Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev ideyalarına söykənən uğurlu idarəetmə sistemi dövlətimizin möhkəmlənməsinə, muxtar respublika əhalisinin rahat və təhlükəsiz şəraitdə yaşamasına xidmət edir. Bu müstəvidə muxtar respublikada yerləşən xüsusi təyinatlı təhsil müəssisələrinin, o cümlədən Orta İxtisas Polis Məktəbinin fəaliyyətinə yüksək dövlət qayğısı göstərilərək bütün tədris prosesi diqqət mərkəzində saxlanılır. Yaradılan yüksək şəraitin nəticəsidir ki, polis məktəbində təhsil almaq istəyənlərin sayı hər il artan tendensiya ilə müşayiət olunur. Həmçinin daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər və nümunəvi xidmətin təşkili də bu orqanda xidmət etmək arzusunda olan gənclərin sayının artmasına səbəb olub. Belə ki, təkcə cari il ərzində Orta İxtisas Polis Məktəbində təhsil almaq üçün 200 nəfərə yaxın gənc daxili işlər orqanlarına müraciət edib.
Qeyd olunub ki, 2022-2023-cü tədris ilində polis məktəbinə qəbul üçün müraciət etmiş çoxsaylı namizədlər arasından seçilərək kursant sıralarına daxil olmaq onların dövlətçiliyə xidmət üçün yolunu açmaqla yanaşı, üzərlərinə böyük məsuliyyət qoyur. Nazir əminliklə ifadə edib ki, həmin gənclər öz nümunəvi davranışı, yüksək təhsili və gələcək xidmətlərində daxili işlər orqanlarının şərəfli dövlətçilik ənənələrinə layiq olacaq, göstərilən etimadı və inamı daim doğruldacaqlar.
Vurğulanıb ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tələb və tapşırıqlarını əldə rəhbər tutan Orta İxtisas Polis Məktəbi tam şəffaflıq prinsipləri üzrə fəaliyyət göstərib, tədris prosesində müasir təhsil sisteminin bütün metodlarından istifadə edərək uğurlu nəticələrə imza atıb. Son iki ildə məktəbdən məzun olan 55 gənc zabit artıq daxili işlər orqanlarının müxtəlif sahələrində xidmətə başlayaraq ictimai asayişin və təhlükəsizliyin qorunmasına öz töhfələrini verməkdədir.
Diqqətə çatdırılıb ki, “Polis əməkdaşlarının andiçmə Qaydaları”na əsasən 2022-2023-cü tədris ilində Orta İxtisas Polis Məktəbinə qəbul olmuş 30 kursant bu gün həm də “Polis andı”nı qəbul edəcəkdir. Andiçmə mərasimi hər bir kursantın və əməkdaşın həyatında ən yaddaqalan və xüsusi anlamı olan bir gündür. Qəbul ediləcək bu anda daim sadiq qalmalı, polis adı uca tutulmalı, tədris prosesi müvəffəqiyyətlə başa vurulmalıdır.
Daxili işlər naziri “Polis andı”nı qəbul edəcək kursantları təbrik edərək onlara uğurlar arzulayıb.
Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev bildirib ki, böyük uzaqgörənliklə yaradılmış Orta İxtisas Polis Məktəbi muxtar respublikamızın hüquq-mühafizə orqanlarının kadr təminatının həyata keçirilməsində mühüm əhəmiyyətə malik olan təhsil ocağı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunaraq burada kursant və dinləyicilərin yüksək səviyyədə təhsil alması üçün möhkəm maddi-texniki baza, nümunəvi təlim-tədris sistemi yaradılıb.
Qeyd olunub ki, ötən müddət ərzində məktəbdə təhsil alanların dövlətçiliyə, polis andına sadiq əməkdaşlar kimi yetişməsi, onların fiziki, mənəvi və psixoloji hazırlığı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində olub. Artıq məktəbin məzunları muxtar respublikamızın polis orqanlarında xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
Vurğulanıb ki, Orta İxtisas Polis Məktəbində təhsil alan kursant və dinləyicilər yaradılmış şəraitdən bəhrələnərək yaxşı təhsil almaqla yanaşı, saf mənəviyyata, yüksək intellektə malik olmaq üçün səylə çalışmalı, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, onlara göstərilən etimadı doğrultmalıdırlar.
Dinləyici, polis sıravisi Rəşad Novruzlu kurs yoldaşları adından yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib və əmin edib ki, gələcək xidməti fəaliyyətində polis adını daim uca tutacaq, dövlətçiliyə sadiq qalacaq, ictimai asayişin və təhlükəsizliyin qorunması istiqamətində vəzifə borclarını dönmədən yerinə yetirəcəklər.
Sonra dinləyicilər polis andını qəbul edib, sıravi addımlarla tribuna önündən keçiblər.