Mayın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq edib, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilib. Qeyd olunub ki, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görüb, tarixi-mədəni irsə və milli soykökə qayıdışın əsasını qoyub, milli kadr hazırlığına başlanılıb, iqtisadi potensial formalaşdırılıb. Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər isə dövlət müstəqilliyi üçün konkret tədbirlərin görüldüyü, mühüm tarixi qərarların qəbul edildiyi dövrdür. Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə – ölkədə müstəqillik elan olunmamışdan bir il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülüb. Bunun ardınca Sovet qoşun hissələri Naxçıvandan çıxarılıb, ilk milli sərhəd dəstəsi və ordu qurumu yaradılıb, kommunist partiyasının fəaliyyəti dayandırılıb, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin təminatı olan Yeni Azərbaycan Partiyası təsis olunub, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulub, ən əsası isə Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməyib.

Ümummilli liderimiz deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Bildirilib ki, ulu öndər Naxçıvanda bu tədbirləri həyata keçirərkən ölkəmizdə bunun əksinə olaraq ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr hökm sürür, torpaqlarımız işğal olunurdu. Belə bir dövrdə – 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycanı Milli Qurtuluşa qovuşdurub, ölkə işğaldan, müstəqilliyimiz isə itirilmək təhlükəsindən xilas edilib. 2003-cü ildən etibarən ölkə Prezidenti ulu öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi müstəqillik tariximizin ən möhtəşəm nailiyyəti, ümummilli lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 69, kənd təsərrüfatı məhsulları 15, sənaye istehsalının həcmi 117 dəfə artıb, 100 minə yaxın yeni iş yerləri açılıb, yaşayış məntəqələri böyüyüb, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranıb. Tikinti-quruculuq işləri geniş vüsət alıb, 233 elm və təhsil ocağı, 364 mədəniyyət, 252 səhiyyə, 29 idman obyekti, 353 inzibati bina, 1346 istehsal və xidmət sahəsi tikilib, 1112 müxtəlif təyinatlı obyekt yenidən qurulub və ya əsaslı təmir olunub, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilib. İsmayıl Hacıyev çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bu gün Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ulu öndərin siyasi xəttindən keçir” fikirləri ilə tamamlayıb.

Sonra simfonik orkestrin konserti başlayıb.

Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovun dirijorluğu ilə keçirilən konsertdə görkəmli bəstəkarlardan Müslüm Maqomayevin, Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Ramiz Mirişlinin, Asəf Zeynallının, Eldar Mansurovun və digərlərinin əsərləri, eləcə də xalq mahnıları ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın və Mübariz Əsgərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynovanın və Azər Cəfərovun, tələbələrdən İsrafil Qibləliyevin çıxışları, eləcə də konservatoriyanın yallı qrupunun ifasında “Köçəri” yallısı alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin üzvləri ilə görüşüb, onlara uğurlu konsert proqramına görə təşəkkür edib, Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq deyib: Simfonik orkestrin üzvləri müstəqillik dövrünün yetirmələridir. Konsert 1995-2000-ci illəri xatırlatdı. Naxçıvanda həmin dövrdə musiqi məktəblərinin fəaliyyəti və musiqi tədrisi tələb olunan səviyyədə deyildi. Ona görə də bu sahədə işlərə başlanıldı. Naxçıvan Dövlət Universitetində konservatoriya yaradıldı, musiqi təhsili sahəsində mühüm işlər görüldü. Nəticədə Naxçıvan Dövlət Universitetinin və tabeliyinə verilən Musiqi Kollecinin birgə simfonik orkestri yarandı.

“Mədəniyyət hər bir ölkənin inkişafının göstəricisidir”,-deyən Ali Məclisin Sədri bildirib ki, musiqi kollektivləri də mədəniyyətin daşıyıcıları olaraq ölkəmizi musiqi və mədəniyyət sahəsində təmsil edir, tanıdırlar. Ona görə simfonik orkestrin bugünkü çıxışı onu deməyə əsas verir ki, kollektiv qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəkdir.

Ali Məclisin Sədri bütün bunların yaradılan şəraitdən səmərəli istifadə nəticəsində mümkün olduğunu bildirib, kollektivə uğurlar arzulayıb.