Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə peyntbol üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında “Heydər Əliyev kuboku”
uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 10 komanda mübarizə aparıb.
Turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxışında muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan, idmanın kütləviliyinə nail olunmasından, gənclərin fiziki tərbiyəsinin əhəmiyyətindən, federasiyanın qarşısında duran vəzifələrdən danışıb.
Gənclər və İdman nazirinin müavini Məcid Seyidovun çıxışından sonra turnirə start verilib.
Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası qalib adını qazanıb. Muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin komandası ikinci, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin komandası isə üçüncü olub.
Sonda qalib komandalara diplom, kubok və hədiyyələr təqdim edilib.