İyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
1. 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov demişdir ki, 2018-ci ilin birinci yarısında muxtar respublikada qızıl-gümüş zinət əşyaları, plastik boru, profil və aksesuarlar, istixana kompleksi, heyvandarlıq, arıçılıq, quşçuluq, balıqçılıq təsərrüfatlarını əhatə edən 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmət sahəsi yaradılmışdır. Cari ilin ötən dövrü ərzində fəaliyyətə başlayan yeni sənaye müəssisələrində 10 növdə 163 çeşiddə məhsulun istehsal olunması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırmış və qiymətlərin tənzimlənməsinə şərait yaratmışdır. Sahibkarlığa Kömək Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 5 milyon 735 min 800 manat həcmində güzəştli kreditlər ayrılmış, 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılmış, xüsusi fəaliyyət növləri üzrə 4 lisenziya verilmiş, “Qаynаr хətt” vаsitəsilə 2033 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə işi аpаrılmış, sаhibkаrlаrın prоblеmləri araşdırılmışdır. Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində dəyəri 3 milyon 699 min manat olan 2 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədi verilmiş, 12 ixrac əməliyyatı üzrə 39 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək demişdir ki, 2018-ci ilin ilk 6 ayında ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 246 milyon manatdan çox olmuşdur. Cari ilin ötən dövründə bir il öncəyə nisbətən sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,1 faiz, kənd təsərrüfatı məhsulu 3,6 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 1,6 faiz artmışdır. İstehsal olunan sənaye məhsulunun 96 faizə yaxını qeyri-dövlət sektorunun payına düşmüşdür. Bu dövrdə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri davam etdirilmiş, bütün maliyyə mənbələri hesabına əsas kapitala 548 milyon manata yaxın vəsait yönəldilmiş, tikinti və ya yenidənqurmadan sonra 93 obyekt istifadəyə verilmişdir. Hazırda iqtisadi və sosial sahələrdə 126 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılmış, 194 kənd təsərrüfatı texnikası və avadanlıqları alınıb gətirilmiş, 14 yeni heyvandarlıq təsərrüfatı yaradılmış, 223 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülmüşdür. Bu dövrdə muxtar respublikada 1364 yeni iş yeri açılmışdır ki, bunun da 98,3 faizi daimi iş yerləridir. Cari ilin ötən dövründə muxtar respublikada 212 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq dəyərdə xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində artaraq 191 milyon Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, 169 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq müsbət saldo yaranmışdır. Ötən 6 ayda muxtar respublikaya 195 min 886 turist gəlmiş, iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasına səbəb olmuş, əhalinin sayı 454 min nəfəri ötmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur). Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov demişdir ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2017-ci ildə gəlirləri 71 milyon 650 min manat təyinata qarşı 79 milyon 856 min 165 manat və ya 111,5 faiz icra olunmaqla büdcəyə 8 milyon 206 min 165 manat artıq vəsait daxil olmuşdur. Ötən ilin büdcə gəlirlərinin 82,6 faizi və ya 65 milyon 985 min manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 9,5 faizi və ya 7 milyon 580 min 514 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 7,3 faizi və ya 5 milyon 803 min 298 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 486 min manatı isə digər mənbələr hesabına daxil olmuşdur. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 350 milyon 550 min manat təyinata qarşı 348 milyon 868 min 237 manat və ya 99,5 faiz icra olunmuşdur. Bu dövrdə büdcə xərclərinin 68 faizi və ya 237 milyon 240 min manatı cari xərclərə, 32 faizi və ya 111 milyon 627 min manatı isə əsaslı xərclərə yönəldilmişdir. 2017-ci il dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına ciddi nəzarət edilmiş, 1,2 milyon manatdan çox büdcə vəsaitinə qənaət olunmuşdur. Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun qəbul edilmişdir. Gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli və 2018-ci il 6 mart tarixli qanunları ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanmışdır. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu oxunmuş və səsə qoyularaq qəbul edilmişdir. Ali Məclisin Sədri 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmişdir. Bununla da, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyası öz işini başa çatdırmışdır.