Vətən torpaqlarını düşmənə güzəştə getməyən, qəhrəmanlıq göstərən, uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımız qürur mənbəyimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır”.

Naxçıvandan olan hərbi qulluqçu, baş çavuş Rəşad Hüseynli Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhidlik zirvəsinə yüksəlmişdir.

Sentyabrın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin əməkdaşı və şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.

Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.

Şəhidin cənazəsi doğulduğu Culfa rayonunun Yaycı kəndinə yola salındı.

Ali Məclisin Sədri şəhidin atası Ramiz Hüseynov ilə görüşərək başsağlığı verdi.