Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin davamlı olaraq gücləndirilməsi dövlət siyasətinin prioritetlərindədir. Muxtar respublikada da səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqətdə saxlanılır.

Yanvarın 14-də Çərçiboğan kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb.

Məlumat  verilib  ki,  ikimərtəbəli həkim ambulatoriyası  14 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloq, palata, mama-ginekoloq və doğuş, manipulyasiya, fizioterapiya, peyvənd, laboratoriya, qeydiyyat, aptek, feldşer, tibb bacısı, texniki işçilər və qazanxana üçün otaqlar vardır. Tibb ocağı stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, fizioterapevtik kabinə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası ilə təmin edilib.

Ambulatoriyanın baş həkimi Həsən Həsənli kənddə tibbi xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “Mən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişəm. Bu gün bu məsuliyyətli işin layiqincə öhdəsindən gələcəyimizə və kənd əhalisinin sağlamlığının qeydinə qalacağımıza söz veririk. Bir gənc həkim olaraq bunu da qeyd etməliyəm ki, bu gün muxtar respublikada mənim kimi gənc məzunlar müraciət etdikləri müəssisələrdə asanlıqla işlə təmin oluna bilirlərsə, bu, Ali Məclis Sədrinin gənclərə göstərdiyi qayğının və etimadın göstəricisidir”.

Ali Məclisin Sədri sakinlərin, xüsusilə uşaqların sağlamlığına və peşə hazırlığına diqqət yetirilməsi barədə tapşırıqlar verib.