Bu gün muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və inkişafı təmin etmişdir. Şərur rayonunun Dərvişlər kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, yeni sosial obyektlər istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “…Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Dərvişlər kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Oktyabrın 25-də – Dərvişlər kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan 198 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və təsərrüfat otağı yerləşir. Kitabxana fondunda 3282 kitab vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmış, eyni zamanda kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz olunmuşdur. Şagirdlər hazırladıqları “3D avtomatik yemləmə qurğusu”, “Məsafəölçən cihaz” və “Temperaturölçmə cihazı” layihələrini təqdim etmişlər.
Müəllim Münəvvər Seyidsoy yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Bu gün Şərur rayon Dərvişlər kənd tam orta məktəbində STEAM kabinəsi yaradılmışdır. Yaradılan şərait imkan verir ki, şagirdlər praktik olaraq öz ideyalarını müstəqil şəkildə layihələr hazırlamaqla reallaşdıra bilsinlər. Məktəbdə STEAM təlim metodunun tətbiqi tədrisdə yeni təlim üsullarının öyrənilməsinə, analitik, yaradıcı, yenilikçi, ixtira edən, gələcəyin peşəkar gənclərinin yetişməsinə öz töhfəsini verəcəkdir”.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Tarix Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Moskva və Qars müqavilələri” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.
Məktəbin kimya, biologiya və fizika laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılmışdır ki, bununla da şagirdlər keçilən dərsləri təcrübələr vasitəsilə daha yaxşı mənimsəyəcəklər.

Dərvişlər kənd tam orta məktəbinin idman zalındakı şərait, həmçinin açıq idman qurğuları bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan verəcəkdir. Məktəbdə basketbol və tennis idman növləri üzrə idman klubları yaradılmışdır. Hər cür təchizata malik olan hərbi kabinədə şagirdlər ilkin hərbi biliklərə yiyələnəcək, şahmat sinfində isə onların hərtərəfli inkişafı təmin ediləcəkdir.

Ali Məclisin Sədri idman dərslərinin keçirilməsinə xüsusi diqqət yetirilməsi barədə tapşırıq vermişdir.
Şahmat müəllimi Məzahir Süleymanov minnətdarlıq edərək demişdir: “Bu gün müasir formada tikilərək istifadəmizə verilən məktəb binasında dərsləri günün tələbləri səviyyəsində keçmək üçün hər cür şərait yaradılmışdır. Lazımi əyani vasitələrlə təchiz olunan şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcək və şahmata olan marağı daha da artıracaqdır”.
Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikanın bütün rayonlarında təhsil müəssisələrinin infrastrukturu yenilənir, maddi-tədris bazası möhkəmləndirilir. İşıqlı sinif otaqları, müasir elektron lövhələr, kompüterlər, laboratoriyalar, fənn kabinələri, zəngin fonda malik kitabxanalar, idman zalları şagirdlərin istifadəsinə verilir. Cari ilin ötən dövründə Şərur rayon Şəhriyar, Babək rayon Araz, Ordubad rayon 1 nömrəli, Nüsnüs və Əndəmic kənd tam orta məktəbləri yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Şərur rayon Çərçiboğan, Babək Rayon Sirab, Göynük, Ordubad rayon Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-quruculuq işləri aparılır. Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə yaradılan Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü Lisey və STEAM Təlim Tədris Mərkəzi üçün də binaların tikintisi davam etdirilir. Muxtar respublikanın digər rayonları kimi, Şərur rayonunda da təhsilin müasir tələblər səviyyəsində qurulması, ümumtəhsil məktəblərinin maddi-tədris bazasının yaxşılaşdırılması diqqətdədir. Dərvişlər kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılmış, tədrisin yüksək səviyyədə təşkili üçün müasir şərait yaradılmışdır. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Məktəbin gənc müəllimi Billurə Novruzova minnətdarlıq edərək demişdir: “Muxtar respublikada yaşayış məntəqələri müasirləşir, kəndlərdə şəhər infrastrukturu yaradılır, kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir. Bunun da nəticəsində insanların rahat yaşayışı təmin edilir. Bu gün Dərvişlər kəndi də müasir kəndlər sırasına qoşulur. Burada yaradılanlar insan amilinə verilən dəyər, dövlət qayğısının bariz nümunəsidir. Bu gün istifadəmizə verilən müasirtipli Dərvişlər kənd tam orta məktəbi bütün müəllim, şagird və valideynlər üçün böyük hədiyyədir. Artıq şagirdlər ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Bundan böyük diqqət və qayğı ola bilməz. Söz veririk ki, bundan sonra da müəllim adını uca tutacaq, savadlı və vətənpərvər gənclər yetişdirəcəyik”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dərvişlər kənd tam orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Yeni məktəb binası müasir tədrisin tələblərinə tam cavab verir. Bu da müəllimlərə öz vəzifələrini layiqincə yerinə yetirməyə və şagirdlərin yaxşı təhsil almasına imkan verəcəkdir. Yaradılan şəraitdən səmərəli istifadə etməli, müəllimlər tələbkar, şagirdlər çalışqan olmalı, məktəblə ailə arasında sıx əlaqə qurulmalıdır.
“Məktəbin nailiyyətləri qənaətbəxşdir və muxtar respublikanın ümumi orta göstəricisindən yüksəkdir”, – deyən Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, nailiyyətlərinin yüksək olmasının əsas səbəbi təhsil ocağında müəllim-şagird münasibətlərinin düzgün qurulmasıdır. Ölkəmizin gələcəyi təhsilli və vətənpərvər gənclərdən asılıdır. Məktəblərdə gənclər bu ruhda hazırlanmalıdır. Digər bir tərəfdən məktəbdə yeni texnologiyalar da nəzərə alınmış, STEAM kabinəsi qurulmuşdur. Çünki yeni texnologiyalar günün tələbidir. Bu gün orta məktəbi bitirən gənclər kompüterdən və internetdən sərbəst istifadə etməyi bacarmalıdırlar. Elektron lövhə və dərsliklərdən düzgün istifadə olunarsa, şagirdlər dərslərini əzbərləmə yolu ilə deyil, qavrama yolu ilə mənimsəyərlər. Bu da onların inkişafında əsas şərtdir. Bir sözlə, məktəbin bugünkü imkanları gələcək nailiyyətlərin əsasıdır.
“Gənclərin təlim tərbiyəsi təkcə məktəbin işi deyil, ailələr də təlim tərbiyə işinə cəlb olunmalı, məktəb-ailə münasibətləri formalaşmalı, inkişaf etdirilməlidir”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki bu, gənclərin hazırlanmasında əsas amildir və ailənin təlim tərbiyədən kənarda qalmamasını təmin edir. Ona görə də məktəb işi ümumxalq işi kimi qəbul edilməli, müəllim-valideyn münasibətləri davamlı olmalıdır. Bu da imkan verəcək ki, gənclər həm təhsilli və vətənpərvər, həm də milli dəyərlər əsasında yetişsinlər.
Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə əminliyini bildirmişdir.
Binanın həyətində bufet və qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, stadion yenidən qurulmuş, abadlıq və yaşıllıq işləri aparılmışdır.