Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir. İclası daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 7 fevral 2022-ci ildə Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə verdiyi tapşırıq və tövsiyələr Daxili İşlər Nazirliyinin tarixində əlamətdar hadisə olmaqla yanaşı, əməkdaşlar arasında böyük ruh yüksəkliyi və stimul yaratmış, onların məsuliyyət hissini daha da artırmışdır. 2022-ci ilin birinci yarım ili daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, yenidən qurulması və əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərlə xarakterik olmuş, aidiyyəti Dövlət pro­qramlarından irəli gələn vəzifələr, eləcə də Nazirliyin Əsas Təşkilati Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər icra edilmişdir. Hesabat dövründə nazirliyin ayrı-ayrı xidmətlərinin və şəhər, rayon, nəqliyyatda polis orqanlarının əsasnamələri, o cümlədən funksional vəzifə bölgüləri yenidən hazırlanaraq təsdiq edilmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün müvafiq qaydada Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Martın 1-də polis sahə inspektorlarının fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması ilə bağlı geniş müşavirə keçirilmiş, polis sahə inspektorunun fəaliyyətinin əsasını təşkil edən normativ aktlar və digər zəruri vasitələrlə təchiz edilmiş 142 ədəd xidməti çanta əməkdaşlara təqdim olunmuşdur. İyunun 13-də polis sahə inspektorları ilə növbəti müşavirə keçirilmiş və əməliyyat şəraitinə operativ nəzarət olunması məqsədilə müvafiq proqram təminatına malik olan 48 ədəd planşet əməkdaşların xidməti istifadəsinə verilmişdir.
Qeyd olunmuşdur ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyində ilk dəfə olaraq Elektron Nəzarət Sistemi qurulmuşdur. Nazirliyin müvafiq xidmətlərinin müasir texnoloji vasitələrlə təmin olunması istiqamətində yol-patrul xidmətinin istifadəsində olan xidməti avtomobillərdə quraşdırılmış köhnə nəsil bort-kompüterlərin müasir tələblərə cavab verən yeni texnoloji vasitələrlə əvəz edilməsi məqsədilə 24 ədəd müasir bort-kompüter alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən “Tetra” rəqəmsal radiorabitə sisteminə bağlı olan 110 ədəd “Motorolla” markalı radiostansiya, o cümlədən kriminalistik tədqiqatların daha keyfiyyətli aparılması üçün 3 ədəd istintaq çamadanı, 3 ədəd müasir fotoaparat, 1 ədəd hadisə yerində izlərin fotoşəklini çəkmək üçün “Popillon Fosko” cihazı, DNT nümunələrinin götürülüb qablaşdırılması üçün DNT çubuqları və zərflər alınaraq aidiyyəti xidmətlərin istifadəsinə verilmişdir.
Diqqətə çatdırılmışdır ki, 2022-ci ilin I yarım ilində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Prokurorluğunda muxtar respublika ərazisində törədilmiş cinayət hadisələri üzrə 14 cinayət işi başlanaraq istintaqı aparılmışdır. Törədilmiş cinayətlərin açılması 100 faiz təmin edilmiş, dövlət hakimiyyəti əleyhinə, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən və ya insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmamışdır. Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri zamanı 16 inzibati fakt aşkar edilmiş, nаrkоtik tərkibli bitkilərin yаyılmаsının qаrşısının аlınmаsı məqsədilə keçirilən reyd yoxlamaları zamanı 152758 ədəd yabanı halda bitən narkotik tərkibli bitki yığılaraq məhv edilmişdir. Həmçinin dахili işlər оrqаnlаrı tərəfindən 6886 inzibаti prоtоkоl tərtib еdilmişdir ki, 2021-ci ilin I yarım ili ilə müqayisədə inzibаti хətаlаra dair protokolların sayı 443 vahid və ya 6 faiz azalmışdır. Buna səbəb polisin xidməti fəaliyyətində profilaktikaya geniş yer verilməsi, əhali arasında aparılan hüquqi maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirilməsi olmuşdur.
Daxili işlər naziri bildirmişdir ki, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 218 dəfə profilaktik söhbətlər aparılmış, yetkinlik yaşına çatmayanlar arasında vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsi məqsədilə Şərur, Babək, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonları ərazilərində yerləşən orta məktəblərdə 51 şagirdə şəxsiyyət vəsiqələri təntənəli surətdə təqdim edilmişdir. 30 mart 2022-ci ildə yol-patrul xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun təşkili istiqamətində tədbir keçirilmiş, Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti və görülən işlər təhlil edilərək xidmətin səmərəli təşkili istiqamətində qarşıya qoyulan vəzifələr müəyyənləşdirilmişdir. 2022-ci ilin I yarım ilində dövlət yol polisi əməkdaşları tərəfindən 146 sərxoş sürücü aşkar edilərək barələrində qanuni tədbirlər görülmüşdür. Bununla yanaşı, yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Həmçinin “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə yarım il ərzində 215 hadisə aşkarlanmışdır.
Qeyd olunmuşdur ki, bəhs olunan dövrdə Daxili İşlər Nazirliyinin “Səyyar xidməti” tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonlarında, ümumilikdə, 5735 müraciət qəbul olunaraq qüsursuz icra edilmişdir.
Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində yarım il ərzində xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 34 əməkdаş müхtəlif mükafatlara layiq görülmüşdür.
Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra kollegiya iclasının qərar layihəsi oxunub.