Muxtar respublikanın iqlim şəraiti, zəngin bitki örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaratmışdır. Bu gün dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası” da arıçılar üçün geniş imkanlar açır.

Oktyabrın 16-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov satış yarmarkasında iştirak etmişdir.

Naxçıvan Dövlət Universitetinin müəllimləri bal süzgəci, yeni nəsil pətəklər, vərəmum toplayan, çərçivə teli gərmə, çiçək tozu toplayan alətlər, arıçının rahat işləməsi üçün istifadə ediləcək yanmaz əlcəklər, yabanı arı tələsi, yem qabları, arıçının iş masası, elektrikli bal isitmə və çökdürmə qazanı, balı süzmə aparatı, eləcə də arı məhsullarından hazırlanan dodaq balzamı, gil maskası, əl kremi, müxtəlif faizli spreylər, kəklikotulu, nanəli, propolis və müxtəlif çeşiddə sabunlar haqqında ətraflı məlumat vermişlər.

Ali Məclisin Sədri arıçılarla söhbət etmiş, bal və arıçılıq məhsullarından almış, onların qayğıları ilə maraqlanmışdır.

Baxış zamanı məlumat verilmişdir ki, satış yarmarkasına muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 301 arıçı tərəfindən 17 tondan artıq süzmə, 3 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu, güləm, bal arağı və baldan hazırlanmış şirniyyatlar çıxarılmışdır. Naxçıvan balı öz dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Son illər Naxçıvanda arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi çoxalmış, bu sahəyə dair kitab və dərsliklər nəşr olunmuşdur. Balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları yüksək tibbi əhəmiyyətə malikdir.

Naxçıvan şəhərindən olan arıçı Məhərrəm Eyvazov minnətdarlıq edərək demişdir: “Bu gün bizim üçün ikiqat bayramdır. Tarixi Qələbəni qeyd edirik. Bu qələbənin qazanılmasında Naxçıvandan olan igid oğulların da payı vardır. Bunu ölkə başçısı cənab İlham Əliyev bu il mayın 10-da Naxçıvana səfəri zamanı qeyd etmiş, Naxçıvanın sürətlə inkişaf etdiyini bildirmişdir. Biz də bu inkişafdan bəhrələnərək təsərrüfatımızı genişləndiririk”.

“Naxçıvan məhsulları” publik hüquqi şəxsin stendində məlumat verilmişdir ki, stenddə 5 müəssisənin 8 məhsulu sərgilənir, müxtəlif çəkilərdə olan ballardan hədiyyəliklər nümayiş etdirilir.

Günnüt kəndindən olan arıçı Fikrət Məmmədov minnətdarlıq edərək demişdir:  “Bu gün arıçılar üçün hər cür şərait  yaradılmışdır. Günnüt kəndinin arıçıları da bu şəraitdən səmərəli istifadə edərək kənd təsərrüfatı üçün əhəmiyyətli olan bu sahəni inkişaf etdirməyə çalışırlar”.

Cəlilkənddən olan arıçı Familə Mirzəyeva demişdir: “Muxtar respublikadahəyata keçirilən tədbirlər ailə təsərrüfatçılarını daha da ruhlandırır, onlar məhsullarını artırırlar. 20 arı ailəm var,1 hektar sahədə sarımsaq əkmişəm. Gələcəkdə 3 hektarda taxıl əkməyi nəzərdə tuturam. Muxtar respublikadaailə təsərrüfatçıları üçün hər cür şərait yaradılır, yeni iş yerləri açılır. Mən dəistifadəyə verildikdən sonra Şərur Sənaye Məhəlləsində istehsal olunacaq qarğıdalı yağına öz töhfəmi vermək üçün gələcəkdə eyni zamanda qarğıdalı əkməyi planlaşdırıram”.

Sələsüz kəndindən olan arıçı Ehtibar Məmmədov minnətdarlıq edərək demişdir ki, bu il son 10 ilin ən yüksək məhsulun götürmüşük. İndi bazarlarda kənd adamlarının istehsal etdikləri yerli məhsullara üstünlük verilməsi, həm də satış yarmarkalarının keçirilməsi məhsulumuzun daha çox satılması ilə nəticələnir. Bu da təsərrüfatımı genişləndirməyə imkan verir. Bir sıra arıçılıq məhsulları ixrac edir, bazarlarda heç bir çətinlik çəkmədən satışını həyata keçiririk. Artıq yeni layihə əsasında ana arı yetişdirməyə hazırlaşırıq.

Babək rayon Gərməçataq kənd sakini Mətləb Quliyev öz təsərrüfatının inkişafından danışaraq demişdir ki, yaradılan şəraitin nəticəsidir ki, 5-6 il əvvəl 20 arı ailəm olmasına baxmayaraq, hazırda 70 arı ailəsi saxlayıram. Eyni zamanda ucqar dağ kəndi olan Gərməçataqda quruculuq tədbirlərinin həyata keçirilməsi nəticəsində 3 ailə geri qayıtmış, kənddə hazırda 2 yeni ev inşa olunur.

Sədərək rayonundan olan arıçı Nadir Bağırov demişdir ki, arıçı sahibkarların dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açmışdır. Məhsullarımızı rahat şəkildə satır, büdcəmizi zənginləşdiririk. Eyni zamanda təsərrüfat adamlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu da məsuliyyətimizi artırır, daha həvəslə işləyirik. Gün o gün olsun, Kərki balının satışını həyata keçirək.

Satış yarmarkasında məhkumların əl işləri, eləcə də qadınların müxtəlif çeşiddə əl işləri və istehsal etdikləri bal məhsulları da maraqla qarşılanmışdır.

Ordubad rayonundan olan arıçı İsmayıl Əliyev öz arıçılıq təsərrüfatında tətbiq etdiyi təcrübəni və özünün hazırladığı arı yeşiklərini təqdim etmişdir.

Ali Məclisin Sədri aid qurumlar tərəfindən bu cür təkliflərin dəyərləndirilməsi barədə tapşırıq vermişdir.

Arıçılar Birliyinin sədri Etibar Məmmədovvə digər arıçılarminnətdarlıq edərək demişlər ki, arıçılığa göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada arıçılıq özünün inkişaf dövrünü yaşayır.Bu cür tədbirlərin keçirilməsi həm məhsul satışı, həm də arıçılar arasında təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətlidir.

Satış yarmarkasında baldan hazırlanan müxtəlif şirniyyatların, eləcə də dulusçuluq, ağacişləmə, tikmə nümunələrinin, ana arı yetişdirmə qutularının, termoplastik pətəklərin, ana arı təcridedici qurğuların, arıçıların hazırladıqları müxtəlif əl işlərinin də nümayişi və satışı həyata keçirilmişdir.

Ali Məclisin Sədri ailə təsərrüfatlarına, o cümlədən arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, bu sahədə nəşrlərin artırılması, maarifləndirici tədbirlərin davam etdirilməsi və arıçılıq mədəniyyətinin formalaşdırılması barədə tapşırıqlar vermişdir.

Satış yarmarkası oktyabrın 17-də də davam edəcəkdir.