Muxtar respublikada müasir avtobusların alınaraq xəttə buraxılması və tələbata uyğun hərəkət qrafikinin seçilməsi sərnişindaşıma xidmətinin səviyyəsini xeyli artırıb.
İyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək deyib ki, muxtar respublikada nəqliyyatın inkişafı sahəsində kompleks tədbirlər görülür. Sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət qrafikinə nəzarət olunur, şəhərdaxili və rayonlararası marşrutlar müasir avtobuslarla təmin olunur. Hazırda 6 avtobus Naxçıvan-Bakı və Naxçıvan-İğdır istiqamətində, 56 avtobus isə Naxçıvan şəhərində 8 marşrut xətti üzrə fəaliyyət göstərir. Yeni alınan avtobuslar Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin səviyyəsini daha da artıracaqdır. Mirsənani Seyidov nəqliyyatın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada bütün sahələrdə inkişaf və tərəqqi vardır. Bu inkişaf və tərəqqi insanların rahat yaşayışına və rifahına xidmət edir. Yeni avtobusların alınıb istifadəyə verilməsi də əhalinin rahat hərəkətinin təmin olunmasına, eləcə də sərnişindaşıma xidmətinin nümunəvi təşkilinə hesablanmışdır.
Ali Məclisin Sədri deyib: Ordubad Dəmiryol Stansiyasının istifadəyə verilməsi, yeni sərnişin qatarlarının alınıb gətirilməsi və bu gün müasir avtobusların təqdim olunması muxtar respublikada nəqliyyatın inkişafı sahəsində görülən işlərin davamıdır. Cəmiyyətin bütün təbəqələri nəqliyyat sahəsindən istifadə edir. Ona görə də nəqliyyat sistemi və bu sahə üzrə göstərilən xidmət nümunəvi təşkil olunmalı, nəqliyyat vasitələri müasir tələblərə cavab verməlidir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutlarla təmin olunub. Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir. Bütün bunlar da əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, istehsal etdikləri məhsulları vaxtında bazara çıxarmalarına imkan verir.
Ali Məclisin Sədri deyib: Nəqliyyatın inkişafı günün tələbidir. Muxtar respublikada da nəqliyyat sisteminin müasirləşdirilməsi qarşıda duran əsas vəzifədir. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu sahədə ardıcıl tədbirlər görülür, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar yenilənir. Bu gün təqdim olunan avtobuslar da muxtar respublikanın vəsaiti hesabına alınıb gətirilib. Yeni avtobusların alınması hesabına həm də yeni iş yerləri açılıb. Ona görə də avtobuslardan səmərəli və uzun müddət istifadə olunmalı, onlar qorunmalı, əhaliyə nümunəvi xidmət göstərilməlidir.
Ali Məclisin Sədri avtobusların xəttə buraxılması və yeni iş yerlərinin açılması münasibətilə kollektivi və sürücüləri təbrik edib.
Sonra Ali Məclisin Sədri açarları sürücülərə təqdim edib və avtobuslara baxıb.
Məlumat verilib ki, yeni alınan “KİNG-LONG XMQ 52” markalı 5 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar mexaniki sürət qutusu ilə təchiz edilib. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki AVRO 4 standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və 9 siyirməli şüşə, eləcə də 2 elektron məlumat tablosu quraşdırılıb.