinin 2019-cu il 11 iyun tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bu, bütün səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətdir. İstər muxtar respublikanın səhiyyə müəssisələrində, istərsə də Tibb fakültəsində yaradılan şərait səmərəli fəaliyyət göstərməyə, ən əsası isə peşəkar həkimlərin hazırlanmasına imkan verir.
Tibb fakültəsinin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Muxtar respublikada səhiyyənin inkişafı sahəsində görülən işlər sırasında Tibb fakültəsinin yaranması mühüm yer tutur. Fakültənin məzunları səhiyyə müəssisələrinin həkim kadrlarına olan tələbatını ödəyir. Yaradılan tədris şəraiti həkim hazırlığının müasir tələblər səviyyəsində aparılmasına imkan verəcəkdir. Tibb fakültəsinin fəaliyyəti üçün yaradılan şərait ixtisaslı həkim hazırlığı ilə yanaşı, həm də insanlara göstərilən qayğıdır. Ona görə də müəllimlər məsuliyyət və tələbkarlıqlarını artırmalı, tədris avadanlıqlarından səmərəli istifadə olunmalıdır.
Tibb fakültəsinin müəllimləri Sabir Novruzov və Bəxtiyar Hüseynov kollektiv adından minnətdarlıq edib, həkim hazırlığında səylərini artıracaqlarını bildiriblər.
96 yerlik konfrans zalında internetə çıxışı olan kompüter və proyektor quraşdırılıb.
Ali Məclisin Sədri kabinə və laboratoriyaların bundan sonra da yeni tədris avadanlıqları ilə təmin olunacağını bildirib, Tibb fakültəsi ilə muxtar respublikanın səhiyyə müəssisələri arasında onlayn tədris mərkəzinin qurulması və aparılan əməliyyatların auditoriyalarda birbaşa izlənilməsi barədə tapşırıqlar verib.
Milli memarlıq üslubunda tikilən binanın həyətində də geniş abadlıq işləri aparılıb.