Muxtar respublikada vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır. Həyata keçirilən islahatlar ədliyyə sistemi və onun maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur.

Dekabrın 8-də Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək demişdir ki, muxtar respublikanın ədliyyə orqanlarında innovativ yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilir, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların fəaliyyəti təkmilləşdirilir. Qeydiyyat şöbələrinin “Vətəndaşlıq Vəziyyəti Aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə qoşulması, həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin fərdi identifikasiya nömrəsi ilə təmin edilməsi bu sahədə atılan uğurlu addımlardandır. Vətəndaşlara göstərilən xidmətlərin tələbatı və əhəmiyyəti nəzərə alınaraq qeydiyyat şöbələri ilə yanaşı, notariat fəaliyyətinin də daha səmərəli təşkili üçün yeni imkanlar yaradılır, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilir. Muxtar respublikada notariat orqanları “Elektron notariat” informasiya sisteminə qoşulmaqla vətəndaşlara daha çevik və keyfiyyətli xidmətlərin göstərilməsini həyata keçirirlər. Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisinin inzibati binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Daşqın Rəhimov muxtar respublikada ədliyyə orqanlarının fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri İsayə Gülməmmədova demişdir ki, muxtar respublikada əhali rifahının yaxşılaşdırılması istiqamətində işlər uğurla həyata keçirilir. Bu gün hər cür şəraitlə təmin olunmuş binanın istifadəyə verilməsi də buna nümunədir. Çalışacağıq ki, bundan sonra da göstərilən etimadı doğruldaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Ölkəmizdə qeydiyyat şöbələrinin fəaliyyəti Azərbaycan Respublikası Ailə Məcəlləsinə və Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydasına əsasən tənzimlənir. Nikahın, nikahın pozulmasının, doğumun, övladlığa götürmənin və ölümün qeydə alınması, ad, ata adı və soyadın dəyişdirilməsinin qeydə alınması, eyni zamanda verilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının təkrar verilməsi qeydiyyat şöbələrinin əsas vəzifələridir. Muxtar respublikada 8 Qeydiyyat Şöbəsi, 1 Nikah evi, 11 Notariat Ofisi fəaliyyət göstərir. Bunlar vətəndaşlarla sıx işləyən qurumlardır. Ona görə də fəaliyyət üçün lazımi şərait yaradılmalı idi. Vaxtilə Naxçıvan şəhərində 1 Qeydiyyat Şöbəsi vardı. Naxçıvan şəhərinin inzibati ərazisində aparılmış dəyişikliklərə uyğun olaraq, eləcə də əhali artımı nəzərə alınaraq ikinci Qeydiyyat Şöbəsinin yaradılmasına ehtiyac yaranmışdı. Yaradılan ikinci qeydiyyat şöbəsi bu gündən müasir tələblərə cavab verən binada fəaliyyətini davam etdirəcəkdir.

Ali Məclisin Sədri demişdir: Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydə alınması işi vacib məsələdir. Ona görə də bu sahədə arxiv işinə ciddi diqqət yetirilməlidir. Qeydiyyat şöbələrinin vəzifələrinə uyğun olaraq həm kağız, həm də elektron qaydada arxivlər yaradılmalı, muxtar respublikanın vahid qeydiyyat sisteminə qoşulmalıdır. Bununla yanaşı, verilən hər bir sənədin qeydiyyatı aparılmalı, nizam-intizama əməl olunmalıdır. Yaradılan şərait işçilərin iş şəraitini yaxşılaşdırmaqla bərabər, müraciət edənlərin də lazımi şəraitdə qəbul olunmasına imkan verəcəkdir. Vətəndaşların müraciətləri dəqiq araşdırılmalı, mübahisəli məsələlər qanun əsasında izah olunmalı, əsassız mübahisə və şikayətlərə şərait yaradılmamalıdır.
Qeyd olunmuşdur ki, binada nikahların təntənəli və yaddaqalan keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Bu da dövlətimizin gənclərə göstərdiyi növbəti qayğıdır. Ədliyyə Nazirliyi bu sahədə işləri davam etdirməli, muxtar respublikanın rayonlarında da Nikah evlərinin yaradılması barədə təkliflər verməlidir.
Ali Məclisin Sədri kollektivi təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan binada 8 inzibati və 7 yardımçı otaq, eləcə də nikah qeydiyyatı zalı və mətbəx yerləşir. Bina notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması üçün bütün lazımi avadanlıqlarla təmin olunmuşdur. Dəhlizdə yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün köşk qoyulmuşdur.
Yeni nəsil şəxsiyyət vəsiqəsinin oxunması əyani şəkildə göstərilmişdir.
Zirzəmidə qazanxana, anbar, 2 arxiv və texniki otaqlar vardır. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülmüş, dayanacaq yaradılmışdır.