Muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində hər il yeni istehsal sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artırılır.
Dekabrın 17-də Naxçıvan şəhərində müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələrinin təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud resurslar istehsala cəlb edilir. Ötən dövrdə özəlləşdirilmə nəticəsində müəssisələrə investisiya cəlb olunmuş, müasir avadanlıqlarla təchiz edilmiş, yeni istehsal sahələri yaradılmışdır. Həmin müəssisələrdə istehsalın canlanması muxtar respublikanın sosial-iqtisadi inkişafını daha da sürətləndirmişdir. Bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi məqsədilə nazirliyin sərəncamına verilmiş “Xalça” Açıq Səhmdar Cəmiyyətinin balansında olan tikililər sahibkarlıq subyektləri tərəfindən özəlləşdirilmişdir. Cəmiyyətin istehsalat korpusunda 7 müxtəlif təyinatlı müəssisə fəaliyyət göstərəcəkdir.
İşlə təmin olunan Mahir Dünyamalıyev kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Hər bir sahibkar unutmamalıdır ki, o, həm öz mənafeyi, həm də ölkəmizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır”, – fikrini xatırladaraq demişdir: Bu gün istifadəyə verilən müəssisələrdə həm sahibkarın, həm də dövlətin mənafeyi qorunur. Sahibkarlar bazarı araşdıraraq investisiya qoyulacaq sahələri müəyyənləşdirmişdir. Dövlət isə müəyyən güzəştlər tətbiq etmiş, investisiya təşviqi sənədləri vermiş, ərazi ayrılmış, nəticədə, yeni istehsalat sahələri yaradılmışdır. Bütün bunlar isə ümumxalq işinə böyük töhfədir. Yeni istehsal sahələrinin fəaliyyətə başlaması tələbatın idxal deyil, yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Bir sözlə, həyata keçirilən tədbirlər ölkəmizin inkişafına xidmət edir.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə iqtisadi inkişafın və sabitliyin təmin olunması, ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi işğal altında olan torpaqlarımızın azad olunmasına imkan verdi. Bu gün həm işğaldan azad olunmuş ərazilərdə, həm də ölkəmizin digər bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq sahibkarlıq fəaliyyəti də dövlət siyasətinin əsas istiqaməti kimi dəstəklənir, sahibkarlar dövlətin, dövlət isə sahibkarların mənafeyini qoruyur. Yeni iş yerlərinin açılması isə ölkəmizdə əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına töhfə verir.
Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkürünü bildirmiş, yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, istehsalat sahəsində 7 müxtəlif təyinatlı müəssisə fəaliyyət göstərəcəkdir. Bunlar tullantıların təkrar emalı, mebel istehsalı sahəsi, ərzaq və məişət avadalıqlarının saxlanması anbarı, ərzaq məhsullarının paketlənməsi və logistik mərkəz, 2014-cü ildə “AKİ Əczaçılıq Anbar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış uşaq bezi istehsalı, tibbi spirtin qablaşdırılması və mebel istehsalı sahələridir. Müəssisələrdə, ümumilikdə, 215 iş yeri yaradılmışdır. Ümumilikdə, müəssisələrin qurulmasına 6 milyon 509 min manat investisiya qoyulmuşdur ki, bunun da 730 min manatı dövlət maliyyə dəstəyidir.
Məlumat verilmişdir ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistik və Sənaye Mərkəzi” əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Burada qənd istehsalı və şəkər tozunun, dənli bitkilərin və çayın qablaşdırılması bölmələri yaradılmışdır.
Ali Məclisin Sədri müəssisəni işə salmışdır.
İllik istehsal gücü 4880 ton olan müəssisədə qənd, şəkər tozu, dənli bitkilərin və çayın qablaşdırılması olmaqla, 57 çeşiddə məhsul istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı, hazır məhsul və xammal anbarı, yeməkxana, 5 iş otağı, iclas zalı, laboratoriya və digər xidməti otaqlarda vardır. Müəssisədə yaradılan anbarda strateji ərzaq məhsullarının saxlanması təmin ediləcəkdir ki, bu da əhalinin və yerli istehsal müəssisələrinin bu məhsullara olan tələbatının fasiləsiz təmin edilməsinə və daxili bazarın qorunmasına töhfə verəcəkdir. İstehsal olunan məhsulların muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulmuşdur.
Mebel istehsalı sahələrində qonaq, yataq və yumşaq mebel dəstləri, qapı-pəncərə istehsal ediləcəkdir. “Güvən Qida” topdansatış müəssisəsində anbar və digər xidmət sahələri yaradılmışdır. Burada, xüsusilə ailə təsərrüfatı məhsullarının qablaşdırılması üçün bölmə ayrılmışdır.
Sahibkar Firdovsi Cabbarov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
“Soliton” mağazalar şəbəkəsi tərəfindən ərazidə anbar yaradılmışdır. “Naxçıvan Təmiz Şəhər” Məhdud Məsuliyyətli Cəmiyyətində 1 növdə əridilmiş xammal istehsalı, kağız tullantıların, pet butulkaların və alüminium taraların yığılması və kiplənməsi nəzərdə tutulmuşdur. Ay ərzində 120 ton doğranmış plastik və polietilen torbaların əridilməsi, 130 ton kiplənmiş məmulatlar istehsal olunacaqdır. Bu da ekoloji təmizliyin qorunmasına mühüm töhfə verəcəkdir. 2014-cü ildə “AKİ Əczaçılıq Anbar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış uşaq bezi istehsalı, tibbi spirtin qablaşdırılması sahələrinə baxış zamanı bildirilmişdir ki, müəssisədə dəqiqədə 350 ədəd olmaqla, 6 ölçüdə uşaq bezi istehsal olunur.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov sahibkarlar adından minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, qablaşdırmaya diqqət yetirilməsi, yeni biznes layihələrinin təqdim olunması, yerli xammalla işləyəcək müəssisələrə üstünlük verilməsi və daxili bazarın qorunması barədə tapşırıqlar vermişdir.