Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”. Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri, açılan yeni iş yerləri, istehsal və xidmət sahələrinin yaradılması dövlət müstəqilliyinin bəhrələridir.

Oktyabrın 18-də – Müstəqilliyin Bərpası Günündə Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati bina isifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edərək maliyyə orqanlarının fəaliyyəti üçün yaradılan şəraitə görə nazirliyin kollektivi adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.

Şahbuz Rayon Statistika İdarəsinin əməkdaşı Aytən Rüstəmli kollektiv adından minnətdarlıq etmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın 2 girişi vardır. Şahbuz Rayon Maliyyə Şöbəsi üçün binada 17 iş otağı, server, kombi və elektrik otağı, bufet nəzərdə tutulmuşdur. Binada şöbə əməkdaşlarının hər biri üçün ayrıca otaq, eləcə də qəbul otağı, əməliyyatların operativliyini təmin etmək üçün xəzinə əməliyyatı otağı, arxiv vardır. Şahbuz Rayon Statistika İdarəsi üçün isə 7 iş otağı ayrılmışdır.

Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi ilə aid  nazirlik və komitə arasında fasiləsiz elektron əlaqə təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası statistika komitəsinin sədri Vaqif Rəsulov yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Binanın həyətində yaşıllaşdırma işləri aparılmış, su və işıqlandırma sistemləri qurulmuşdur.

  Şahbuz şəhərində Mərasim evi

istifadəyə verilib

Muxtar respublikada xalqımızın qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Oktyabrın 18-də Şahbuz şəhərində Mərasim evi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 104 yerlik Mərasim evi zal, 2 mətbəx və kombi otağından ibarətdir. Mərasim evi Şahbuz şəhər bələdiyyəsinin balansındadır. Bina istilik və soyutma sistemləri ilə təchiz edilmiş, mətbəxdə mebel quraşdırılaraq lazımi avadanlıqlar qoyulmuş, həyət abadlaşdırılmışdır.

Şahbuz bələdiyyəsinin sədri İlham Qəhrəmanov Şahbuz şəhərində əlamətdar gündə mərasim evinin istifadəyə verilməsinin sakinlər tərəfindən minnətdarlıqla qarşılandığını bildirmişdir.

Ali Məclisin Sədri qurulanların qorunması barədə tapşırıqlar vermişdir.

Şahbuz şəhərində məktəbdənkənar təhsil

müəssisələri üçün yeni bina inşa olunur

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan binanın layihəsinə baxmış, tikinti işləri ilə də maraqlanmışdır.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada dəmir-beton işləri yekunlaşdırılmışdır. Tikinti işləri yekunlaşdıqdan sonra binada Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Turist-Diyarşünaslıq Mərkəzinin fəaliyyəti üçün şərait yaradılacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.