Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamına əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə kollektivi, muxtar respublikanın bütün mətbuat işçilərini, ziyalıları və oxucuları təbrik edərək demişdir: 1921-ci ildə ilk nömrəsi nəşr olunan “Şərq qapısı” qəzeti şərəfli yol keçmiş, Azərbaycanda öz üslubu və yolu ilə seçilən mətbuat orqanı kimi böyük nüfuz qazanmışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin milli soykökə qayıdış siyasətinin tərkib hissəsi kimi qəzet də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə Sovetlər Birliyinin qatı senzura tələblərinə baxmayaraq qəzetin siyasi-ideoloji istiqamətində millilik üstün istiqamət kimi götürülmüş, xalqımızın tarixinə, milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılara geniş yer verilmiş, muxtar respublikanın iqtisadi və mədəni inkişafı qəzet səhifələrində dolğun əks olunmuşdur.Dahi şəxsiyyət Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti müstəqil dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuş, Azərbaycanın xilasını görkəmli dövlət xadiminin yenidən siyasi hakimiyyətə qayıdışında görmüşdür. Həmin illərdə ümummilli liderin milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvanda qəbul etdiyi tarixi qərarlar, muxtar respublikanın işğaldan qorunması və ağır iqtisadi şəraitdən çıxarılması sahəsində gördüyü işlər qəzetin xüsusi bülletenləri vasitəsilə bütün Azərbaycana çatdırılmışdır.
Ali Məclisin Sədri demişdir: Təsadüfi deyil ki, hələ Sovetlər Birliyinin dağılmadığı bir vaxtda – 1990-cı ildə “Şərq qapısı” müstəqil mətbuat orqanı kimi fəaliyyət göstərmiş, qəzetdə proletar şüarları ilə deyil, milli birlik və müstəqillik çağırışları ilə yazılar dərc olunmuşdur. Qəzet öz səhifələrində dahi şəxsiyyətin müsahibə və çıxışlarına geniş yer ayırmaqla, bütövlükdə xalqımızın ictimai-siyasi ideyalarının formalaşması işinə mühüm töhfə vermişdir. Ulu öndər “Şərq qapısı” qəzetinin 1990-cı il 26 iyul tarixli nömrəsində dərc olunmuş müsahibəsində demişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyə almışam. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
“Muxtar respublikada qəzetçilik ənənələrinin inkişafında “Şərq qapısı”nın xüsusi xidmətləri olmuş, qəzetin yaradıcılıq məktəbini keçən böyük ziyalılar nəsli formalaşmışdır”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün “Şərq qapısı” qəzeti ilə yanaşı, muxtar respublikada 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, informasiya agentliyi və onlarla internet informasiya resursları fəaliyyət göstərir, media orqanlarında yüzlərlə jurnalist çalışır. Müstəqillik illərində ölkəmizdə mətbuatın və medianın inkişafı sahəsində görülən işlər “Şərq qapısı” qəzetini də əhatə etmiş, maddi-texniki bazası gücləndirilmiş, müasir redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmiş, yaradıcılıq imkanları və oxucu dövriyyəsi genişlənmişdir.Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və sosial-mədəni həyatında mühüm yeri olan “Şərq qapısı” qəzetinin yubileyləri daim dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli liderimizin 1996-cı il noyabrın 26-da “Şərq qapısı” qəzetinin 75 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubunda qeyd edirdi ki, “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur”.
Ali Məclisin Sədri demişdir: Bu gün tərəddüdsüz demək mümkündür ki, “Şərq qapısı” qəzeti Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından ən etibarlı mənbədir. Qəzetin 100 illik tarixində Naxçıvanın taleyi və müqəddəratı, çətinlikləri və uğurları əks olunub. İctimai nəzarət funksiyasını yerinə yetirən orqan kimi qəzet bu gün də muxtar respublikanın tanıdılması və təbliğində səmərəli fəaliyyət göstərir, sosial-iqtisadi və mədəni inkişafa öz töhfəsini verir.Qəzetçilik böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək, prosesləri qabaqlamaq və düzgün təhlil etmək bacarığı tələb edən sənətdir. Əgər ilk dəfə nəşrə başlayanda “Şərq qapısı” qəzetinin başlıca məqsədi cəmiyyətdə maarifçiliyə, elmi və mədəni tərəqqiyə nail olmaq idisə, bu gün qəzetin qarşısında bununla bərabər, həm də çevik informasiya siyasəti aparmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və quruculuq salnaməsini yaratmaq və tarixləşdirmək kimi mühüm vəzifələr durur.
Ali Məclisin Sədri bu yolda mətbuat işçilərinə uğurlar arzulamış, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunu, çətinliklərini və uğurlarını təhlil edərək ictimaiyyətə düzgün çatdıran, eyni zamanda bunu kitab halında nəşr edən jurnalistlərə təşəkkürünü bildirmiş, qəzetin kollektivini yubiley münasibətilə bir daha təbrik etmişdir.
“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək demişdir ki, 1921-ci ilin noyabrında “Cavanlar həyatı”, 1921-ci ilin dekabrından etibarən “Füqəra səsi”, 1922-ci ilin aprel ayından isə “Şərq qapısı” adı ilə nəşr olunan qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır. Müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə “Şərq qapısı” qəzetinin 75, 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmiş, əməkhaqları bir neçə dəfə artırılmış, 2011-ci ildə 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, qəzetin əməkdaşları mənzillə təmin olunmuşdur. Bu gün “Şərq qapısı”nda təcrübəli jurnalistlərlə yanaşı gənc əməkdaşlar da çalışır. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamının icrası istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elmi konfrans keçirilmiş, bölmə ilə birlikdə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı hazırlanmış, ümumilikdə yubiley münasibətilə qəzet əmədaşlarının 6 kitabı işıq üzü görmüş, yaradıcılıq müsabiqəsi keçirilmiş, mətbuatda silsilə məqalələr dərc olunmuşdur. Ümumilikdə yubileylə bağlı 13 tədbir keçirilmişdir. Mehriban Sultanova Naxçıvan mətbuatının himayədarı kimi “Şərq qapısı” qəzetinin kollektivi, jurnalist və ziyalılar adından Ali Məclisin Sədrinəminnətdarlıq etmişdir.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək demişdir ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması, nəinki jurnalistlərin, həmçinin ədəbi mühit nümayəndələrinin, ziyalıların və ictimaiyyətin böyük sevincinə səbəb olub. Müstəqillik illərində muxtar respublikada aparılan quruculuq tədbirləri kütləvi informasiya vasitələrini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz parlaq töhfəsini vermişdir. Sərəncamdan sonra muxtar respublikanın bütün mətbuat orqanları üçün əlverişli iş şəraiti yaradılmış, onların maddi-texniki bazası gücləndirilmişdir. Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması isə qəzetlərin yaradıcılıq imkanlarının genişlənməsində və maliyyə təminatında mühüm əhəmiyyətə malikdir. Bu gün mətbuat işçiləri sabahımıza doğru gedən yolun tarixini uğurla yazırlar. Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Rövşən Hüseynov mətbuatın inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişdir.
“Şərq qapısı” qəzetinin müxbiri, Naxçıvan Dövlət Universiteti jurnalistika ixtisasının 3-cü kurs tələbəsiMəcid Ələkbərovtələbə-jurnalistlər adından minnətdarlıq edərək demişdir: “Naxçıvan Dövlət Universitetində Ali Məclis Sədrinin təşəbbüsüvə qayğısı ilə gənclər, o cümlədən jurnalistlər üçün hərtərəfli təhsil şəraiti yaradılıb. Jurnalistika ixtisasının açılması və Media Mərkəzinin yaradılması bu baxımdan xüsusi qeyd olunmalıdır. Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və “Şərq qapısı” qəzeti redaksiyasının hamiliyinə verilmişdir. Mən də muxtar respublikamızın hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş gənc jurnalistlərindən biri kimi öz yaradıcılıq yoluma “Şərq qapısı” qəzetindən başlamışam. Müqavilə əsasında “Şərq qapısı” qəzeti redaksiyasında müxbir vəzifəsində çalışıram.Bu gün Naxçıvan mediasında təmsil olunan biz gənc jurnalistlər həm də ona görə özümüzü xoşbəxt hiss edirik ki, Ali Məclis Sədrininqayğısı ilə əhatə olunmuş, yaradılmış müasir məktəb və universitetlərdə təhsil almış, yüksək iş şəraiti olan media orqanlarında əmək fəaliyyətinə başlamışıq. Naxçıvanda bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər isə özlüyündə təkcə bu sahədə mütəxəssis hazırlığı ilə qalmır, həm də cəmiyyətimizə minlərlə vətənpərvər vətəndaş qazandırır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 17 dekabr 2021-ci il tarixdə “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncam tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Şərq qapısı qəzetinin baş redaktoru Sultanova Mehriban Paşa qızına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı təqdim edilmişdir.
Mehriban Sultanova demişdir: “20 illik jurnalistlik fəaliyyətimdə cənab Prezident və Ali Məclisin Sədri tərəfindən barəmdə 3 təltif və 1 təyinat Sərəncamıverilmişdir. Bütün bunlar taleyimdə mühüm rol oynayıb. Bundan sonra da mən və qəzetin kollektivi muxtar respublikanın inkişafını qəzet səhifələrində layiqincə əks etdirəcəyik”.
“Şərq qapısı” qəzeti ilə uzunmüddətli əməkdaşlıq edən, qəzetin Culfa rayon müxbiri vəzifəsində çalışmış, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Fərəc Fərəcova qəzetin 100 illik yubileyi ilə bağlı qiymətli hədiyyə təqdim olunmuşdur.
Fərəc Fərəcov minnətdarlıq edərək demişdir: “Şərq qapısı” qəzetinin kollektivi ilə bağlı olmuşam. Mətbuat Şurasında çalışarkən Ali Məclis Sədrinin mətbuata göstərdiyi qayğının birabaşa şahidi oldum. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması mətbuata, ziyalılara göstərilən qayğının bariz nümunəsidir”.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı iləNaxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə“Şərq qapısı” qəzetinin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı, qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 4 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.
Ali Məclisin Sədri fəxri adın döş nişanını və vəsiqəsini, eləcə də “Rəşadətli əməyə görə” nişanını və vəsiqəsini təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı ilə təltif olunan Səbuhi Həsənovbu adın ikiqat məsuliyyət olduğunu bildirmiş, göstərilən etimadı layiqincə doğruldacağına söz vermişdir.
Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı ilə təltif olunan Muxtar Məmmədov demişdir: “2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illik yubileyində mənzillə təmin olunmuşam. Azərbaycan Mətbuatının 140 illik yubileyində ölkə Prezidenti “Tərəqqi” medalı ilə təltif edib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyində isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adına layiq görülmüşəm. Bunu Naxçıvanda çalışan bütün mətbuat işçilərinə göstərilən qayğı kimi dəyərləndirirəm. Bundan sonrakı fəaliyyətimizdə də mətbuat işçiləri qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində əzmlə çalışacağıq”.
“Rəşadətli əməyə görə” nişanı ilə təltif olunanlardanÇingiz Ağayev, Esmira Heydərova,ŞərəfMənsumovavəƏsədulla Səfərov da minnətdarlıq etmişlər.
Tədbirdə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə hazırlanmış sənədli filmə baxış olmuşdur.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş sərgiyə baxmışlar.
Sərgidə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamınvə Tədbirlər Planının mətni, Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsiilə birlikdə hazırlanan “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı,“Şərq qapısı” qəzeti əməkdaşları vəmuxtar respublikanınmedia nümayəndələrinin əməkdaşları olmaqla, 12 müəllifin 17 kitabı, “Şərq qapısı” qəzetinin ilk nömrələrindən bu günə kimi olan nümunələri, eləcə də qəzetin inkişaf yolunu əks etdirən fotolar nümayiş olunmuşdur.
Ali Məclisin Sədri mətbuat nümayəndələri ilə səmimi söhbət etmiş, jurnalistika peşəsinin və mətbuatın əhəmiyyətini vurğulamış, nəşr olunan kitabların dərs vəsaiti kimi istifadəsinin vacibliyini bildirmiş, bu illər ərzində səmərəli fəaliyyətlərinə görə muxtar respublika teleradio və mətbuat işçilərinə təşəkkür etmişdir.
Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü Qahirə Hüseynova minnətdarlıq edərək demişdir ki, əmək fəaliyyətimə 1980-ci ildə “Şərq qapısı” qəzetində başlamışam. Fəaliyyətimin 11 ili bu qəzetlə bağlıdır.İndi “Şərq qapısı” qəzeti əsl inkişaf dövrünü yaşayır. Jurnalistələrə göstərilən dövlət qayğısı, onların əməyinin qiymətləndirilməsi, mətbuat orqanları üçün yaradılan şərait və qəzetin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması bunun əyani təzahürüdür. Qürur duyuruq ki, Ali Məclis Sədrinin rəhbərliyi altında mətbuatı təmsil edirik.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova demişdir ki, qəzetin 85 illik yubileyində mənim 19 yaşım var idi və qəzetdə əmək fəaliyyətinə başlamışdım.O zamandan 15 il ötüb.Bu illər ərzində Vətən sevgisi ilə yenidən qurulan Naxçıvanın canlı şahidlərinə çevrilmişik. Biz xoşbəxt jurnalistlərik ki, ömrünü Naxçıvanın inkişafına həsr edən Ali Məclis Sədrinin rəhbərliyi altında fəaliyyət göstəririk. Çalışacağıq ki, bundan sonra da yaradılanları, qurulanları tarixin yaddaşına köçürək.
Sonda xatirə şəkli çəkdirilmişdir.