Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbəlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, ölkələrimiz arasındakı hərbi əməkdaşlıqdan bəhs etmişdir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləridiqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanda müdafiə təhlükəsizliyinin təmin olunduğunu bildirmiş,İkinci Qarabağ müharibəsində Türkiyə dövlətinin siyasi dəstəyini qeyd etmişdir.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrinin ölkə Prezidentləri tərəfindən uğurla davam etdirildiyini və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş, Qars müqaviləsi və Şuşa bəyannaməsinin bu mənada əhəmiyyətini vurğulamışdır.
Göstərilən səmimi münasibətə və nümayəndə heyəti ilə görüşə görə minnətdarlıq edən Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərə Vətən müharibəsində qazanılmış tarixi qələbə münasibətilə təbriklərini çatdırmış, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir. Qonaq ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi olaraq ordu quruculuğu sahəsində görülən işlərin vacibliyini vurğulamış, Naxçıvan Muxtar Respublikasının mühüm strateji və coğrafi əhəmiyyətinə toxunmuşdur.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.