Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətininin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru ilə görüşmüşdür.

Ali Məclisin Sədri Bilik Günündə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ilk dərs saatını tədris edikləri üçün qonaqlara təşəkkür etmiş, tədris bazası və təhsilin keyfiyyətinə görə Tibb fakültəsinin bölgədə nüfuza malik olduğunu, xarici ölkələrdən tələbələrin təhsil aldığını vurğulamışdır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ilə qardaş Türkiyə Respublikasının tibb fakültələri arasındakı əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri tələbələrin kurslara göndərildiyini, onlayn tədrisin təşkil olunduğunu bildirmişdir. Ali Məclisin Sədri tibb təhsilinin əsasının kimya-biologiya ixtisaslarının tədrisindən başladığını bildirmiş, bu gün istifadəyə verilən Kimya-Biologiya Təmayüllü Liseyin muxtar respublikada tibbi kadr təminatı üçün baza rolunu oynayacağını diqqətə çatdırmışdır.

“Ölkənin sağlam insanları nə qədər çoxdursa, deməli o ölkənin inkişafı təmin olunur”, – deyən Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada ən ucqar kəndlərdən tutmuş, şəhər mərkəzinə qədər müasir avadanlıqlarla təmin olunan səhiyyə müəssisələri tikilərək istifadəyə verilib. Bölgələrdə feldşer-mama məntəqələri, həkim ambulatoriyaları, sahə xəstəxanaları, mərkəzi rayon, şəhər və muxtar respublika xəstəxanaları, poliklinikalar, gigiyena epidemiya şöbələri fəaliyyət göstərir.

Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov səmimi qəbula görə minnətdarlıq edərək demişdir ki, Naxçıvana səfərlərimiz ənənə halını alıb. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dövlət imtahan komissiyasının sədri təyin olunduğunu və dövlət imtahanlarında iştirak etdiyini  deyən Müşviq Həsənov universitetin maddi-texniki bazası, eyni zamanda Naxçıvan şəhərindəki xəstəxanalardakı şəraitin burada hərtərəfli kadr hazırlığına imkan verdiyini diqqətə çatdırmışdır.

Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor, əməkdar elm xadimi Qalib Qarayev rəhbərlik etdiyi qurumla Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi arasında birgə elmi tədqiqatların aparılmasında maraqlı olduqlarını bildirmiş, gələcək əməkdaşlıq istiqamətlərindən danışmışdır.

 Sonra Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov tibb elminə, təhsilinə və səhiyyə sahəsinə göstərdiyi diqqətə görə “Həkimlərin dostu” fəxri adını Ali Məclisin Sədrinə təqdim etmiş, xatirə şəkli çəkdirilmişdir.