Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kəndində xidmət mərkəzinin də açılışını etmişdir.

Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri yerli məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.
Sonra kənd sakinləri ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün Dırnıs kəndinin həyatında əlamətdar gündür. Ona görə ki, yeni sosial obyektlər sakinlərin istifadəsinə verilir, yollar abadlaşıb, infrastruktur yenilənib. Bunlar həm sakinlərə xidmət edəcək, həm də dövlət qurumlarının iş şəraitini yaxşılaşdıracaq. Müasir tələblər səviyyəsində məktəb qurulub ki, buradan da hər bir ailənin övladı istifadə edəcək.
Ali Məclisin Sədri demişdir: Kənddə ailə təsərrüfatları formalaşıb, inkişaf edib. Ərazi imkan verir ki, burada heyvandarlıq, arıçılıq, meyvəçilik və bitkiçilik inkişaf etdirilsin. Bütün bunlardan səmərəli istifadə edərək gözəl, səfalı kəndi daha da abadlaşdırmaq lazımdır. Dövlət əhalinin rahatlığı üçün hər cür şərait yaradıb. Bütün bu işlərin görülməsi üçün ölkədə sabitlik, inkişaf və iqtisadi imkanlar olmalıdır. Ümummilli lider Heydər Əliyev siyasətinin davam etdirilməsi, o yola sədaqət bu gün kəndlərimizi, ölkəmizi abadlaşdırmaqla bərabər, ərazi bütövlüyümüzü təmin etdi. Bunların hamısı bugünkü reallıqlardır. Həmin reallıqlar Dırnıs kəndinin timsalında aydın görünür. Bu gün ölkəmizin inkişafı hər kəsdə təəccüb doğurur. Bu da bizim üçün qürurdur. Qısa müddətdə Azərbaycan inkişaf etmiş ölkələr sırasında özünəlayiq yer tutub. Ölkəmiz iqtisadi imkanlarına və təhsilin səviyyəsinə görə ön sıralarda dayanır. Bütün bunlar hamısı nailiyyətdir. Görülən işlər ölkəmizin bu günü ilə yanaşı, eyni zamanda onun gələcəyini də təmin edəcəkdir. Bütün bunlara dövlət-xalq birliyi nəticəsində nail olunub.

Ali Məclisin Sədri bildirmişdir ki, kənddə torpaqlar əkilməli, heyvandarlıq, maldarlıq, arıçılıq, əkinçilik inkişaf etdirilməli, ailə təsərrüfatları genişlənməlidir. Bütün bunlar əhalinin rahat yaşayışına və ölkəmizin inkişafına xidmət edəcəkdir. Vaxtilə burada məktəblilərin yay düşərgəsi var idi. Bu kəndlərin, ümumiyyətlə, hamısı artıq turistik bölgəyə çevrilir. Bu kəndin də inkişafında görülən işlərin çox böyük nəticəsi olacaq. Davamlı inkişaf üçün yaradılanlar gərək qorunsun. O vaxt məktəbdə 5 kompüter var idisə, bu gün 20 kompüter var. Kənddə internet var. Torpaqlardan səmərəli istifadə etməliyik ki, muxtar respublikamız inkişaf edərək ölkəmizin inkişafına öz töhfəsini verə bilsin. Hər zaman bu ərazi özünün ab-havası ilə, insanların qonaqpərvərliyi ilə diqqət çəkib. Görülən işlərdən sonra qonaqlar daha da çoxalacaq.
Ali Məclisin Sədri sakinlərə firavan həyat, uzun ömür arzulamışdır.
Dırnıs kənd sakinləri adından minnətdarlıq edən Rza Allahyarov demişdir: “Ali Məclis Sədrinin kəndimizə gəlişi bizə hər zaman sevinc bəxş edir. Mən 1954-1957-ci illərdə Dırnıs kənd məktəbində təhsil almışam. Əvvəllər Pəzməridə, Kələkidə ibtidai, Unusda və Əylisdə natamam orta məktəb var idi, Anaqutda isə məktəb yox idi. Orta məktəb yalnız bu kənddə idi. Ona görə də yuxarı kəndlərdən gəlib burada dərs keçirdik. O vaxt bu məktəbdə 5 sinif, bir müəllimlər otağı, bir kitabxana var idi. Bəzən dərsləri müəllimlər otağında, kitabxanada keçirdik. İndi isə belə möhtəşəm bina bizim istifadəmizə verilmişdir. Bu, dövlət qayğısının əyani ifadəsidir. Bizim də vəzifəmiz bunları qoruyub saxlamaqdır. Kəndarası yollara asfalt salınıb, körpülər tikilib. Bu gün Azərbaycan ən inkişaf etmiş dövlətlər sırasındadır. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsindədir. Dövlətimizin, dövlətçiliyimizin sükanı etibarlı əllərdədir. “Kitabi-Dədə Qorqud” dastanında da yazılır ki, “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”. Biz də çalışacağıq ki, torpaqlarımızı əkək, bol məhsul götürək”. Rza Allahyarov bildirmişdir ki, Vətən müharibəsi qələbəmizlə başa çatdı. Var olsun Ali Baş Komandanımız, var olsun ordumuz, var olsun Azərbaycan xalqı.

* * *

Dırnıs kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 830 metr yeni fiber-optik, 1150 metr yeraltı kabel, 1610 metr hava rabitə xətti çəkilmişdir. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənmiş, 71 elektrik dirəyi yenisi ilə əvəz edilmiş, 6500 metr məftil naqil kabel xətti ilə əvəzlənmiş, 3 güc transformatoru təmir edilmişdir. Bundan başqa, 170 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 2085 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Eyni zamanda kənddə içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 60 metr kaptaj tikilmiş, 1550 metr məsafədən su xətti çəkilmiş, paylayıcı içməli su xəttində təmir-bərpa işləri görülmüşdür.