Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibəti ilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.
Ali Məclisin Sədri kursantları salamlayıb.
Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 20 illiyi və 18-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və tədbir iştirakçılarını təbrik edərək deyib: Tarixən Azərbaycan dövlətçiliyinin əsas mərkəzlərindən biri olan Naxçıvanda görkəmli siyasi və hərbi xadimlər yetişmişdir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin bərpasına Naxçıvandan başlanıldığı kimi, milli ordu quruculuğuna da bu qədim diyardan başlanılmış, tarixi qərarlar qəbul edilmişdir. 20 il bundan əvvəl Ümummilli Liderimizin Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı yaradıldı. Ümummilli Liderimiz özü bu barədə deyirdi: “Sovet İttifaqı mövcud olan zaman yaratdığımız hərbiləşdirilmiş orta məktəb Azərbaycanın gələcəyinə baxış idi. Mən hələ sovet dövründə müstəqillik haqqında düşünüb hərbi məktəb yaratmışdım. İllər keçəcək, Naxçıvan filialı haqqında qəbul etdiyimiz qərarın da nə qədər vacib, əhəmiyyətli olduğu bir daha təsdiq olunacaqdır”.
Ali Məclisin Sədri deyib: 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan hərbi liseydə bu gün 572 kursant təhsil alır. Builki məzunlar da nəzər alınmaqla ötən 20 ildə Hərbi Liseyi 3 minə yaxın kursant bitirmişdir. Hazırda onlardan 1600-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər görülür. Ordu, birləşmə və hissələrin maddi-texniki təminatı gücləndirilir, silahlanmaya ən müasir döyüş texnikaları daxil edilir. Bu bir reallıqdır ki, ordunun gücü, onun döyüş qabiliyyəti yalnız güclü maddi-texniki baza və silah təminatı ilə deyil, həm də komandan-zabit heyətinin hərbi hazırlığı və vətənpərvərliyi ilə ölçülür. Vətənpərvər və peşəkar zabit heyəti olmadan nizami və mütəşəkkil ordu yaratmaq, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək mümkün deyil. Hər bir kursant hərbi təhsil sistemini mükəmməl mənimsəməli, bilik və təcrübəsini artırmalı, müasir silahları, hərbi texnikanı bacarıqla idarə etmək vərdişlərinə yiyələnməlidir.
“Vətənə xidmətin əsasında dövlətçiliyimizə və dəyərlərimizə sədaqət dayanır. Milli dəyərlərimizi, tariximizi və qəhrəmanlıq ənənələrimizi öyrənməli, hər an Vətənin müdafiəsinə hazır olmalı, Azərbaycan zabiti adının şərəf və məsuliyyətini öz xidmətinizlə doğrultmalısınız”, – deyən Ali Məclisin Sədri bir daha yubiley və buraxılış münasibətilə liseyin bütün kursantlarını və məzunlarını təbrik edib, gələcək təhsildə və hərbi xidmətdə onlara uğurlar arzulayıb.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək deyib ki, hərbi liseydə təhsil alan 600-ə yaxın kursantın təhsili, hərbi hazırlığı və tərbiyəsi ilə məşğul olan zabit, müəllim və hərbi rəhbər-tərbiyəçilərdən 1-i elmlər doktoru, 2-si isə fəlsəfə doktorudur. Kursantların təhsilində hərbi hazırlıq xüsusi yer tutur, hərbi fənlər tədris olunur. Hər il olduğu kimi, bu il də liseyin kursantları beynəlxalq, ölkə, muxtar respublika və Əlahiddə Ümumqoşun Ordu səviyyəli idman yarışlarında uğurla iştirak ediblər. Hərbi liseyin kursantı Məmmədov Rəvan Surxay oğlu “Qaydasız döyüş” üzrə Dünya çempionu olub. Liseydə müəllim və zabit heyətinin üzərinə düşən ən mühüm vəzifələrdən biri də kursantların milli-mənəvi və tarixi dəyərlərimizə sadiqlik ruhunda tərbiyəsinə nail olmaqdır. Kollektiv liseydə təhsil-tərbiyə işini müasir tələblər səviyyəsində qurur. Zabit, müəllim və kursant heyəti ulu öndər Heydər Əliyevin adını daşıyan hərbi təhsil müəssisəsində çalışmaqdan, oxumaqdan iftixar hissi keçirir və bu ada layiq olmağa çalışır.
Tədbirdə çıxış edən valideyn Sevinc Səfərova deyib: Bu gün hər bir valideyn üçün çox sevincli və qürurlu gündür. Çünki övladlarımız Heydər Əliyev adına Hərbi Liseyi bitirirlər. Təhsil aldıqları müddətdə onlara hərtərəfli qayğı göstərilib. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan liseydə ən müasir sosial-məişət şəraiti, tədris bazası yaradılıb. Təlim-tərbiyə Ulu Öndərimizin arzuladığı kimi həyata keçirilir. Torpaqlarımızın 20 faizdən çoxunun düşmən tapdağında olduğunu nəzərə alsaq, məktəbin doğma Azərbaycanımız üçün necə böyük önəm daşıdığını daha aydın başa düşərik. Heydər Əliyev adına Hərbi Liseyin vətənpərvər, dövlətə sədaqətli gənclər yetişdirməkdə rolu əvəzsizdir. Valideyn kimi arzumuz və tələbimiz odur ki, bundan sonra da övladlarımız göstərilən etimadı mükəmməl ali hərbi təhsil almaqla, şərəfli xidmət yolu keçməklə doğrultsunlar. Hər bir valideyn fəxr edir ki, hərbi liseyin yaradılmasının təşəbbüskarı və nümunəvi hərbi təhsil müəssisəsinə çevrilməsi Ali Məclis Sədrinin adı ilə bağlıdır. Göstərilən qayğı nəticəsində hərbi lisey böyük inkişaf yolu keçib. Fəxr edirik ki, övladlarımız liseydə əsl vətəndaş kimi yetişiblər. Valideyn üçün bundan böyük səadət yoxdur. Sevinc Səfərova valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Heydər Əliyev adına Hərbi Liseyinin III kurs məzun kursantı Novruz Qasımov çıxış edərək deyib: Bu gün kursantların həyatında əlamətdar gündür. Çünki biz ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Hərbi Liseyi bitirib Ali Hərbi Məktəbin kursantı adına layiq görülmüşük. Üçillik lisey həyatı bizim gələcəyin zabiti, vətən müdafiəçisi kimi formalaşmağımızda mühüm rol oynadı. Əmin etmək istəyirik ki, Ulu Öndərimizin adını daşıyan hərbi liseyin şərəfini daim uca tutacaq, qarşıdakı təhsil illərində də yüksək biliyimiz və intizamımızla öndə gedəcəyik. Liseydə qazandığımız bilik və bacarıqlara güvənərək yalnız irəli baxırıq. Ordumuza bilikli, peşəkar və vətənpərvər zabitlər gərəkdir. Bu məqsədə nail olmaq üçün əzmlə çalışacaq, ən əsası vətənimizə layiqli övlad olacaq, peşəkar zabit kimi ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə bütün qüvvələrimizi səfərbər edəcəyik. Əmin edirik ki, “And Yerimiz Vətən” bizim kimi oğulların çiynində daim yüksələcəkdir.
Tanrım verən ömür sənindir, Vətən,
Sinənə daş dəysə dağ-dağ olaram!
İrili-xırdalı yaralarına
Sarğı əvəzinə yarpaq olaram!
Bayrağın bir daha göylərdən enməz,
Güvəndiyin əsgər yolundan dönməz.
Kölgəndə yağılar kölgələnəmməz,
Sərhəd dirəyinə bayraq olaram!
Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Kursant Elçin Abbasov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.
Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Kursantların yetişməsində, yaxşı təhsil almalarında müəllimlərin böyük əməyi var. Liseydə təhsilin və hərbi hazırlığın düzgün qurulmasının nəticəsidir ki, buranı bitirən kursantlar ali hərbi məktəbləri də uğurla başa vururlar. Eyni zamanda kursantlar Azərbaycan ordusunda zabit kimi yaxşı xidmətləri və qəhrəmanlıqları ilə seçilirlər. Ali Məclisin Sədri bütün bunlara görə liseyin müəllimlərinə təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb.
Hərbi liseyin müəllimi Məryəm Vəlibəyova kollektiv adından minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikası gündən-günə inkişaf edir, hər bir sahəyə qayğı göstərilir. Heydər Əliyev adına Hərbi Lisey də hərtərəfli qayğı ilə əhatə olunub. Qısa zaman kəsiyində lisey böyük inkişaf yolu keçib, kursantların sağlamlığı, yaşayışı, fiziki hazırlığı üçün hərtərəfli şərait yaradılıb. Bundan sonra da Ulu Öndərimizin adına layiq çalışacaq və Azərbaycan ordusunun hərbi kadrlarla təminatına öz töhfəmizi verəcəyik. Günnüt əməliyyatının uğurla başa çatması hər bir azərbaycanlını çox sevindirir və bizim qəlbimiz fərəh hissi ilə döyünür. Bu, Azərbaycan ordusunun gücünü göstərir. Biz inanırıq ki, tezliklə işğal altında olan torpaqlarımız da düşməndən azad olunacaq və Azərbaycanın üçrəngli bayrağı həmin torpaqlarda dalğalanacaqdır.
Məryəm Vəlibəyova liseyin yaranmasının 20-ci ildönümü və 18-ci buraxılışı münasibətilə Ali Məclisin Sədrinə kollektiv adından xatirə hədiyyəsi təqdim edib.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.
Sonra Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb.
Aşpaz Sədaqət Nəcəfova minnətdarlıq edərək deyib: Liseydə kursantların qidalanması üçün hər cür şərait var. Onların sağlamlığının qayğısına qalınır. Yaradılan şərait bizi də qürurlandırır. Çalışırıq ki, dövlətimizin göstərdiyi etimada öz işimizlə cavab verək. Kursantlarla fəxr edir və onlara övladımız kimi qayğı göstəririk.