Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin I yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasını Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov giriş sözü ilə açaraq geniş məruzə edib.
Bildirilib ki, 2021-ci ilin I yarımili muxtar respublikanın ictimai-siyasi və sosial həyatına müsbət təsir göstərən əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, məhz Vətən müharibəsindən sonra, ümummilli lider Heydər Əliyevin ilk doğum günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri əhali arasında yüksək əhval-ruhiyyə yaratmaqla yanaşı, muxtar respublikanın ölkəmizin və regionun iqtisadi-siyasi həyatında nə qədər önəmli olmasını bir daha dünyaya bəyan edib.

Vurğulanıb ki, 2021-ci ilin I yarımili ərzində muxtar respublika ərazisində qeyri aşkar şəraitdə törədilmiş cinayət hadisələrinin isti izlərlə açılması və cinayət törətməkdə təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması 100 faiz təmin edilib, yetkinllik yaşına çatmayanlar tərəfindən törədilən və ya insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb. Eyni zamanda borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili istiqamətində 116 nəfər şəxsə axtarış işi açılaraq həmin şəxslərin hamısı tutulub və axtarış işinin göstəricisi 100 faiz təmin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1 cinayət və 12 inzibati fakt aşkar edilib, vətəndaşlardan 130 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursаtı təhvil götürülüb.
Bu dövrdə vətəndaş-polis münasibətlərinin qurulmasında, eləcə də ictimai asayişin tənzimlənməsində əsas amil olan polis sahə inspektorlarının fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, işin günün tələbləri səviyyəsində qurulması istiqamətində yeni metodlar tətbiq edilib. Əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 314 dəfə profilaktiki söhbət aparılıb, Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Sədərək rayonları ərazisində fəaliyyət göstərən orta məktəblərdə 86 şagirdə şəxsiyyət vəsiqələri təntənəli surətdə təqdim edilib.
Vətəndaş məmnunluğunun təmin edilməsi çərçivəsində Azərbaycanın digər bölgələrində yaşayan muxtar respublika sakinlərinin biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə hesabat dövründə Bakı şəhərinə ezam olunmuş aidiyyəti xidmət əməkdaşları tərəfindən 4098 nəfərə biometrik şəxsiyyət vəsiqəsi verilib.
Nazir 2021-ci ilin I yarımilində cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin qоrunması sahəsində əldə edilən uğurlarla yanaşı, bəzi xidmət sahələrinin fəaliyyətində nöqsanlar müşahidə olunması da diqqətə çatdırıb.
Vurğulanıb ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar bundan sonra da tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin edilərək Naxçıvanın cinayətsiz region statusu qorunub saxlanılacaqdır.
Məruzə ətrafında müzakirələr olub.
Sonra nazirliyin digər xidmət rəisləri və ərazi polis orqanlarının rəisləri görülən işlərlə bağlı məlumat veriblər.