Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülmüş, “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılmışdır.
Aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək demişdir ki, müstəqillik illərində Naxçıvan tarixinin hərtərəfli öyrənilməsinə başlanmış, 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi bu sahədə əhəmiyyətli addım olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə keçirilən “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və digər beynəlxalq konfranslar Naxçıvan tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin öyrənilməsində mühüm rol oynamışdır. Muxtar respublikanın digər ərazilərində olduğu kimi, Duzdağda da aparılan beynəlxalq arxeoloji ekspedisiya zamanı xeyli sayda maddi-mədəniyyət nümunələri aşkar edilmiş, mühüm elmi nəticələr əldə edilmişdir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılmışdır ki, bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir. Duzun çıxarılması müəyyən əmək alətlərinin hazırlanmasını tələb edir ki, bu da sənətkarlığın inkişafına səbəb olmuşdur. Duz istehsalının ən böyük təsirlərindən biri də duz ticarətinin inkişafına təsir göstərməsidir. Bütün bunların nəticəsində Naxçıvanda ilkin şəhər mədəniyyəti formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılması da xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının daha bir ifadəsidir.
İsmayıl Hacıyev Naxçıvan tarixinin tədqiqinə və təbliğinə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın ziyalıları və elmi ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirmiş, bu münasibətlə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edərək demişdir: Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsi duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir. Belə ki, II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd etmişlər.
Ali Məclisin Sədri demişdir: Bu günə qədər Naxçıvan duzunun çıxarılması və Naxçıvan şəhərinin yaranma tarixi ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Naxçıvan Duzdağı ilə bağlı ilk tədbir 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumu olmuşdur. “Naxçıvan: ilkin şəhər və Duzdağ” beynəlxalq simpoziumunda isə Naxçıvanın Duzdağ mədəniyyəti ilə bağlı məsələlər müzakirə olunmuş, yeni faktlar üzə çıxarılmışdır. Ötən dövrdə Naxçıvan Duzdağı ilə bağlı beynəlxalq konfranslar da keçirilmiş, 1 monoqrafiya, 9 kitab və 80-ə yaxın elmi məqalə dərc olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasında müxtəlif muzeylər yaradılmışdır. Lakin Naxçıvan Duz Muzeyinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Əgər Naxçıvanda ilk insanların məskunlaşmasını və şəhər mədəniyyətinin formalaşmasını duzun çıxarılması ilə götürürüksə, onda Naxçıvan tarixinin araşdırılmasına da həmin dövrdən başlamaq lazımdır.
Ali Məclisin Sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan tarixinin öyrənilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsini yaratmış, bu sahədə qarşıya mühüm vəzifələr qoymuşdur. Çünki Naxçıvan tarixi Azərbaycan tarixinin əsas hissəsini təşkil edir. Ötən dövrdə Naxçıvan tarixinin öyrənilməsi istiqamətində mühüm tədbirlər görülmüş, elmitədqiqat işləri aparılmışdır. Naxçıvan duzunun tarixi ilə bağlı da tədqiqatlar aparılmış, eksponatlar toplanmışdır. Həmin eksponatlar bu gündən etibarən Naxçıvan Duz Muzeyində nümayiş olunacaqdır.
Qeyd olunmuşdur ki, bu gün də öz əhəmiyyətini itirməyən Naxçıvan duzu hazırda məişətdə, sənayedə, təbiətdə, insan sağlamlığının qorunmasında geniş istifadə olunur, ondan müxtəlif əl işləri hazırlanır. Hər il minlərlə insan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Bütün bunlar bir daha Naxçıvan duzunun bu gün də böyük əhəmiyyətə malik olduğunu göstərir. Qarşıda duran əsas vəzifə isə Naxçıvanın duz tarixini öyrənərək gələcək nəsillərə çatdırmaqdır. Ona görə də Naxçıvan tarixi bundan sonra da dərindən öyrənilməli, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, müvafiq dövlət qurumları və ziyalılar Naxçıvan şəhərinin yaranmasının duzun çıxarılması ilə bağlılığı sahəsində tədqiqatları genişləndirməli, arxiv sənədləri toplanmalı, yeni kitablar və elmi məqalələr yazılmalıdır.
Ali Məclisin Sədri Naxçıvan Duz Muzeyinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmiş, kollektivə gələcək işlərində uğurlar arzulamışdır.
Sonra muzeyə baxış olmuşdur. Məlumat verilmişdir ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur. Ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti cənab İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer almışdır.
Naxçıvan duzla bağlı inam və adətlərlə zəngindir. Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş olunan bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir. Duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Quran-i Kərim” duza verilən böyük dəyərin ifadəsidir.
Muzeydə nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daşduzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. Bununla bağlı duzdan hazırlanmış loqotip Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirir.
Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulmuşdur.
Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Naxçıvan duzu ilə bağlı arxeoloji qazıntıların aparılması, Duzdağ mədəniyyəti ilə bağlı beynəlxalq konfransların keçirilməsi, Naxçıvan duzunun tərkibi haqqında məlumatın muzeydə nümayiş olunması və naxçıvanlı sənətkarların duzdan hazırladıqları əl işlərinin satışının təşkili barədə müvafiq tapşırıqlar vermişdir.