Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi, Lider-xalq birliyinin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Dövlət-xalq-ordu birliyi, xalqın liderinə olan inamı tarixi Qələbəni təmin etdi. Ərazi bütövlüyümüz bərpa olundu. Üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə dalğalanır.

Bu gün ölkəmizdə olduğu kimi muxtar respublikanın digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisi, qələbənin simvoludur.

Noyabrın 8-də – Zəfər Günündə Kəngərli rayon Bayraq Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır”. Ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ikinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edib, Azərbaycan düşmən üzərində tarixi Qələbə qazanıb. Əgər 1993-cü ildə ümummilli liderimiz Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurubsa, bu yolu uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz tam təmin edilib.

“Şanlı tariximizə çevrilən Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini bir daha dünyaya nümayiş etdirdi”,- deyən Ali Məclisin Sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən 8 noyabr ölkəmizdə Zəfər Günüdür. Dövlət başçısının Sərəncamında qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

Ali Məclisin Sədri Zəfər bayramı münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını və veteranları, Naxçıvandakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik edib, Bayraq Meydanının qurulmasında əməyi olanlara, iştirakçılara təşəkkürünü bildirib.

“Üçrəngli bayrağımızı şəhidlərimizin əziz xatirəsinə və Zəfər Gününün Şərəfinə qaldırırıq”,- deyən Ali Məclisin Sədri  qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri, Ali Məclisin deputatı Sevda Quluyeva minnətdarlıq edərək deyib ki, muxtar respublikada uğurla həyata keçirilən quruculuq işləri bütün bölgələrimiz kimi, yeni yaradılan Kəngərli rayonunu da abadlaşdırıb. Rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq işləri görülüb. Muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən bu inkişafın təməlində ulu öndər Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin ildönümündə Bayraq Meydanının açılışı rayonumuza ən böyük töhfə, dövlət atributlarımıza göstərilən diqqət və ehtiramın yüksək ifadəsi olmaqla, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də müstəsna əhəmiyyətə malikdir. Sevda Quluyeva rayon ictimaiyyəti adından Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Bayraq Meydanı ilə tanışlıq zamanı məlumat verilib ki, 2,5 hektar ərazini əhatə edən Bayraq Meydanının tikintisinə bu ilin iyul ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 40, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – buta, xarıbülbülün əks olunduğu memarlıq elementləri ilə dizayn edilən Bayraq Meydanında müasir işıqlandırma sistemləri quraşdırılıb, gülkarlıqlar salınıb. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülüb, suvarma sistemi qurulub, avtomobil dayanacağı yaradılıb.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.

Ali Məclisin Sədri Bayraq Meydanında vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsi, ərazidə yaşıllıqların artırılması və qurulanların qorunması barədə tapşırıqlar verib.