Ekoloji təhlükəsizliyin təmin olunmasında yaşıllıqların artırılması və qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan bu tədbirlər hər il muxtar respublikada davam etdirilir. Bu ilin yaz əkin mövsümündə də muxtar respublika ərazisində 317 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb.
İyunun 1-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafında terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər. 3,6 hektarlıq meyvə bağında 2 mindən artıq ərik, badam, cəviz və tut ağacı, eləcə də 1300 üzüm kolu var. Lazımi aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, artıq ağaclar məhsul verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar verib.