Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları, planları artıq reallığa çevrilmiş, Naxçıvan onun yolu ilə gedərək tərəqqiyə qovuşmuşdur. Muxtar respublikanın digər bölgələri kimi Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun hərtərəfli dövlət qayğısı ilə əhatə olunan və böyük turizm potensialı olan yaşayış məntəqələrindən biri də Dırnısdır. Kənddə geniş tikinti-quruculuq işləri aparılmış, əhali rahatlığına xidmət edən sosial obyektlər tikilmişdir.

Dırnıs kənd məktəbində müasir tədris imkanları mövcuddur

Dekabrın 3-də Dırnıs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan 216 şagird yerlik məktəbdə 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 4550 kitab vardır.
Ali Məclisin Sədri bölgələrin tarixi ilə bağlı nəşr olunmuş kitabların kitabxanalara verilməsi barədə tapşırıq vermişdir.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmışdır. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “3D printerdə hazırlanmış kəşfiyyatçı tank”, “Yanğın əleyhinə xəbərdaredici qurğu” və “Xətt izləyən robot” layihələrini təqdim etmişlər.

Müəllim Etibar Süleymanov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Məktəbdə internetə çıxışı olan 20 kompüter və 4 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan qalaları” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.
Məktəbin kimya, biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təmin olunmuşdur. Əyani vasitələrlə təminat dərslərin təcrübə yolu ilə keçirilməsinə imkan yaradır. Bu da dərsləri daha yaxşı qavramaqda kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.

Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə peşəkar hərbçi kimi yetişmələrinə və formalaşmalarına xidmət edir. İstifadəyə verilən hərbi kabinə, bu mənada, mühüm əhəmiyyət daşıyır. Bildirilmişdir ki, hazırda məktəbin 1 məzunu Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsilini davam etdirir. 5 məzun isə zabit kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Onlar Vətən müharibəsi iştirakçılarıdır. Məktəbin bir məzunu, kapitan Vüqar Nəcəfov İkinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Məktəbin hərbi müəllimi isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun təşkil etdiyi zabit hazırlığı kursunu bitirərək leytenant rütbəsi almışdır.

Ali Məclisin Sədri Vətən müharibəsi iştirtakçıları ilə şagirdlər arasında görüşlərin keçirilməsi barədə tapşırıq vermişdir.
Məktəbin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir. İdman zalında bədən tərbiyəsi və fiziki tərbiyə fənlərinin tədrisi, eləcə də şagirdlər arasında bir sıra idman növləri üzrə yarışların keçirilməsi üçün müasir şərait mövcuddur. İdman zalına baxış zamanı bildirilmişdir ki, məktəbdə basketbol və tennis idman klubları yaradılmışdır.
Şahmat sinfinə baxış zamanı Ali Məclisin Sədri onlayn şahmat yarışlarına üstünlük verilməsi barədə tapşırıq vermiş, Naxçıvanda şahmatın tədrisinin nümunə kimi təqdim olunduğunu bildirmişdir.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Bu ilin ötən dövründə 7 ümumtəhsil müəssisəsi yenidən qurularaq istifadəyə verilmişdir. Təhsil infrastrukturunun yaxşılaşdırılması nəticəsində müasir laboratoriyalar, fənn kabinələri, idman zalları, açıq idman qurğuları müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti təhsildə innovasiyaların tətbiqinə geniş imkanlar açmışdır. Bu günə qədər 53 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, 50 təhsil müəssisəsində isə kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Dırnıs kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılmış, müasir tədris şəraiti yaradılmışdır. Son 5 ildə məktəbin 42 məzunundan 30-u, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, onlardan 5-i 500-700 arası bal toplamışdır. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.
Məktəbin gənc müəllimi Aynur Zəkili Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir: “1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən təhsil quruculuğunu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdiniz. İndi muxtar respublikamızda təhsilin səviyyəsi göz qabağındadır. Təhsil müəssisələrində müasir tədris şəraiti yaradılmışdır. Məktəblərimiz kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və digər tədris vəsaitləri ilə təmin olunmuşdur. Bu gün Dırnıs kənd tam orta məktəbi də Ali Məclis Sədrinin qayğısı sayəsində müasir məktəblər sırasına qoşulur. Hərtərəfli tədris şəraiti yaradılan məktəb bu gün istifadəmizə verilir. Bu, bütün müəllim, şagird və valideynlər üçün böyük hədiyyədir. Yaradılan müasir tədris şəraiti şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkanlar açır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilin də əsası məktəbdə qoyulur. Ona görə də məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulmalıdır. Müstəqil ölkəmizin gələcəyinin təminatçısı olan gənclərin yetişdirilməsi üçün onlar yaxşı təhsil almalı, vətənpərvər ruhda böyüməlidir. Gənclər elə yetişdirilməlidir ki, onların nəinki Azərbaycanda, həmçinin istənilən xarici ölkələrdə ali təhsil almaq, peşə öyrənmək imkanları olsun. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Gənclərimizə yüksək təhsil verməklə bərabər, onları əsl vətəndaş kimi böyütməliyik”. Məktəbdə təhsillə bərabər, gənclərimizi həm də vətənpərvər ruhda böyütməliyik ki, gələcəkdə ölkəsi, cəmiyyət və ailəsi üçün yararlı vətəndaşa çevrilə bilsin. Bu gün Dırnıs kənd tam orta məktəbinin yaxşı müəllim kollektivi formalaşıb. Bu özünü məktəbin son 5 ildəki nəticələrində göstərir. Məktəbi bitirənlərin 71 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunub. Bu da muxtar respublikanın orta göstəricisinə yaxındır.
Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkür edərək demişdir: Ölkəmizin gələcəyi müəllim kollektivinin fəaliyyətindən asılıdır. Burada yetişdirilən gənclər ölkənin gələcəyini təmin edəcək, müstəqilliyimizi, dövlətçiliyimizi davam etdirəcəklər. Hər bilikli gənc də ölkənin fəxridir. Harada olmalarından asılı olmayaraq, onlar Azərbaycançılıq ideologiyası ilə yaşamalı, vətənə xidmət haqqında düşünməli, eyni zamanda özlərinin davranışları ilə nümunə olmalıdırlar. Bunların hamısının əsası isə məktəbdə qoyulur. Yaradılan şərait, eyni zamanda kollektivin öz işinə məsuliyyətlə yanaşması gələcəkdə bu məktəbin nailiyyətlərinin artmasına imkan verəcəkdir. Bu gün istifadəyə verilən məktəb binası uzun illər istifadə olunmalı, qurulanlar qorunmalıdır.
“Təhsil ocağında tədrisin səviyyəsi yüksəldilməli, məktəbi bitirən hər bir gənc mütləq bir peşəyə yönləndirilməlidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bunun üçün hər cür şərait yaradılmışdır. Hər bir müəllim yetişdirdiyi gənclərlə ölkənin gələcəyinə xidmət etmiş olur. Ona görə də ölkəmizin gələcəyi naminə hər kəs gənclərin gələcəyə hazırlanması işinə töhfə verməlidir. Məktəb işi bu istiqamətdə xüsusən fərqlənməlidir. Dövlət, məktəb, cəmiyyət birgə fəaliyyət göstərərək ölkənin bu gününü və gələcəyini təmin etməlidir. Bu gün ölkəmizdəki dövlət-xalq birliyi inkişafın təminatçısıdır. Bu yolun da əsası ümummilli liderimizin Azərbaycana rəhbərliyi illərində qoyulub. Müasir Dırnıs kəndi bu yolun uğurla davam etdirilməsinə nümunədir.
Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulamışdır.
Binanın həyətində bufet və qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, yaşıllıq salınmışdır.