Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Əndəmic kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 nəfər işlə təmin olunmuşdur. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların sayının artırılması barədə tapşırıq vermişdir.
Sonra sakinlərlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri Aşağı Əndəmic kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə təbrik edərək demişdir: Əndəmic kəndi bu gün tamamilə abadlaşıb, yenidən qurulub, müasirləşib, insanların rahatlığı təmin olunub, bütün infrastruktur yenilənib. Bütün bunlar sakinlərin rahat yaşayışı üçündür. Kəndin çox yaxşı təsərrüfat ənənələri vardır. Heyvandarlıq, arıçılıq, meyvəçilik inkişaf etdirilir. Ailə təsərrüfatları fromalaşıb. Bunların hamısı ölkəmizin iqtisadi inkişafına, möhkəmlənməsinə, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edən amillərdir. Eyni zamanda dövlət orqanlarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Sakinlər də yaradılan şəraitdən səmərəli istifadə etməli, torpaqlar əkilməli, kəndin abadlığı qorunmalı, ərazidə yaşıllıqlar artırılmalı, təsərrüfatlar genişləndirilməlidir. Bu gün Naxçıvan şəhərində olan infrastrukturla Əndəmic kəndində olan infrastruktur arasında fərq yoxdur. Burada da insanların rahat yaşaması üçün hər cür şərait yaradılıbdır.

Ali Məclisin Sədri kənd sakinlərinə firavan həyat, uzun ömür arzulamışdır.
Aşağı Əndəmic kənd sakinləri adından minnətdarlıq edən ziyalı Tofiq Babayev demişdir: Ali Məclis Sədrinin qayğısı ilə hər bir yaşayış məntəqəsi köklü şəkildə dəyişilib, insanların rifahı üçün yeni-yeni quruculuq işləri görülür. Aparılan uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları gerçəkləşərək respublikamız cənnətməkana dönmüşdür. Həmin quruculuq işlərindən Ordubad rayonuna da pay düşmüşdür. Rayonumuzda da kompleks quruculuq işləri aparılmış, əhali dayanıqlı qaz, işıq, su ilə təmin olunmuşdur. Bu il Ordubad rayonu ərazisində Dırnıs, Kələki, Unus, Pəzməri kəndlərində kompleks tikinti-quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur. Yollar yenidən çəkilir, körpülər salınır, digər lazımi tədbirlər görülür. Bununla bərabər Ordubad rayonunda 2 su elektrik stansiyası tikilir, rayonun qədim tarixə malik olan Ordubad Cümə məscidi əsaslı şəkildə bərpa edilir. Rayon stadionu yenidən qurulub. Görülən işlər bizi ruhlandırır və sevindirir. Bu gün Aşağı Əndəmic kəndinin tarixində çox əlamətdar tarixdir. Ona görə ki, 70 il Sovet hökumətinin görə bilmədiyi işlər qısa zamanda həyata keçirilmişdir. Əndəmic kəndində məktəb, kənd və xidmət mərkəzləri tikilmiş, yollarımız əsaslı şəkildə təmir olunmuş, asfalt örtük verilmiş, kənddə müasir tipli ATS əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Bilik günündə bizə verilən ən böyük hədiyyədir.

Aşağı Əndəmic kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 1200 metr yeni fiberoptik kabel, 1800 metr yeraltı rabitə xətti çəkilmişdir. Həmçinin 2100 metr uzunluğunda izolyasiyasız hava elektrik xətti izolyasiyalı elektrik xətti ilə əvəz olunmuş, 33 dayaq basdırılmış, 14 beton gövdə bərkidilmişdir. Bundan başqa 215 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 2511 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılmışdır.