Martın 27-də – Elm Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın elm xadimləri və ziyalıları ilə görüşüb.

Səlahiyyətli nümayəndə Elm Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ümumi inkişafın təmin olunması və kadr hazırlığı sahəsində elm xadimlərinin və ziyalıların qarşısında duran vəzifələrdən danışıb, elmi yanaşmanın vacibliyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar Bölməsinin müdiri Elnarə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin müəllimi Nicat Yaqubov, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev çıxış edərək elmin inkişafı ilə əlaqədar təkliflərini diqqətə çatdırıblar.

Səlahiyyətli nümayəndə tədbirə yekun vuraraq elm xadimləri və ziyalılara təşəkkürünü bildirib, təkliflərin sistemləşdirilərək dəyərləndiriləcəyini qeyd edib.