İyunun 1-də – Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlamış, Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar və tarixi gün – Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, diviziyanın bütün şəxsi heyətini və sərhədçi ailələrini təbrik edərək demişdir: Bu il həm də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü tamam olur. “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi müstəqil dövlət quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. Həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikadakı sərhədlərində 41-ci sərhəd dəstəsi dayanırdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları isə Ermənistandakı sərhəd dəstəsinin tabeliyində idi. Ulu öndərin təşəbbüsü ilə həmin zastavalar Naxçıvandakı 41-ci sərhəd dəstəsinə birləşdirildi. Bunun ardınca 41-ci sərhəd dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verildi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırıldı və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradıldı. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, hətta gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirilməlidir”.
Ali Məclisin Sədri demişdir: Milli Qurtuluşun bəhrələrindən biri də güclü və qüdrətli Azərbaycan Ordusudur. Ulu öndərin rəhbərliyi ilə Naxçıvandan başlanan ordu quruculuğu işlərinin davamı olaraq Azərbaycan Silahlı Qüvvələri tam formalaşdırılmış, bu tədbirlər sırasında Naxçıvanda dövlət sərhədlərimizin mühafizəsi işi də diqqətdə saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev də ümummilli liderin yolunu davam etdirərək ordu quruculuğuna və sərhədlərimizin etibarlı mühafizəsinə diqqəti artırmış, dövlət başçısının müvafiq fərmanları ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmış, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilmişdir. Muxtar respublikada sərhədlərimizin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələdədir. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının mərkəzi qərargahı yenidən qurulmuş, 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçi ailələrinin məişət şəraiti yaxşılaşdırılmışdır.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi və xidməti olanlara təşəkkür edərək demişdir ki, bütün bunlar Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir.
“Sərhəd hər bir ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədlərin etibarlı mühafizəsi isə inkişaf və sabitlik deməkdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ona görə də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik dövlət sərhədini bundan sonra da etibarlı mühafizə etməli, hərbi intizama ciddi əməl olunmalı, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır.
Ali Məclisin Sədri bu vəzifələrin icrasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə uğurlar arzulamış, onları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun” fikirləri ilə tamamlamışdır.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək demişdir ki, diviziyanın maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. 1-ci Sərhəd Komendantlığı üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Niyaməddin Tağıyev 1-ci Sərhəd Komendantlığında yaradılan şəraitə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, bundan sonra da sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə söz vermişdir.
Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirmişdir.
Zabit İlkin Mehdiyev sərhədçilər adından minnətdarlıq edərək demişdir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilib. Bu gün təqdimatı olan Şərur Sərhəd Komendantlığı da görülən işlərin və sərhədçilərə göstərilən qayğının bariz nümunəsidir. Əmin edirik ki, yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edəcəyik.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 1-ci Sərhəd Komendantlığının xidməti ərazisi Şərur, Sədərək və Kəngərli rayonlarını əhatə edir. Tabeliyində 8 sərhəd zastavası vardır. Komendantlıqdakı 2 mərtəbəli qərargah binası, 96 yerlik əsgər yataqxanası, 136 yerlik yeməkxana, 18 mənzillik yaşayış binası, 2 nəzarət-buraxılış məntəqəsi, hamam-camaşırxana, qazanxana, əşya, tərəvəz, silah-sursat və ərzaq anbarları, avtomobillər üçün 9 saxlanc yeri və transformator yarımstansiyası yenidən qurulmuşdur. Qərargah binasında müşavirə zalı, 10 iş otağı, arxiv və rabitə otaqları vardır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan əsgər yataqxanasında subay zabitlər üçün istirahət yeri, sinif, məişət, silah, rabitə, 5 iş otağı, 10 çarpayılıq tibb məntəqəsi və aptek yerləşir.
Ərazidə yeni sıra meydanı, futbol meydançası, idman şəhərciyi, ailələr və əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və uşaq əyləncə yerləri yaradılmış, 200 abonentlik müasir avtomat telefon stansiyası və 22 sabit videokamera sistemi quraşdırılmışdır. Videokameraların görüntüləri mərkəzləşdirilmiş qaydada sərhəd komendantlığına və diviziyaya ötürülür, serverdə 2 ay müddətində saxlanır. 6 hektar ərazidə abadlaşma işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuş, yaşıllıq salınmışdır.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşərək demişdir: Bu gün 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verildi. Burada həm xidmətin düzgün təşkili, həm də rahat yaşayış üçün hərtərəfli şərait yaradılıb. Zabit o zaman öz xidmətini yaxşı yerinə yetirə bilir ki, onun ailəsi üçün lazımi şərait təmin olunur. İstifadəyə verilən xidmət kompleksində bütün bunlar nəzərə alınıb. Burada ailələr rahat yaşayacaq, onların həyat yoldaşları da dövlət sərhədində öz xidmətlərini layiqincə yerinə yetirəcəklər. Ərazidə uşaqların istirahəti üçün də lazımi şərait yaradılıb. Bir sözlə, bu gün sərhədçi ailələri, eyni zamanda şəxsi heyət üçün lazımi şəraitin olması xidmətin yaxşı təşkil olunacağına əminlik yaradır.
Ali Məclisin Sədri demişdir: Vaxtilə Sovet dövründə burada xüsusi hərbi hissə yerləşirdi. Lakin bugünkü xidmət və yaşayış şəraiti yox idi. Bu gün müasir xidmət və yaşayış kompleksinin sərhədçilərin və ailə üzvlərinin istifadəsinə verilməsi müstəqil dövlətimizin hərbi qulluqçulara və onların ailələrinə göstərdiyi diqqətin daha bir ifadəsidir. Muxtar respublikanın bütün hərbi hissələrində bu şərait yaradılmışdır. Ona görə də hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, uşaqlar təhsilli böyüdülməli, peşə vərdişlərinə yiyələnməlidirlər.
Ali Məclisin Sədri sərhədçi ailələrinə rahat həyat arzulamış, bütün muxtar respublika uşaqlarını 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri uşaqlara hədiyyələr təqdim etmişdir.
Ülviyyə Mehdiyeva sərhədçi ailələri adından çıxış edərək demişdir: “Vətən sərhəddən başlayır və sərhədçi olmaq şərəfli bir peşədir. Muxtar respublikada sərhədçi ailələrinin rahat yaşayışı üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar Ali Məclis Sədrinin sərhədçi ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu gün, eyni zamanda 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Sərhədçi ailələrinə və uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edirik”.
Uşaqlar vətənpərvərlik ruhunda şeirlər söyləmişlər.
Sonra Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, yaşayış binasındakı mənzillərdən 8-i üçotaqlı, 10-u isə ikiotaqlıdır.
Ali Məclisin Sədri qurulanların qorunması, nizam-intizama diqqət yetirilməsi və xidmətin təşkili barədə tapşırıqlar vermişdir.