Yol infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi muxtar respublikada əsas diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Araz kənd avtomobil yolu yenidən qurulmuşdur.
Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, ümumi uzunluğu 8,7 kilometr olan yola asfalt örtük salınmış, 600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilmiş, 38 metal boru su keçidi qoyulmuş, 370 metr beton su kanalı çəkilmişdir.
Sonra sakinlərlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Bu gün şəhərtipli kənd qurularaq sakinlərin istifadəsinə verilir. Kəndə 9 kilometrə yaxın yol salınmış, bütün evləri əhatə edən su-kanalizasiya şəbəkəsi qurulmuş, kənd və xidmət mərkəzləri, məktəb, poçt, rabitə, internet xidmətləri müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilmişdir. Görülən işlər insanların rahat yaşamasına və kəndin inkişafına xidmət edir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli Qanunu ilə Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq Araz kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il iyunun 29-da imzaladığı digər Qanunla isə Araz kənd bələdiyyəsi yaradılmışdır. Ötən dövrdə kəndin inkişafı təmin edilmiş, məskunlaşma artmış, yeni evlər tikilmişdir. Bu gün qurulanlar, istifadəyə verilənlər də kəndin bundan sonrakı inkişafını, rahat yaşayışı təmin edəcəkdir.

“Qurulanlar işin bir tərəfidirsə, bunlardan səmərəli istifadə etmək isə əsas məsələdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, sakinlər kəndin inkişafını təmin etməli, məskunlaşma daha da artmalı, torpaqlardan səmərəli istifadə olunmalı, yaşıllıqlar salınmalı, ailə təsərrüfatları inkişaf etdirilməli, bir sözlə, yaradılan şərait kəndin bundan sonrakı inkişafını sürətləndirməlidir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bu gün Araz kəndinin timsalında görünür. Həyata keçirilən işlər ölkəmizdəki inkişaf, sabitlik, dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan aparılan uğurlu siyasət nəticəsində dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.
Ali Məclisin Sədri aparılan kompleks quruculuq işləri münasibətilə sakinləri təbrik etmişdir.

Araz kənd sakinləri adından minnətdarlıq edən Əqil Sadiqov demişdir: “Kənddə fəaliyyət göstərən dövlət orqanları əvvəllər şəraiti olmayan, uyğunlaşdırılmış binada əhaliyə xidmət göstərirdilər. Ali Məclis Sədrinin qayğısı ilə kəndimizdə böyük quruculuq işləri görülmüşdür. Bu gün müasir məktəb binası, kənd və xidmət mərkəzləri, həmçinin içməli su və kanalizasiya şəbəkəsi qurularaq kənd sakinlərinin istifadəsinə verilmişdir. Evlərimizə təmiz içməli su xətti çəkilmiş, kanalizasiya sistemleri qurulmuşdur. Hər cür şəraiti olan kənd mərkəzində dövlət qurumları əhaliyə yüksək səviyyədə xidmət edəcəklər. Məktəbdə tədrisin günün tələbləri səviyyəsində qurulması üçün hərtərəfli şərait yaradılmışdır. Vaxtilə kənddə əhali ehtiyaclarını ödəmək üçün qonşu kəndlərə, ya da Naxçıvan şəhərinə üz tuturdu. İstifadəmizə verilən xidmət mərkəzi həm sakinlərin zəruri ehtiyaclarının ödənilməsinə köməklik edəcək, həm də vaxt itkisinin qarşısını alacaq. Yollarımız asfaltlanmış, kənddə müasir tipli ATS quraşdırılmış, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz və internetlə təmin olunmuşdur. Görülən işlər sakinlərin rahatlığına və yaxşı yaşamasına xidmət edir”.

Araz kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 2150 metr yeni fiberoptik kabel, 2610 metr rabitə xətti çəkilmişdir. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənmiş, 71 yeni dirək basdırılmış, müxtəlif diametrli 4515 metr kabel xətti, 6710 metr məftil naqillər çəkilmiş, 2 transformator yarımstansiyası təmir olunmuşdur. Bundan başqa 173 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 1135 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılmışdır.