Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür… Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatını daha da inkişaf etdirəsiniz”.

Bu gün ulu öndərin arzuları reallığa çevrilib. Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Şərur rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri, yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması məskunlaşmanın artmasına səbəb olub. 2022-ci ildə də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər, sənaye və mədəniyyət müəssisələri tikilərək istifadəyə verilir.

Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik

üçün müasir iş şəraiti yaradılıb

Mayın 10-da – ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan quruculuq işləri Şərur rayonunu da əhatə edib. 2021 və 2022-ci illərdə Şərur şəhərində 40 mənzilli yaşayış binasının, Gigiyena və Epidemiologiya Şöbəsinin, eləcə də xidmət sahələrinin istifadəyə verilməsi, Saat Meydanının, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Şərur Rayon Şöbəsinin inzibati binasının, 7 yaşayış binasının, yeraltı piyada keçidinin, “Araz” Elm İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsinin, Sərxanlı kəndində içməli su xəttinin, Ərəbyengicə kəndində Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış komplekslərinin, 8 meqavatlıq Şərur Günəş Elektrik Stansiyasının, Muğanlı və Maxta yarımstansiyaların tikintisi, yenidən qurulması və əsaslı təmir işləri başa çatdırılıb. Həmçinin ötən il Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kompleks quruculuq işləri aparılıb. Hazırda rayonun Vərməziyar, Alışar, Həmzəli və Axura kəndlərində inşaat işləri davam etdirilir. Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik avtomobil yolunun, Ərəbyengicə kəndində Sərhəd Zastavasına gedən yolun, eyni zamanda, Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kənddaxili yolların yenidənqurulması başa çatdırılıb. Görülən işlər rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb, onların qurub yaratmaq əzmini daha da artırıb. Kamal Cəfərov göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Şərur rayonunda tarixi bina – vaxtilə rayon partiya komitəsinin fəaliyyət göstərdiyi bina yenidən qurularaq dövlət təşkilatlarının istifadəsinə verilir. Bu gün  ölkəmizin hər bir yerində abadlıq-quruculuq işləri aparılır. Azərbaycan inkişaf edir və ən əsası da odur ki, ölkəmizdə ulu öndər Heydər Əliyev siyasəti yaşayır və davam etdirilir. Bunun da nəticəsi olaraq Azərbaycanda sabitlik və inkişaf vardır. İnsanların yaşayışı, rifahı və iş şəraiti yaxşılaşdırılır. Bunlar o ölkədə baş verir ki, orada yol düzgün seçilib, ölkəyə uğurla rəhbərlik edilir. Bütün bunların hamısı ölkəmizdə mövcuddur. Bu yolun da əsası ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyəti illərində qoyulub.

Ali Məclisin Sədri deyib: Bu gün ümummilli liderimizin anadan olduğu gündür. Ulu öndərin siyasi xətti Şəruru da inkişafa qovuşdurub. Şərur rayonu yarandığı gündən ötən dövrdə heç vaxt bu qədər inkişaf etməyib, rayonda bu qədər geniş quruculuq işləri aparılmayıb. Təkcə quruculuq işləri deyil, Şərur rayonu eyni zamanda kənd təsərrüfatı rayonudur. Aqrar sahə inkişaf etdirilir, bol məhsul istehsal olunur. Ölkəmizin ərzaq təhlükəsizliyində Şərur rayonunun da payı vardır. Bundan başqa, rayonun sənayeləşməsi üçün tədbirlər görülür. Sənaye məhəlləsi yaradılır, kiçik sahibkarlıq müəssisələrinin qurulması üçün dövlət tərəfindən kreditlər verilir, ailə təsərrüfatları inkişaf etdirilir. Bir sözlə, bu gün rayonun inkişafı üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında da əhaliyə xidmətlər göstəriləcəkdir. Ona görə də kollektivlər yaradılan şəraitdən istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməli, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, dövlətin qayğısına layiqli işlə cavab verməlidir.

Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Türkanə İsmayılova yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyiniz dövrdə Naxçıvan böyük inkişaf yolu keçib, yenidən qurulub. Bu gün muxtar respublikanın hansı səmtinə yolumuz düşsə düşünülmüş siyasətin möhtəşəm nəticəsini görəcəyik. Müstəqillik illərində muxtar respublikanın bütün bölgələri kimi, Şərur rayonuna da aparılan genişmiqyaslı quruculuq tədbirlərindən pay düşmüşdür. Rayonun Sovet dövründən qalma köhnə, yararsız tikililərinin yerində müasir görünüşlü, hərtərəfli şəraitə malik yeni binalar ucaldılıb. Həyata keçirilən tədbirlər nəticəsində Şərur şəhərində də yüksək səviyyəli infrastuktur yaradılıb. Təsadüfi deyil ki, bü gün Şərur müasir Azərbaycan şəhərləri sırasındadır”.

Sonra binaya baxış olub. Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində Şərur Şəhər Bələdiyyəsi üçün 4, Şərur rayon 1 saylı Notariat Ofisi üçün 3 və statistika işçiləri üçün iş otaqları nəzərdə tutulub. Şərur rayon Ağsaqqallar Şurası üçün də binanın birinci mərtəbəsində otaq ayrılıb. Binada 44 yerlik iclas zalı yerləşir.

Binanın ikinci mərtəbəsində Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi üçün 5 iş otağı və arxiv, eyni zamanda Yeni Azərbaycan Partiyası Şərur şəhər ərazi ilk partiya təşkilatı yerləşir. Təşkilatın 899 üzvü vardır ki, onlardan da 244-ü gənc, 396-sı isə qadındır.

Ərazi ilk partiya təşkilatının sədr müavini Ramin Şükürov partiya üzvləri və Şərur rayon sakinləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır, bütün sahələr üzrə inkişaf edir, müasirləşir. Ulu öndərimizin arzuları bir-birinin ardınca həyata keçirilir. İnkişafın ən mükəmməl nəticələrini bu gün Naxçıvan Muxtar Respublikasında da görürük. Son illərdə muxtar respublikanın siması köklü surətdə yenilənmişdir. Əhalinin güzəranı, həyat səviyyəsi yüksəlmişdir. Bütün bunlar muxtar respublika rəhbərinin gərgin əməyi sayəsində mümkün olub. Muxtar respublikanın bütün rayonları kimi Şərur rayonu da sürətlə inkişaf edir, çiçəklənir. Şərurlular bu inkişafı ulu öndərimiz Heydər Əliyevin inkişaf srtategiyasının bariz nümunəsi kimi qiymətləndirirlər. Biz də partiya üzvləri olaraq yaradılan şəraitdən səmərəli istifadə edəcəyik”.

Ağsaqqallar Şurasının sədri Mirhüseyn Seyidov minnətdarlıq edərək deyib: “Mənim 75 yaşım var. Bu müddət ərzində müxtəlif vəzifələrdə çalışmışam. Rayonun ictimai-siyasi fəaliyyətində yaxından iştirak etmişəm. Lakin Şərurda bugünkü qədər quruculuq işlərinin şahidi olmamışam”.

***

Sonra Ali Məclisin Sədri Şərur şəhər Mərkəzi Stadionunda olub, burada həyata keçiriləcək yenidənqurma işləri ilə bağlı  müvafiq tapşırıqlar verib.