44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Tarixi zəfər qazanıldı, ərazi bütövlüyümüz bərpa olundu. Ölkə Prezidentinin dediyi kimi: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı… ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq”.
Torpağa məhəbbət, vətənpərvərlik isə onu qorumaqla yanaşı, həm də əkmək, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.
Noyabrın 6-da muxtar respublikada Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilmiş, meyvə bağları və yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarındakı 4,2 hektar ərazidə keçirilən ağacəkmədə iştirak etmişlər. Burada 2,2 hektar sahədə meyvə bağı salınmış, ərazidəki 2 hektar meyvə bağında isə bərpa əkini aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak etmişdir.
Bildirilmişdir ki, cari ilin payızında muxtar respublikada 142 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılacaqdır.Yeni meyvə bağlarının salınmasında cəviz, badam, ərik, alma və digər tinglərdən istifadə olunacaqdır.
Ali Məclisin Sədri meyvə tingləri əkmiş, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Həmin gün muxtar respublikada Zəfər Günü münasibətilə keçirilən ağacəkmədə 20 mindən artıq sakin iştirak etmiş, 7mindən artıq meyvə və meşə tingləri əkilmişdir.