Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis heyəti vakant vəzifələrin tutulması üçün 1 iyun 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına 21 avqustdan start verilib. Müsabiqəyə 53 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 49 nəfər sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və nəticəyə dair arayış təqdim edilib. Test imtahanında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər. Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.