Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türk Tarix Qurumunun sədri Birol Çətin ilə görüşüb.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumu arasında imzalanan əməkdaşlıq protokolunun əhəmiyyətini vurğulayıb, ortaq türk tarixinin yazılmasının vacibliyini diqqətə çatdırıb. Qədim türk torpağı olan Naxçıvanın tarixinin Nuh Peyğəmbərlə bağlı olduğunu bildirən Ali Məclisin Sədri Anadolunun türkləşməsində və İslam dininin o ərazilərdə yayılmasında Naxçıvanın rolundan danışıb.

Ali Məclisin Sədri müstəqillik illərində Naxçıvan tarixinin öyrənilməsi sahəsində görülən işlərdən bəhs edib, Naxçıvanşünaslığın mühüm elmi nailiyyətlərlə zənginləşdirildiyini qeyd edib, birgə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Türk Tarix Qurumunun sədri Birol Çətin Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi qurumun gördüyü işlər, aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Naxçıvandan olan alimlərin iştirakı ilə arxeoloji qazıntıların aparılmasında, beynəlxalq konfransların keçirilməsində maraqlı olduqlarını bildirən Birol Çətin birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.