Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən “Naxçıvan Open” beynəlxalq turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 350-dən çox idmançı mübarizə aparıb.
Beynəlxalq turnir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov qonaqları salamlayaraq bildirib ki, ölkəmizdə idman siyasəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin məntiqi nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb və mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə göstərilən sonsuz ehtiramın və sədaqətin bariz nümunəsi olaraq hər il dahi rəhbərin doğum gününə həsr olunmuş mötəbər yarışların keçirilməsi Naxçıvan Muxtar Respublikasında artıq ənənəvi hal alıb.
Federasiya sədri vurğulayıb ki, ümummilli liderin 96-cı ildönümünə həsr olunmuş və reytinqinə görə ən titullu idman turnirlərindən sayılan Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasiminin keçirilməsi, boks yarışlarına start verilməsi, təşkil edilən karate üzrə beynəlxalq turnir, eləcə də may ayı ərzində digər idman növləri üzrə yarışların keçirilməsi doğma diyarımızda idmanın inkişafına qayğının ifadəsidir.
Fazil Ələkbərov qeyd edib ki, muxtar respublikada idman və gənclər siyasətinin yüksək dövlət qayğısı ilə həyata keçirilməsi nəticəsində şəhər və rayonlarımızda müasir standartlara cavab verən, hər cür şəraiti olan idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib.
Muxtar respublikamızda, demək olar, bütün idman növləri üzrə federasiyaların fəaliyyət göstərdiyini diqqətə çatdıran Karate-do Federasiyasının sədri federasiyanın yüksək dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, hazırda muxtar respublikada karate idman növü üzrə 21 bölmədə 600-dən çox idmançı məşq keçir. Onlardan, təxminən, 150-si qız idmançıdır. Bu gün yekunlaşan növbəti karate turnirində 10 ölkədən 250-dək idmançının Naxçıvan şəhərində tatami üzərinə çıxması idmana göstərilən dövlət qayğısının və yaradılan şəraitin nəticəsində mümkün olub.
Federasiya sədri keçirilən turnirdə bütün idmançılara yüksək əzmkarlıq və uğurlar arzulayıb.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Nazir müavini qeyd edib ki, bu gün respublikamız dünyada artıq bir idman ölkəsi kimi tanınır.
Muxtar respublikada da idmanın sürətlə inkişaf etdirildiyini vurğulayan nazir müavini belə möhtəşəm bir tədbirin keçirilməsində göstərdiyi köməyə görə Ali Məclisin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər görülür.
Yaradılan şəraitdən bəhrələnən muxtar respublika idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxışında ulu öndər Heydər Əliyevin idman siyasətindən və bu gün ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini vurğulayıb.
Yaşar Bəşirov Naxçıvan Muxtar Respublikasında digər idman sahələri ilə yanaşı, karate idman növünün də sürətlə inkişaf etməsini yüksək dəyərləndirib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təltif olunduğu, Azərbaycan Milli Karate Federasiyasının 25 illik yubileyi münasibətilə hazırlanmış medal və Fəxri Diplom Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinə təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov da medal və Fəxri Diplomla təltif olunublar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, federasiyanın fiziki hazırlıq üzrə məşqçisi Oqtay Məmmədov və “Arpaçay” Karate Klubunun rəhbəri Yavər Hüseynov isə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası tərəfindən mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən bir-birindən rəngarəng musiqilər ifa edilib. İdmançıların nümunəvi çıxışları isə iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Sonra yarışın final görüşlərinə start verilib.
Turnirdə Naxçıvan Muxtar Respublikasının idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 350-dən çox 6-13, 14-15, 16-17 və 18-20 yaşlı karate ustası tatami üzərinə çıxıb.
Yekun nəticəyə əsasən “Naxçıvan” komandası beynəlxalq turnirin qalibi olub. Türkiyə milli komandası ikinci, Bakının “Arpaçay” komandası isə üçüncü olub.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.
Mükafatları Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, muxtar respublikanın Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov təqdim ediblər.
Qalib gələn “Naxçıvan” komandasına isə kuboku Naxçıvan Muxtar RespublikasıAli Məclisinin deputatı Seymur Talıbov təqdim edib.