Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin buraxılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi strategiyanın ardıcıl və dönmədən həyata keçirilməsi muxtar respublikada dinamik inkişaf və sosial-iqtisadi tərəqqi baxımından yeni tarixi mərhələnin əsasını qoyub. Bu gün Naxçıvan yalnız iqtisadi inkişaf tempinə görə deyil, həm də ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik baxımından regionun ən stabil diyarıdır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Orta İxtisas Polis Məktəbində yaradılan hərtərəfli şərait kursant və dinləyicilərin tədris olunan dərsləri tam mənimsəmələrinə, intellektual təfəkkürə malik, nəzəri və praktik biliklərə yiyələnmiş peşəkar polis zabiti kimi yetişmələrinə geniş imkanlar açıb. Təhsil sahəsində uğurlu Dövlət proqramlarının icra edilməsi və xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinə göstərilən müstəsna qayğı 44 günlük Vətən müharibəsində naxçıvanlı gənclərin nümayiş etdirdiyi böyük şücaət və vətənpərvərlik nümunəsi olmaqla yanaşı, muxtar respublikada həyata keçirilən siyasi xəttin müdriklyini və alternativsizliyini bir daha sübut etdi.
Diqqətə çatdırılıb ki, cari il fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri kadr işinin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun yaradılmasının nəzarətdə saxlanılması, şəxsi heyətlə müvafiq xidməti dərslərin, kursların keçirməsi, müsbət təcrübənin yayılmasının təşkil olunması, bu sahədə Orta İxtisas Polis Məktəbinin imkanlarından istifadə olunması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Həmin vəzifələrin yerinə yetirilməsi üçün Orta İxtisas Polis Məktəbi ötən dövr ərzində fəaliyyətini müasir standartlar çərçivəsində quraraq təkcə təhsil müəssisəsi kimi deyil, həm də daxili işlər orqanlarının tədris bazası kimi fəaliyyət göstərib. Belə ki, məktəbdə kursantlar və dinləyicilər üçün müvafiq təhsil proqramına uyğun olaraq həyata keçirilən tədris prosesi ilə yanaşı, polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif xidmət sahələri üzrə virtual və nəzəri təlimlər, peşəkar mütəxəssislər cəlb olunmaqla əlavə seminar-məşğələlər də keçirilib. Eyni zamanda Orta İxtisas Polis Məktəbinin pedaqoji heyətinin peşə ustalıqlarının artırılması məqsədilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə qarşılıqlı əlaqələr yaradılıb, təcrübəli pedaqoqların iştirakı ilə metodiki məşğələlər keçirilərək müəllimlərin peşəkarlıqlarının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi ikinci ildir ki, məzunlarını yola salır. Ötən il Polis Məktəbini başa vurmuş 25 nəfər daxili işlər orqanlarının müxtəlif xidmət sahələrində ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində müqəddəs vəzifə borclarını yerinə yetirir. Məktəbdən məzun olacaq 30 gənc zabit də daxili işlər orqanlarında vəzifələrinin icrasına başlayarkən, ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalacaq, Azərbaycan polisinin fədakar və nəcib missiyasını ləyaqətlə yerinə yetirəcək.
Nazir çıxışının sonunda məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb, daxili işlər orqanlarına göstərilən yüksək dövlət qayğısına görə bütün şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev çıxış edərək məktəbdə yaradılan şəraitdən, həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, fəaliyyətə başladığı gündən Polis Məktəbi Ali Məclis Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunaraq inkişaf yoluna qədəm qoyub, burada kursant və dinləyicilərin yüksək səviyyədə təhsil alması üçün möhkəm maddi-texniki baza, nümunəvi təlim-tədris sistemi yaradılıb. Kursant və dinləyicilərin bilik səviyyəsinin artırılması, müəllim heyətinin pedaqoji ustalığının yüksəldilməsi, kursantların milli-mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması diqqətdə saxlanılıb.
Orta İxtisas Polis Məktəbinin məzunu, polis kiçik leytenantı Ruzi Əhmədov çıxış edərək məzunlar adından onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib, Polis Məktəbinin adını bundan sonra da uca tutacaqlarına, dövlətə və polis andına sadiq olacaqlarına, nizam-intizamla daim öndə gedəcəklərinə söz verib.
Sonra məzunlara diplomlar təqdim olunub. Məktəbi fərqlənmə diplomu ilə bitirən polis kiçik leytenantı Ruslan Məmmədov tərəfindən xatirə kötüyünə lövhə vurulub. Orta İxtisas Polis Məktəbinin marşı ifa edilib, tədbir şəxsi heyətinin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.